Sona Vəliyeva: - "İnandım qayıdacağına"

Sona Vəliyeva: "İnandım qayıdacağına"

"İnandım qayıdacağına"


Sən əməliyyat otağında
Ağrının içində,
Mənsə qorxunun içində
Yer, göy qaranlığın, soyuğun,
Ümidlərim,
Dualarım göz yaşımın içində.
Boylandım hər şeyin içindən,
Sənsizliyə,
Havanın, günəşin, suyun
Özümün içindən boylandım.
Boylandım inamla
Sevgiyə, təsəlliyə,
Qəlbimlə gördüm, yer üzünün boşluğunu,
Sızıldayan ruhumla yaşadım
sənsizliyin necə olduğunu.
Qaranlıq uzandıqca, soyuq artdıqca
İnandım hər şeyin yaxşı olacağına,
Məni tək qoymayıb qayıdacağına.
Məni tənhalığa qıymayacağına
İnandım, qaranlıq olsa da
Tapmısan o qərib yerdən
Evimizin yolunu,
Bilmisən mənim tək-tənha olduğumu,
Qaranlıqda qaldığımı.
Utanıb heç kimə
Demədiyim bir şeyi
Yalnız sən bildiyindən
İnandım dönəcəyinə.
Axı tək sən bilirdin
Mənim qorxaq olduğumu,
Bu yaşımda qaranlıqdan
qorxduğumu. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !