Bu ünsiyyətsiz dünyamızda ən böyük ünsiyyəti yaşadan rəssam Arif Əziz! - FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Bu ünsiyyətsiz dünyamızda ən böyük ünsiyyəti yaşadan rəssam Arif Əziz! FOTO ( AZpress.AZ - Rüstəm İsmayılov, Minə Türksoy)

Rəng dünyasının sehrli çubuğu yox ki, istədiyin anda istədiyin hər şeyi rəngləyib bədbəxtləri xoşbəxt edəsən bu rənglərlə. Rəngin ahəngini duymaq üçün rəssammı yaranmalıdır,insan? ya rəssamın tale yollarında itib batmalıdımı insan? Düşüncələrin içində itirəm. Sanki birdən-birə real həyatdan nağıl dünyasına düşmüşəm amma hələdə anlaya bilmirəm realdayam, ya yuxuda. İlk dəfə idi orada idim. İnanın, hələdə düşünürəm ki, bu yuxu idi. Bəzən insanlar nə isə əldə edəndə onu bahalı maşınlara, villalara, nə bilim, başqa bir mala, pula çevirir. Müsahibim isə illərlə qazandıqlarını bizlərə miras qalacaq bir ocağa sərf edərək, zövqlə hazırlanmış əsl sənət evi yaratmışdır. Gözümü hara gəzdirsəm, sanki orada bir rəng dünyası, bir həyat sevdası , yaşamaq üçün bir ümüd yatırdı. Rəsmlərin gözəlliyi sanki məni birdən birə xəyal dünyasına aparmışdı. Birdən doğma bir səs eşitdim. Səsə tərəf boylandım və çox sevdiyim müəllimim Arif Əziz içəri daxil olmuşdu. Onu görcək gözlərim yaşardı amma bunu ondan gizlətməyi bacarmışdım deyəsən. Bu gün mən dünyamızın gözəl insanı, peşəkar rəssam, sevimli müəllim Arif Əzizin “Sənət Evi”ndə onun yaradıcılığını sizlərə təqdim etmək istəyirəm. Buyurun, sizdə tanış olun , sizdə tanıyın tələbələrinə ata qayğısı göstərən dahi rəssam Arif Əzizi.
Müsahibim Azərbaycanın tanınmış rəssamı, Akademik, Dünya Rəssamlıq Akademiyasının İlk azərbaycanlı fəxri üzvü, gözəl insan Arif Əzizdir.Əlbəttə ki, sizin təqdimata ehtiyacınız yoxdu. Amma yenədə istəyirəm ki, özünüzü təqdim edəsiniz.
-Özüm haqqında mən nə deyə bilərəm ki, 1943 cü ildə anadan olmuşam , məktəbi bitirmişəm, Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşam, oranı bitirdikdən sonra Moskvada Stroqanov adına rəssamlıq məktəbində təhsil almışam. Sonra Bakıya qayıtmişam. 1971 ci ildən, o vaxtlar institut idi, indiki Mədəniyyət və İncəsənət Universitetində işləyirəm. Artıq 45 ildir ki, bu təhsil ocağında tələbə yetişdirirəm.


Arif müəllim, siz Stroqanov adına rəssamlıq məktəbində oxuduğunuz müddətdə demək olar ki, yeganə azərbaycanlı olmusunuz ki, ilk peşəkar dizayner kimi oranı bitirmisiniz, həmdə Dünya Rəssamlıq Akademiyasının İlklərindən fəxri Azərbaycan rəssamı kimi üzvü olmusunuz. Bu haqda nə deyə bilərsiniz bizə? Bu necə oldu?
– Bilirsiniz, bu da taleyin bir qismətidir. Mən təhsilimi Moskvada almağa qərar verdim. Əlbəttə ki, o vaxtlar orada yaradıcılıq mühiti, münasibət başqa idi. Daxil oldum,təhsilimiyaxşı qiymətlərlə başa vurdum. Qayıdandan sonrada təbii ki, rəssamlıq sənəti çoxşaxəlidir, mən onun dekorativ-tətbiqi sənət sahəsini seçdim, qrafik dizayner kimi ilk rəssam oldum. Artıq bir neçə illərdi öz sənətimlə məşğul olur və dərs də deyirəm. Akademiya məsələsinə gəlincəo vaxtlar bizim dostlarımız xaricdən Azərbaycana qonaq gəlmişdilər, bağımda bu mühiti görəndən sonra onlar belə qərara gəldilər ki, Dünya Rəssamlıq Akademiyasının bir filialını burada açsınlar. Elədə oldu. Gördüyünüz qallereya hazırda bu funksiyanı daşıyır. Bir çoxları deyir, nəyə görə, bağınızı filiala çevirdiniz? Yəqin ona görə ki, mən çox zaman burada qalıram. Burada çalışıram və emalatxanam da buradadır. Həmdə istədim insanlar şəhər mühitindən çıxıb bağa gəlsinlər, dincəlsinlər. Həm onlar üçün yaxşı olar, həm də burda yaşayan insanlarla təmasda olarlar.


İlk işlərinizi işləməyə başlayanda kimlə məsləhətləşmişdiniz.?
-O vaxtlar, necə deyim, çox çətin dövrlər idi. 50-ci illərdə sosial vəziyyət elədə yaxşı deyildi. Müharibə şəraitindən yenicə çıxmışdıq. Mənim nənəm, anam tikmələrlə məşğul idilər. Uşaqlıq illərində onların əl işlərinə baxırdım, xoşuma gəlirdi. Nənəmin qardaşı daş oymalarla məşğul olurdu, yəni hətda o vaxtlar Bakıda tikilən evlərdə daşdan ornamentlər oyma şəklində işlənirdi. Bunlar da məni bir növ sənətə gəlməyimə həvəsləndirdi və ən başlıca amil oldu. Bilirsiniz, Abşeron gözəl yerdi , onun dənizi , küləyi , meyvələri, insanları da mənə çox təsir etmişdir. Bildiyimiz kimi siz gözəllik , idman, gənclik mövzusunda çoxlu plakatlar hazırlamısınız.

 

-Bu plakatlarda hər kəs tərəfindən bəyənilib və alqışa layiq görülüb. Sizcə dövrümüzdə elə bir plakatistlər varmı ?
-Əlbəttə, o vaxtlar sənət ideologiyadan asılı idi. Yəni 1971-ci ildə Azərbaycana qayıdandan sonra elə oldu ki, qrafik dizaynın bir qolu olan plakatla bir neçə illər məşğul oldum. Reklam plakatlarıdır, siyasi plakatlardır, idman plakatlarıdır. O vaxtlar gözəl rəssamlarımız olub plakat sahəsində, məsələn, xalq rəssamı Şahtaxtinskaya, Cabbar Qasımov və bir çoxları. O vaxtlar bu sahəyə diqqət çox idi, məndə bir rəssam kimi bu sahədə özümü sınadım. Bəzi işlərim çox yaxşı çıxdı , bəziləri zəif oldu. Ancaq məndə reklam plakatları, o zaman sənətşünasının dili ilə desək, maraqlı idi. Sonra mən həmdə foto ilə məşğul olmuşam. Gənc yaşlarımda özüm bu işlə həvəslə məşğul olurdum. Özüm çəkib, özümdə hazırlayırdım. Yəni indiki kimi deyildi, çəkəsən, aparıb çapa verəsən. Mənim həmdə foto plakatlarım var. Elə plakatlarım varki, foto qrafikayla birləşib bir sintez təşkil edir.


-Arif Əziz Türkiyə Universitetlərinin birində Gözəl Sənətlər Fakültəsinin yaradıcısı, həmdə müəllimi kimi çalışdınız, yüksək hörmət göstərirdilər Sizə orda, hər şey yaxşı gedirdi, bəs nə üçün geri döndünüz?
-Mən doğma Azərbaycanı, Bakını çox sevirəm. Orada uzun müddət işlədim , hər şərait var idi , yuksək hörmət göstərirdilər. İstər maddi, istərsədə hər cəhətdən qanedici idi. Ancaq elə oldu ki, birdən fikrimi dəyişdim və qayıtdım. Çox çətinliklə ordan çıxdım açığı. Nə isə olan oldu, amma mən çox sevindim ki, qayıdıb gəldim. Döndükdən sonra bəlkə də özümü yenidən tapdım.Yəni yenədə həmin mühit , öz insanlarımız, yenə sevdiyim dəniz, Bakının küləyi, İçərişəhəri, bəlkədə bu sözləri çox rəssamlar deyirlər, məndə onlardan biriyəm kimi, vətənimin hər bucağında ilham alıb daha gözəl əsərlər yaradıram. Həmdə onu qeyd edim ki, ailəm də Azərbaycanda idi və bu da əsas səbəblərdən idi.


-Sizə belə bir sual ünvanlandırmaq istəyirəm. Olduqca yuksək intellektə maliksiniz, bir çox insanlar tərəfindən rəğbətlə qarşılanırsız, hər vəzifəyə yaraşacaq xarizmanız var. Nəyə görə siyasətçi yox, hüquqşünas, həkim yox, rəssam oldunuz?
-(gülümsəyir) Mən hər zaman, hətta yenidən anadan olsaydım, yenə rəssam olardım, yenə də sənəti seçərdim. Sənət insanı yaşadır, sənət insanı yüksəldir. Mən bu yaşıma qədər hər zaman çalışdım . İndidə bağda qalıram və sənətimlə məşğul oluram və demək olar ki, özümü çox gözəl hiss edirəm. Çalışdığım Universitetdə çox gözəl insanlar işləyir, onlarla təmasda olmağı sevirəm. Mən müstəqilliyi daha çox sevən insanam. Özüm istəyirəm ki , kimsədən asılı olmayım. Asılı olmamaqda nədir? Firçadır, boyadır, birdə mənim palitramdır ki, məndə yalnız onlardan asılı ola bilərəm. Onlarla təmasda olanda mən daha çox xoşbəxt oluram. Yenədə deyirəm ki, elə bir seçimim olsaydı, mən yenə rəssam olardım.


-Arif müəllim, heç sənətinizə, şəxsiyyətinizə paxıllıq edən olubmu ki, üzünüzə gülsünlər, ancaq arxada paxıllıq etsinlər?
– Nə bilim, vallah mən hər zaman sənətimlə məşğul olmuşam , kimsə ilə işim olmayıb. Bəlkədə o da yaxşıdır ki paxıllıq olmasa inkişaf olmaz. Nə deyim, həyatdırda, məni sevədə olub, sevməyəndə olub. Mən belə şeylərə fikir verən insan deyiləm. Onlar mənim üçün ani olaraq pis bir şey kimi gözümə görünürlər, pis bir səs kimi qulağımda eşidilirlər vətez də yox olurlar. Adətən çalışıram belə insanlardan uzaq olum, heç onları görməyim. Yenə də deyirəm, mənim görüşdüyüm insanlar mənim sevdiklrim və məni sevən insanlardır, boyalarımdı , emalatxanamdı və sənətimdi, gözəl musiqimdi.


-Hər zaman tələbələrin sevimli müəllimi olmusunuz, qayğı göstərmisiniz. Bəlkə oxucularımızın çoxu bilməsə də mən bunu sizdən dərs alan bir tələbə kimi çox gözəl bilirəm və hər zamanda sizdən dəstək görən bir tələbə olmuşam.Bu qədər sevgi qazanmaq, bu qədər istəyi qazanmağı necə bacarmısınız?
– Sevimli olmaq da bir vergidir.Yəni həyatda insan doğulur ki, hər zaman yaxşılıq etsin, insanlarla ünsiyyətdə olsun, bilirsiniz necədir bəlkədə bəzi müəllimlər bunu başa düşmək istəmirlər, və ya başa düşürlər amma əməl etmirlər. Doğrudan da elə tələbələr var ki, mən 45 ildir dərs deyirəm, görürəm və sevinirəm ki, onlar məndəndə yaxşı inkişaf ediblər. Onların çoxunun artıq mövqeləri var. Bəziləri xaricdə çalışırlar və onlar mənə zəng edib deyəndə ki, Arif müəllim, biz sizdən çox şey öyrənmişik, bu mənə çox qurur verir. Bilirsinizdə, mənim emalatxanama hər zaman tələbələr gəliblər, onlar emalatxanama yığışanda mənim üçün bayram idi sanki. Əlbəttə, çox istedadlı tələbələr var.Elə bir tələbə yoxdur ki, onda hansısa bir istedad olmasın. Əlbəttə, müəllimin borcudur onu inkişaf etdirsin. Buradan da müəllim tələbə arasında gözəl münasibət yaranırsa, o zaman tələbə müəllimini sevəcək. Çünki , tələbənin evdən sonra ikinci ata-anası universitetdə müəllimləri olmalıdır.


-Arif Bəyaz. Sizi belə də çağırırlar , bu adı sizə kim verib?
– Bu sualı mənə çox veriblər.Əslində heç sevmirəm insanlar özlərinə ad verirlər. Onu gərək sənə işlədiyin yerdə, öz işlərində bunu görən sənətşünaslar, istər qeyri bu sənətə yaxın insalar ad versələr, bu daha düzgün olar məncə. Məsələn, mən Türkiyədə işləyən zaman və orada işləməzdəndə öncə, birdən-birə keçdim ağ rənglərə və elə olurdu ki, nə işləyirdimsə, ağ rənglərdən daha çox istifadə edirdim. Əsərlərimin 90% i ağ rənglərdə idi. İstanbulda çox sərgim olub. Bir dəfə bu sərgilərin birində çıxış edənlərdən bir nəfər dedi ki, onunəsərlərinin çox hissəsini bəyaz rənglər təşkil edir. Qoy elə adıda Arif Bəyaz olsun. Elə də oldu və çox yerlərdə yazıldı Arif Bəyaz. Bir çox Türkiyə kanallarında işıqlandırdılar. O vaxtdan Bəyaz təxəllüsü yarandı. Sonra bu, 12 il belə qaldı, sonra mən yenə dəyişdim . Artıq demək olar ki, mən yalnız ağ rənglərlə işləyə bilmirəm. Hər bir insan hər mühitdə bir əhvalda olur. Mən də əsərlərimi yaradanda o əhvalatın təsirində oluram. Bu gün görürsünüzmü necə havadı, sakit günəşli, ancaq sabah ola bilər ki yağışlı, küləkli olsun. İnsanın da dəyişilməsi bunlar mühitlə əlaqəlidir. Buda insana təsir edir. Mənimdə hissiyyatım güclüdür. Heç sevmirəmki, insan bir şeyin üzərində illərlə çalışsın. İnsan, xüsusəndə sənətkar hər zaman axtarışda olmalıdır. Hər zaman eksperiment aparmağı sevirəm, bu yolla elə bil təzələnirəm, həyata yenidən gəlirəm və özümü yenidən tapıram.


-Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı?
– Mənim 3 övladım var. Üçü də qızdır.Üçü də rəssamdır. Öz yolları ilə çalışırlar, sevdikləri sənətdir. Onlar da mənim kimi deyirlər ki , nə yaxşı ki, bu sənəti seçmişik.


-Arif Əziz gözəl insan, yaxşı həyat yoldaşı, qayğıkeş ata, sevilən müəllim, dəyərli akademik ya mehriban baba?
– Nə gözəl sözlərdir? Bu sözləri mənim üçün deyirsiniz?


-Siz bundanda dəyərli sözlərə layiqsiniz, əziz müəllimim.
– Çox sağ olun təşəkkür edirəm. Əlbəttə, mən artıq babayam, mənim beş nəvəm var.Çalışıram ki, onları hər gün görməsəm də heç olmasa iki gündən bir, həftədə bir dəfə yaxud doğum günlərində görüşürük, bəzən özüm gedirəm. Çox vaxtı demədən gedirəm görməyə, çox sevinirlər. Bəzən nəvələrim mənə zəng edəndə, hətta lap kiçiyi, danışa bilməsə də səsini çıxardanda düşünürəm ki, demək ki, bu həyatı mən boş-boşuna yaşamadım. Bilirsinizmi, sənətkar ola bilər insan , ancaq ailə başçısı olmaq gözəl tərbiyə verməyi hər kəs bacara bilməz. Düzdür 90% övladlarıma tərbiyəni həyat yoldaşım verib ancaq hardasa mənim yəqin ki, bir rolum olub. Allahdan insan nə istəyər ki, övladlarım var, nəvələrim var, gözəl ailəm var, buda mənim ən böyük xoşbəxtliyimdir.


-Arif müəllim, qalereyanı gəzərkən hər keçdiyimiz otaqlarda piano gördük, yəni siz musiqi ilə də məşğul olursunuz?
– Mən musiqi ilə məşğul olmuram, həyat yoldaşım məşğul olur, gözəl pianoda ifa edir, hər gələndə də mənim üçün ifa edir, məndə ilhamlanıram. Ancaq prinsip baxımından musiqini hər bir insan sevdiyi kimi məndə çox sevirəm. Üzeyir Hacıbəyova, Fikrət Əmirova qulaq asıram. Mən orqan musiqisini çox sevirəm. Lakin insan hər zaman dəyişik bir şeylərə qulaq asmalıdır.


-Hər kəsə məlumdur ki ötən il Berlində sərginiz oldu. Bu haqda nə deyə bilərsiniz?
– Mən Almaniyada bir neçə dəfə olmuşam. Mənim ilk sərgim orada 1993-cü ildə olmuşdu. Düzdür, mən gedə bilməmişdim. O vaxtlar İranda sərgi açmışdim. Elə oldu ki, mən İrana getdim. Ordakı insanlar bilirsiniz necədi? Onlar sənətə sənət kimi qiymət verirlər. Rəssamlıq elə bir sənətdir ki, bunu yalnız hissiyyatı olanlar başa düşüb anlaya bilərlər. Bunun üçün dünyagörüşün olmalıdı, dünyada baş verən cərəyanları bilməlisən. Fransada da gözəl sərgim açılmışdı. Berlində üç şəhərdə səfirlikdə sərgim oldu. Berlində mən də sərgimdə oldum. Çox insanlar gəldi, bizim Azərbaycan Diasporasından da, orada yaşayan azərbaycanlılar gəldilər. Tələbələrim vardı orada, onlar gəldilər. İlk gün gözəl bir salonda keçirildi, 70 nəfərə yaxın qonaq çıxış etdi. Birinci gün sərgi sənətsevərlər üçün idi, ikinci gün isə kim istəyir gələ bilərdi.Həqiqətən, ikinci gündə gördüm ki, çox insanlar yenə gəlirdilər. Hər kəs işlərə diqqətlə baxırdı. Ümumiyyətlə mən xaricdə sərgi açanda özümü çox yaxşı hiss edirəm. Sənət başqa dünyadır. Sənətə boş baxmaq lazım deyil, onun dərinliyini anlamaq lazımdır. O demək deyil ki, mən sərgiyə gəldim, hər kəs də gördü ki, mən iştirak etdim. Ola bilər ki, sən 3 gün sonra gələsən və əsərlərə tək özün baxasan və sənəti dərk edəsən. Amma yenədə gələcəkdə istəyirəm qalereyamda sərgi açam sağlıq olsun. Bu yeri ki, mən yaratmışam, Sənət evi adlanır. Demək olar ki, qohumlarım hamısı sənət adamlarıdı, rəssamdırlar məsələn, Şənbə günləri gəlirlər bura, otururuq söhbət edirik, çay içirik şəkillərə baxırlar. Məsələn, bu gün siz bura gəldiniz, məni çox sevindirdiniz. Yəni siz burda olmamışdınız, tələbəm olmağınıza baxmayaraq. Bazar günü gəldiniz bir istilik gəldi mənim ocağıma. İndi buranı gördünüz, nə fikirdə olacaqsınız, hansı təəssüratda qayıdacaqsınız, onu deyə bilmərəm. Ancaq prinsip baxımından bura mənim məkanımdı. Mən belə yaşayıram.Mən bu cür yaşamağı xoşlayıram.


Yəni Arif müəllim, biz gəldik gördük buranı . Adını Sənət Evi adlandırmısınız. Həqiqətən sənət evidir.
– Mən sizə deyim ki, çox rəssamlar gəlir bura, başqa sənət sahibləridə gəlirlər bura, müğənnilər gəlir bura. Bu yaxınlarda hardasa sentyabr, oktyabr ayında bir xarici müğənni gəlmişdi, bizim trio ilə iştirak etdi burada.Kliplərini çekdirdilər bu həyətdəvə xarici televiziya kanallarında göstərirlər. Mən düşünürəm ki, rəssam öz emalatxanasında işləməlidir və onun yanına gəlib əsərlərinə baxsınlar. 10 nəfər gəlsin əsərlərə baxsınlar. Onlar desinlər belə bir rəssam var, bu cür əsərlərin müəllifidir.
sənət elə bir şeydir ki, axır əvvəl əsl sənətkarlar özlərini tanıdacaqlar .


-Arif müəllim, belə bir sualla müraciət etmək istəyirəm ki, bildiyimiz kimi mənfur qonşularımız, hər zaman bizlərdən nə isə oğurlayıb özünküləşdirən ermənilər öz sənətkarlarını daha çox təbliğ edirlər, nəinki biz. Sizcə sizin kimi rəssamı təbliğ etmiriksə, o zaman sizində əsərləriniz nə vaxtsa oğurlanarsa, bu düzgünmü sayılar?
– Siz o adını çəkdiyiniz qonşular ki, onların adını da çəkmək istəmirəm. Onlar hər zaman oğurluqla məşğul olmuşlar, hər zaman naqislik etmişlər. Bilirsiniz bu millətin mayası belə yoğrulub.Onlar ümumiyyətlə çox həyasız bir millətdirlər.


-Bilirsinizmi, nəyə görə deyirəm? Ola bilər Arif Əziz Fransadamı, və yaxud qeyri bir dövlətdə sərgisini keçirdir və ora gələn bu mənfur istədiyi əsəri oğurlayıb öz adından təbliğ edir. Əgər bizim gənclərimiz, uşaqlarımız Arif Əzizin əsərlərindən xəbərsizdirlərsə və xarici bir ölkədə yaşayırsa öz rəssamının hüququnu müdafiə edə bilmirsə, bu nədərəcədə məqsədəuyğun ola bilər?
– Belə hallar çox baş verir.Mən sizi başa düşürəm. Təbliğ belədirdə mən özüm özümü təbliğ edə bilmərəm. Bax siz bu gün gəldiniz buraya, bu artıq təbliğin bir başlanğıcıdır. Yəni mən hec vaxt heç kimə demərəm ki, mən belə rəssamam, belə əsərlərim var.O ki, qaldı ermənilərə, onlar ömrü boyu bizdən nə isə oğurlayıblar. Torpaqlarımızı demirəm, hətta bizim musiqimizi, xalçalarımızı və başqa dəyərlərimizi. Bu sözlər danışılıb, mən təkrar etmək istəmirəm. Doğrudur, bunun qarşısını alırlar ancaq, buna baxmayaraq onlar yenədə həyasızcasına öz əməllərinə davam edirlər. Ancaq qaldı təbliğ etmək üçün sizin kimi cavanlar gəlməlidirlər, baxmalıdırlar və görməlidirlər. Siz gərək gəlib görəsiniz ki, belə bir rəssam var.


-Yəni gələcəkdə biz bura istər gənclərimizi, istər körpələrimizi cəlb etsək ki, onlarda Arif Əzizi tanısınlar bir problem olmaz yəqin ki?
-Mən sizə belə bir söz deyim ki, məhz buranı mən ona görə Sənət evi adlandırmışam ki, hər kəs gələ bilsin. Bura hər zaman tələbələr müəllimlər və başqa insanlar da gəlirlər. İndi, məsələn, qışdı, çox gələn olmur, amma yenədə gəlirlər. Ancaq aprel ayından buraya demək olar ki, axın başlayır.Çünki, havalar isinir, insanlarda həyətdə təmiz havada oturub zövq alırlar.


-Əlbəttə ki, Arif müəllimin nə təbliğə, nə də ki,təqdimata ehtiyacı yoxdur. Yəni yetərincə tanınan bir simasınız. Ən azından Azərbaycanın fəxrisiniz , Akademiksiniz rəsamlıq sahəsi üzrə ki , məncə rəssamlıqla məşqul olan hər kəs tanımalıdır.
– Təbii tanımalıdırlar. İndi o uşaqlardan asılıdır ki, Arif müəllimi necə tanıyacaqlar. Məsələn, bu gün gəldiniz, birinci dəfədir buradasınız , ikinci dəfə gələndə bir başqa olacaq bura. Ağaclar çiçəkləyəcək, meyvə verəcək , hər tərəf yaşıllıq olacaq, bunlar da hamısı mənim üçün duyğusal bir haldır.Hissiyatlı insan olduğum üçün mən bunlarla yaşayıram. Gərək gənclər özləri başa düşsünlər ki, onlara nə lazımdı. Hal hazırda insanlar arasında ünsiyyət boşluğu var. Ancaq görüşəndə salam, gedəndə sağ ol deyirlər.Mən yenədə deyirəm, mənim qapım hər kəsin üzünə açıqdı , yetər ki, gənclərimizə bir faydamız toxunsun.


-Arif müəllim, bəlkə gənclərin bu gün bu vəziyyətə düşməsinin səbəbi telefonlar, sosial şəbəkələr, kompyuterlər , planşetlərdir?
– Mən sizinlə razıyam çünki, durub bir saat yol qət edib bura gəlməkdənsə , internetə vurur Arif Əziz çıxdı, baxır görür bununla da məsələ aydındır. Ancaq əsas ünsiyyət yoxdur. İnanın mənə.Bir yerdə tanışlarla görüşürük. Salam, necəsiniz? Evdəkilər necədi? Siz necəsiniz? Qurtardı. Bununla ünsiyyət bitdi.Belədə həyat davam edə bilməz axı? Ünsiyyət üçün vaxt tapmaq lazımdır. Çünki bu qısa ömrümüzü dəyərli yaşamaq lazımdır. Vaxt, vaxt, vaxt...İnternet yaxşıdır , müasirlikdir, bəzi faktları tapmaqda kömək edir. Yalnız həyat bununla bitmir. Biri var muzeyə özün gedirsən, hər bir şeyi yaxından canlı görürsən, biridə var internetdə. Burada çox böyük fərq var. Görmək lazımdır. Hiss etmək lazımdır. Həyat budur. Həyatı hiss edib yaşamaq lazımdır. Onsuzda Allah nə qədər ömür verir, o qədər yaşayacayıq. Ona görə hər gününü elə bölməlisən ki, ömrün hədər getməsin. Beynin ancaq yaxşı şeylərlə dolsun. İnsan mənfi yox müsbət aura ilə yaşamalıdır. Mən elə insanlarla görüşürəm ki, onlardan ilham alıram, onlarla mənə xoş olur. Bu son 10 ildə mənim iş rejimim, yaşam rejimim tam dəyişib. Görürsünüz, necə sakitdir bura? Bu sakitlik hər şeyə dəyər.


-Rəflərinizdə çox sayda kitablar görürük kitab oxumağı sevirsinizmi?
– Ancaq rəssamlıqla bağlı kitablardır. Onlar rus dilində, alman ,fransız və başqa dillərdə olan kitablardır. Axır vaxtlarda da Azərbaycan rəssamları haqqında da başlayıblar kitab yazmağa. Artıq tələbələrimiz bu kitablardan yararlanırlar. Məndə həmçinin kitaba baxmasam , informasiya almasam, necə dərs deyərəm. Tələbə məndən güclü olmamalıdır axı.Tələbə məni ona görə sevir ki, o məndən nəsə öyrənə bilir. Bu hələ kitablarımın bir hissəsidir. Mənim şəhərdə də kitablarım var.Ümumiyyətlə biz ailəliklə kitab sevənik. Yəni Yoldaşımda kitabla çox maraqlanır .O filoloq – şərqşünasdır, bir neçə kitabın müəllifidir.


-Arif müəllim, belə bir söz var ki, əsl müəllim öz müəllimini keçməlidir, özündən sonrada özünü keçəcək tələbə yetişdirməlidir.
– Bəli, elə bir söz var.Ancaq mən bilirəm ki, mənim tələbələrim, demək olar ki, məndən hər tərəfliyaxşıdırlar. Gözəl rəssamdırlar, gözəl dizaynerdilər, gözəl insandırlar, gözəl ailə başçılarıdır.Mən onlara baxıb sevinirəm. Çünki mən müəlliməmsə, tələbədə gələcəkdə məndən üstün deyilsə, deməli, mən pis müəllim olmuşam.


-Arif müəllim, hər bir sənərkarın yaratdığı əsər ona övladı qədər əzizdir.Əsərlərinizin arasında elə bir əsər varmı ki, onu heç kimə verməzsiniz və ya heç vaxt satmazsınız?
Mənim əsərlərim hamısı mənim üçün eynidi. Hamısını eyni sevirəm. Lakin bəzi əsərlər çətinliklə alınır, gecələr yatmıram, üzərində işləyirəm. Bəzilərini işləyərkən əsəbləşmişəm, istədiyim kimi alınmayıb.İndi mənim depomda o qədər belə yarımçıq əsərlərim var ki, nə vaxtsa onları yenidən işləyəcəm. Bəzən elə yarımçıq işlərim olur ki, deyirlər o işi Arif müəllim verin bizə, deyirəm bitməyib,deyirlər çox xoşumuza gəlir. Bəzən ola bilir ki, sənin üçün bitməyən bir iş başqası üçün bitmiş hesab oluna bilər. Məsələn, mənim müəllimim olmuş Böyükağa Mirzəzadənin elə işləri var ki, kətan özü qalıb rənglənməyib, amma əsər o qədər gözəl görünür ki... Bu artıq böyük rəssamlıqdı dahilikdi.Bəzən yarımçıq işlərdə yaxşı baxılır.


-Arif müəllim, sonda sizə hansı sualı ünvanlandırmağımı istərdiniz. Daha doğrusu gözləyirdiniz ki, o sualı səsləndirək, amma səslənmədi?
Mən istərdim ki, insanlar istər rəssamlar haqqında, istərsənət adamları haqqında daha çox bilsinlər, tanısınlar.Yenə də deyirəm insanlar arasında ünsiyyət ən başlıca amildir. İçərişəhəri gəzin,oranın aurası başqadı, orada dahilər yaşayıb. Oranın memarlığını dahilər yaradıb, xalq yaradıb. Qapım üzünüzə hər zaman açıqdı, hər zaman samovar çayım var. Bu gün mənə çox xoş oldu. İndi bilmirəm bəzi sözləri oradan çıxardacaqsınız ya yox , amma mən nə var, hamısını danışdım. Bəlkə də bəzi şeyləri deməliydim demədim. Lakin həyatda əsas xətlər var ki, mənim də qırmızı xətdim var ki , çalışıram o xətdən çıxmayım. Çünki insanın öz yaşam konsepsiyası olmalıdır. Sənətkar üçün çox çətindir. Öz tələbəmi gördüm , keçən günləri xatırladıq, ünsiyyət qurduq , bundan artıq nə ola bilər bir insan üçün. Bir müəllimin bu hörmətə layiq görülməsi ancaq insanı xoşbəxt edə bilər.


-Təşəkkür edirik Arif müəllim bizi “Sənət evi”nizə qonaq etdiyiniz üçün.
– Mən də sizə təşəkkür edirəm ki, məni bu soyuq, amma günəşli qış günündə görməyə gəldiniz. Minnətdaram.

 


-Biz bəzən hansısa tanınmışinsanlardan müsahibə götürdüyümüz zaman bəzi redaktələr edirik. Bu gün isə ilk dəfə bu müsahibəni qısaltmadan , redaktə etmədən , olduğu kimi sizlərə çatdırmaq istədim. Çünki, hər sözündə bir öyüd, hər kəlməsində bir hikmət var idi bu dahi rəssamın. Gileyləridə var idi. Ancaq nə var-dövlətdən , nə mal-mülkdən , nə də şöhrətdən. Onun bir gileyi var idi: o da insanlar arasında ünsiyyətin pozulması, sevgilərin azalması, həyatını mənasızlaşdıran gənclərdən. Onunla söhbət çox xoş idi. Çünki, o sadəcə rəssam deyil, həmdə gözəl pedaqoq, sevimli müəllim idi. Sənət evinin ecazkar mənzərəsini bizə göstərdi.Əsl sənət ocağı yaratmışdı kiçik bağında. Axı internetdə olan məlumatlar sizə Arif Əzizi bu qədər tanıda bilməz. Bu həyatda nə üçün yaşadığınızı düşünün, vaxtınızı mənasız boş işlərə sərf etməyin. Axtarın, araşdırın, tanıyın bu cür dəyərini hələ anlamaq gücünə malik olmadığınız insanları. Bilin ki, dahilər hər dəqiqə yaranmır. Onlar Allahın seçilmiş şanslı bəndələridir. Bəzi söhbətlər var idi ki, bizim onu yazmağımızı istəmədi Arif Əziz. Bu da onun böyüklüyünün bir nümunəsidi. Ancaq mən qeyd etmək istədim ki, bu varlığın böyük ürəyini, kövrək qəlbini hamı duysun, hamı bilsin. Hər kəsə sevimli müəllim olmaqla yanaşı, o tələbələr üçün həmdə əsl atadır. Özü bu haqda demək istəməsədə araşdırma nəticəsində öyrəndik ki, o, hər zaman tələbələrinə dayaqdır. Budur əsl insanlğın ən dəyərli nümunəsi. Məncə İnsanlıq deyəndə ancaq belə müəllimləri xatırlamalıyıq.
Arif Əziz – özü qədər dəyərli, duruşu qədər zadəgan müəllimim. Sizə ömrünüzün ən gözəl çağında ancaq can sağlığı, uzun ömür arzu edirəm. Ömrünüz uzun olsun, yaşayın, yaradın ki, gənclərimiz sizinlə bəhrələnsin, sizinlə uğura doğru addımlasın. Siz bu sənətin parlayan günəşi, işıq saçan nurusunuz. Siz yaşayın ki, dünyamızda nura boyansın. Mən müəllim deyəndə mənə dərs deyən yox, mənə düzgün yol göstərən insanı xatırlayıram. Arif Əziz məhz o insanlardan, o müəllimlərdən, o rəssamlardandır ki, hər zaman hörmətlə, şərəflə ürəklərdə iz buraxacaq.

 


AZpress.AZ, Minə Türksoy.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !