Sərxan Həşimov Microsoft un Azərbaycandakı nümayəndəliyinin rəhbəri seçilib -

Sərxan Həşimov “Microsoft”un Azərbaycandakı nümayəndəliyinin rəhbəri seçilib

“Microsoft” yeni təyinat barədə elan edib – Sərxan Həşimov “Microsoft”un Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə seçilib. Yeni təyinat almış rəhbərin əsas vəzifələri biznesin ölkədə inkişafı, o cümlədən bulud texnologiyaları sahəsində, əsas tərəfdaşlar və sifarişçilərlə işgüzar əlaqələrin qorunub saxlanması, həmçinin dövlət orqanları ilə qarşılıqlı əməkdaşlığın inkişafı və nümayəndəliyin komandasına rəhbərlik etməsindən ibarət olacaq. Sərxan Mərkəzi və Şərqi Avropada yeni bazarların inkişafına cavabdeh olan “Microsoft”un baş direktoru İrina Kozlovanın tabeçiliyi altında çalışacaq.

İKT sahəsində 12 il bundan öncə əmək fəaliyyətinə başlayan Sərxan Həşimov HP, “Oracle” və SAP kimi beynəlxalq şirkətlərdə çalışaraq karyera qurmağı bacarıb. O, iki il ərzində “Oracle” şirkətinin ən uğurlu əməkdaşlarından biri olub, SAP şirkətində isə o, 2015-ci ilin nəticələrinə əsasən, ən yaxşı işçilərdən biri seçilib.

Sərxan Həşimov iri miqyaslı layihələrin idarə edilməsi, məsləhətlərin təqdim olunması və biznesin inkişafı sahələrində geniş təcrübəyə, eyni zamanda bulud texnologiyaları, mobil tətbiqlər və şirkətin resurslarının idarə edilməsi (ERP) sahələrində geniş biliyə malikdir.

Sərxan Həşimov evlidir, bir oğlu var, asudə vaxtlarında professional şahmatla məşğul olur.

“Azərbaycan bazarı bizim şirkətin bulud və mobil texnologiyaları, platforma həlləri və birgə iş üzrə vəsaitlər kimi prioritet istiqamətlərini uğurlu inkişaf etdirməsi üçün lazımi xüsusiyyətlərə malikdir. Əminəm ki, missiyamızı icra edərək – insanlara və təşkilatlara daha çox nailiyyət qazanmaqda yardım göstərərək biz ölkə iqtisadiyyatına və cəmiyyətin inkişafına öz töhfəmizi verə biləcəyik”, - deyə Sərxan Həşimov bildirib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !