Sona Vəliyeva: - BİR ANA KÖÇÜNƏ ÇATMAMIŞAM MƏN

Sona Vəliyeva: BİR ANA KÖÇÜNƏ ÇATMAMIŞAM MƏN

BİR ANA KÖÇÜNƏ ÇATMAMIŞAM MƏN


İçim pardaq-pardaq dərd zəmisidir,
Bir ana köçünə çatmamışam mən.
Yolların min yerdən beli sınaydı,
Fəryadı fələyə çatan bacımın
Səsinə səsimi qatmamışam mən.


Sonradan gəlməyim nə verər mənə,
Eh, daha bu yerlərdə kiməm, nəyəm mən.
Anamın itkisi az imiş kimi
İçimdə bir kəndi dəfn eləmişəm.


Yuxuda hər gecə yol başlayaram,
Ana itkisinə inamım olmaz.
Darvaza önündə haray çəkərəm,
Ehey, bu evin ərköyün uşağı gəlib,
Ana balasını qapıda qoymaz.


Yuxuda gördüm ki, qapı bağlıdır,
Gördüm ocaq sönüb külü dağlıdır.
Qoşa tut ağacı ən yaxınıydı,
Soruşdum: anamı görməmisiz ki?


Gördüm başıaçıq, ayağıyalın,
Gördüm küçə-küçə, ev-ev gəzirəm.
Qonşular, qohumlar qalsın bir yana,
Ağacdan, çiçəkdən sorub gəzirəm.
Siz mənim anamı görməmisiz ki?


Çağırdım qonşular, ay Nərgiz xala,
Bəlkə darıxıbdı, sizə gəlibdi.
Bir dəli-divanə balanı görüb,
Bəstinin gözündə yaş gilələndi.


Dedi nəzir dedim, qurban vəd etdim,
Bir günü bir günə calayammadım,
Axır çərşənbədə köçmü olardı?


Fələyin karvanın saxlayammadım.
Həsrətin tüstüsü boyumdan uca,
Duymağa bir ana qəlbi gərəkdir.
İlahi, nə yaman yağış başladı,
Halıma dözmədi ruhu anamın,
Üstümə göylərdən göz yaşı tökdü.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !