Lənkəran Dövlət Universitetinin tələbələri ordumuzla qürur duyur - FOTO

Lənkəran Dövlət Universitetinin tələbələri ordumuzla qürur duyur FOTO

Lənkəran Dövlət Universitetində (LDU) son günlər Ermənistan silahlı birləşmələrinin cəbhə bölgəsində törətdiyi təxribatlarla əlaqədar mitinq keçirilib.

AZƏRTAC xəbər verir ki, LDU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən mitinqdə 1500-dən çox tələbə iştirak edib.

Əllərində “Azərbaycan əsgəri, biz səninlə fəxr edirik!”, “Erməni əsgəri, rədd ol Azərbaycan torpağından!”, “Torpaq uğrunda ölən varsa, vətəndir!”, “Azərbaycanın hər bir əsgəri Mübarizdir!”, “LDU tələbələri Prezidentimizin ətrafındadır!” yazılmış şüarlar tutan tələbələr Azərbaycan bayrağını dalğalandırıblar.

Mitinqdə çıxış edən LDU Tələbə Gənclər Təşkilatının sədri Emin Həmidli son günlər erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozduğunu və düşmən təxribatlarının intensiv xarakter daşıdığını bildirib.

Tədbirdə çıxış edən tələbələr qeyd ediblər ki, bu gün Azərbaycanın dövlət müstəqilliyini qoruya bilən güclü, etibarlı Milli Ordusu var. Ermənistan işğalçıları ilə üz-üzə dayanmış ordumuzun hərbi qüdrətinin nəyə qadir olduğuna bir daha şahidlik etdik.

LDU-nun əslən cəbhə bölgəsindən olan ikinci kurs tələbəsi Günel Şirinovanın çıxışı gurultulu alqışlarla qarşılanıb. O deyib: “Ailəmiz Ağcabədi rayonunda məskunlaşıb, amma geri çəkilməmişik. Biz şanlı ordumuza arxalanırıq. Vətən, torpaq, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş igidlərimizin həyat yolu biz gənclərə nümunədir”.

Mitinqdə qəbul edilmiş qətnamədə tələbələr Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini, ölkəmizin başçısının ətrafında sıx birləşdiklərini bəyan edərək Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılmasını qətiyyətlə tələb ediblər.

Mitinqdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Nizami Yusubov belə bir tədbirin Tələbə Gənclər Təşkilatı tərəfindən keçirilməsinin təqdirəlayiq hadisə olduğunu vurğulayaraq əminliklə söyləyib ki, universitetin gəncləri Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə hər an hazırdırlar.

Sonda tələbələr “Azərbaycan əsgəri” sözlərindən ibarət flaşmob nümayiş etdiriblər. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !