ADU tələbələri AMEA-nın nəzdində fəaliyyət göstərən daimi sərgidə iştirak ediblər -

ADU tələbələri AMEA-nın nəzdində fəaliyyət göstərən daimi sərgidə iştirak ediblər

Bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının və Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə universitetin “SABAH” qrupları AMEA-nın nəzdində fəaliyyət göstərən daimi sərgidə iştirak ediblər.
ADU tələbələri Akademiyanın ayrı-ayrı müvafiq institutlarının elmi-tədqiqat laboratoriyalarının çap və yaradıcı məhsulları ilə yaxından tanış olub, tədqiqat tipli, praktik əhəmiyyət daşıyan problemlərin həlli yolunda aparılan nəzəri və təcrübi araşdırmaları, əlyazmaları və hazır məhsulları canlı müşahidə ediblər. Tədbirdə iştirak edən tələbələrin böyük bir qismi sərgidən aldıqları xoş təəssüratları ümumiləşdirərək rəy dəftərinə bu sərgi haqqında öz fikirlərini qeyd ediblər.
Tədbir çərçivəsində tələbələrin tanınmış elm xadimləri ilə görüşü zamanı onlara müasir dövrdə elm və islahatda olan təcrübi proseslər, milli yaddaş mənəviyyatına gənc nəslin yeni münasibəti, habelə elmin inkişafında pedaqoji bilikləri mənimsəməyin əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
Tələbələr üçün nəzərdə tutulan geniş müzakirədə iştirak edən nümayəndələr öz maraqlı çıxışları ilə bu görüşün tarixi bir an olduğunu vurğulayıblar.
Sonda görüşün təşkilatçıları ADU-nun SABAH qrupu tələbələri ilə keçirilən bu cür “açıq dərslərin” əhəmiyyətindən, onun gənc nəslin elm və ideya istiqamətində maarifləndirilməsinə təsirindən söz açaraq, bu tədbirin ümumxalq və ümumdövlət səviyyəli bir iş olduğunu qeyd edib, bir daha tədbir iştirakçılarına öz təşəkkürlərini bildirib, belə görüşlərin ənənəyə çevrilməsini arzulayıblar.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !