Lənkəran şəhərində cəbhədə döyüş ruhunun artırılması məqsədilə silsilə tədbirlər keçirildi - FOTO

Lənkəran şəhərində cəbhədə döyüş ruhunun artırılması məqsədilə silsilə tədbirlər keçirildi FOTO

Aprel ayının ilk günlərində təmas xəttində erməni işğalçılarının fəallaşması nəhayət ki, layiqli cavabını aldı. Rəşadətli Azərbaycan əsgəri özünün nifrətini də gülləyə, mərmiyə qatıb düşmənin üstünə yağdırdı. Bu cür kəskin əks zərbələrdən düşmən sarsıldı və ciddi itkilər verməyə başladı. Xarici havadarları olmadan duruş gətirə bilməyən düşmən əsgərləri səngərləri, mövqeləri, qəsb etmiş olduğu kəndləri qoyub qaçmağa üz tutdu. “Torpaq uğrunda ölən varsa, Vətəndir”! “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ bizimdir, bizim olacaq!” devizləri altında Lənkəran şəhər Mədəniyyət Mərkəzində, ərazi üzrə Klub Filialları Birliyində, Mədəniyyət Mərkəzinin bütün klub filiallarında, Kənarmeşə Sə­nət­karlıq Evində, Mamusta Folklor evində, Liman şəhər Folklor və Haftoni qəsəbə Sənətkarlıq klublarında hərbi-vətənpərvərlik mövzusunda tematik tədbirləri keçirildi.

Cəbhədə şiddətlənən qanlı döyüşlərdə şəhidlərimiz də az olmadı. Elə şəhid oğullardan ikisi Azərbaycanın dilbər guşəsi Lənkəranın qismətinə düşdü. Cil kəndindən olan şəhid Əlizaman Fərrux oğlu İslamovun, Hirkan qəsəbəsində doğulmuş gizir Rusif İbrahim oğlu Ağayevin dəfn mərasimi keçirildi. Hər iki mərasimə Lənkərandan olan Milli Məclis üzvləri, rayon rəhbərliyi, hərbçilər, on minlərcə lənkəranlı toplanmışdı. Şəhidlərin tabutu “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Lənkəran oyaqdı, Qarabağa dayaqdı!”, “Hər yer Qarabağ, hər yer cəbhədir!” şüarları ilə qarşılandı. Cənazə yürüşünə yol boyu bütün həyətlərdən insanlar qatılır, şüarlar səslənir, tabutlara doğru çiçək səpilirdi.

 

Balakən rayon Mədəniyyət və Turizm Şöbəsi “Ordumuz qürur mənbəyimizdir” adlı tədbir keçirdi

08 aprel 2016-cı il tarixdə Balakən Mədəniyyət və Turizm Şöbəsinin təşəbbüsü ilə rayon Mədəniyyət Mərkəzində son günlər cəbhədə baş verən hadisələrlə bağlı “Ordumuz qürur mənbəyimizdir” adlı tədbir keçirildi. Tədbirdə rayonda fəaliyyət göstərən bütün mədəni-maarif müəssisələrinin işçiləri iştirak edirdilər.

Əvvəlcə ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Balakən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ş. Hacıyeva xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək əsgərlərimizin cəbhə xəttində erməni işğalçılarına layiqli cavab verdiyi haqda söz açdı. Gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hislərinin daha da artırılması, ordu hissələrində xidmət göstərən əsgər və zabitlərə ruh yüksəkliyinin və qələbəyə inam hislərinin aşılanması sahəsində mədəni-maarif müəssisələrinin fəaliyyətinin daha da gücləndirilməsinin olduqca vacib olduğunu vurğuladı. Həmçinin o, qeyd etdi ki, bu istiqamətdə maarifləndirmə tadbirlərini yalnız rəsm, mahnı və bədii qraət müsabiqələri ilə kifayətlənməklə olmaz, torpağlarımızın azadlığı və bütövlüyü uğrunda vuruşan qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş dəyirmi masalar, görüşlər sıx-sıx keçirilməli, vətənpərvərlik mövzusunda dəyərli əsərlər yaradan yazıçı və şairlərin yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, kitab müzakirələrinə geniş yer verilməsi günün vacib tələblərindəndir. Bununla yanaşı hər bir müəssisədə Vətən yolunda şəhid olmuş həmyerlilərimizin fotoşəkillərindən ibarət sərgi və stendlər təşkil olunmalı və şəhid ailələri ilə görüşərək onlara ruh yüksəkliyi və dəstək vermək hər birimizin vətəndaşlıq borcudur.

Daha sonra tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev, şairə-publisist Tahirə Sultan, mədəniyyət işçisi, əsgər anası Tərlan Əliyeva, tarix-diyarşünaslıq muzeyinin elmi işçisi Etibar Çompuzov, Vətən torpağın müqəddəs nemət olmasından, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu, ordumuzun gücünün və döyüş əzminin yenilməzliyi haqqında ətraflı çıxış etdilər. Gənc mədəniyyət işçilərindən–şəhər 1 saylı klubunun müdüri Turan Musayev, H.Əliyev Mərkəzinin elmi işçisi Taleh Şahverdiyev Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını və lazım gələrsə torpaq uğrunda son damla qanına qədər vuruşacaqlarını bildirdilər.

Tədbir mədəniyyət işçiləri tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya ilə başa çatdı. Bədii hissədə Katex kənd folklor evinin hazırladığı səhnəcik nümayiş etdirildi, Turan Musayevin gitarada müşayət ilə "Cənab letenant" mahnısı, Arzu Ocaxverdiyevin ifasında Məmməd Arazın "Ayağa dur, Azərbaycan!" şeri səsləndirildi.

 


“Vətənimizə dəstək olaq” mövzusunda elmi seminar keçirildi

8 Aprel 2016 – cı ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzində “Vətənimizə dəstək olaq” mövzusunda elmi seminar keçirildi.

Seminarın açılışında Mərkəzin elmi katibi Hüseyn İbrahimov ölkəmizdə baş verən olaylara münasibət bildirdi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin baş metodisti Məftun Qulamova “Müasir dövrdə vətənpərvərlik və tolerantlıq” adlı çıxışında tolerantlığın yaranması, inkişafı, ənənlərindən söhbət açdı. Iştirakçı həmçinin 2008-ci ildə Azərbaycanda ilk dəfə keçirilən tolerantlıqla bağlı konfransdan, bu konfransda qərb ölkələrinin iştirakından bəhs etdi.

Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin baş metodisti Elnarə Hacıyeva isə “Gənc və yeniyetmələrin intellektual inkişafında mədəniyyət müəssisələrinin rolu” adlı məruzəsində müasir dövrdə bir sıra sahələrlə yanaşı mədəniyyət sahəsinin inkişafından, həyata keçirilən beynəlxalq səviyyəli proqramlardan və onların təcrübələrindən danışdı. Habelə bu gün inkişaf etmiş Azərbaycanda həmin ölkələrin metodlarından necə yararlandığından söhbət açdı.

Elmi araşdırmalar şöbəsinin metodisti Aynur Həsənova “Dilin ictimai aktuallığı” adlı məruzəsində azərbaycan dilindən söhbət açaraq filosofların dil haqqında dediklərindən, onun tətbiqindən, zənginləşdirilməsindən, qorumasından, istifadə qaydalarından və bölgələrimizdəki dialektlərdən danışdı.

Sonda seminarın mövzuları ilə bağlı bir sıra maraqlı fikirlər söylənildi. Mərkəzin direktoru Asif Usubəliyev multikulturalizmlə, tolerantlıqla, vətəndaşlıqla bağlı fikirlərə münasibət bildirərək Azərbaycan multikulturalizminin ölkə diplomatiyasının brendi olduğunu qeyd etdi və ölkəmizin dövlət siyasəti, “müxtəliflərin birliyi” olduğunu vurğuladı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !