Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalı yaradılıb -

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalı yaradılıb

Martın 9-da Bakı Biznes Mərkəzində aidiyyəti dövlət qurumlarının və tranzit yükdaşımalarnı həyata keçirən şirkətlərin nümayəndələrinin iştirakı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının elektron portalının təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev son illər ölkəmizin tranzit potensialının artırılması istiqamətində irimiqyaslı layihələrin həyata keçirildiyini, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başladığını, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələrinin bu sahədə əhəmiyyətini diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, Azərbaycanın tranzit imkanlarından daha geniş və səmərəli istifadə edilməsi, tranzit yüklərin daşınması sahəsində vahid, çevik və şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurların sadələşdirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılmışdır. Ötən dövr ərzində Koordinasiya Şurası tərəfindən aidiyyəti dövlət qurumları, eləcə də bu sahədə fəaliyyət göstərən nəqliyyat-ekspedisiya şirkətləri və digər biznes strukturları ilə görüşlər keçirilmiş, nəqliyyat dəhlizlərinin mövcud vəziyyəti və problemləri öyrənilmişdir. İndiyədək Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının 2 iclası keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Koordinasiya Şurasının 3 dekabr 2015-ci il tarixli iclasında neft və neft məhsullarının tranzit daşınması üzrə tariflərin yuxarı həddi təsdiq olunmuşdur. Bu, neft və neft məhsullarının daşınmasında rəqabət mühitini təmin edir, Azərbaycandan daşınan yüklərin həcminin artmasına dəstəkdir.
Bundan başqa, Koordinasiya Şurası tərəfindən tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınmışdır. Nəticədə 2015-ci ilin yanvar-fevral ayları ərzində Bakı-Aktau-Bakı istiqaməti üzrə 217 yük avtomobili dəhlizdən istifadə etdiyi halda, 2016-cı ilin analoji dövründə avtomobillərin sayı 7,3 dəfə artaraq 1582 olmuşdur.
Aktau Limanına gedən tırların bərələrə yüklənməsində yaranan problemlərin aradan qaldırılması ilə bağlı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən tədbirlər görülmüş, yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafikini təsdiq etmiş, yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarmış, bərə reyslərinin sayı artırılmışdır.
Koordinasiya Şurası ilə Gürcüstanın analoji qurumu arasında aparılmış danışıqlarda Azərbaycan və Gürcüstan arasında tranzit yükdaşımalar sahəsində səmərəliliyin artırılması məqsədilə neft və neft məhsullarının iki ölkə ərazisindən tranzit keçidi üçün dəmir yolu üzrə daşınma və neft terminalları üzrə aşırma tariflərin paritet əsasda tətbiqinə dair razılıq əldə olunmuşdur.
Bundan başqa, Koordinasiya Şurası tərəfindən "Tranzit yükdaşıma xidmətləri ilə bağlı tariflərin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi üzrə Qaydalar"ın layihəsi hazırlanmış və hökumətə təqdim edilmişdir. Daşımalar üzrə vahid prinsip və şərtləri müəyyənləşdirən bu qaydalar dəhliz boyu şəffaflığı və əlverişli daşıma imkanlarını təmin edəcəkdir.
"Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli Fərmanına uyğun olaraq, ölkənin dəmir yolları, dəniz nəqliyyatı, dəniz limanları və dəniz terminalları vasitəsilə tranzit yükdaşımalarla bağlı müvafiq məlumatları, prosedurları və s. məsələləri özündə əks etdirən Koordinasiya Şurasının elektron portalı (www.transit.az) yaradılmışdır.
Tədbirdə yeni yaradılmış elektron portalının təqdimatı keçirilmiş, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının ofisinin rəhbəri Elçin Əhmədov portal barədə məlumat vermişdır. Elektron portalın "Şura haqqında" bölməsində Şuranın yaradılması ilə bağlı müvafiq qanunvericilik aktları, Şuranın tərkibi, əsasnaməsi, eləcə də Şuranın məqsədləri barədə məlumatlar yerləşdirilmişdir. "Sənədlər" bölməsinə daxil olmaqla Şuranın qərarları, Şura tərəfindən təsdiq edilmiş tariflər, həmçinin yükdaşımalarla məşğul olan təşkilatlar və onların göstərdiyi xidmətlərlə bağlı nümunəvi müqavilələrlə tanış olmaq mümkündür.
"İştirakçılar" bölməsinə keçid edən istifadəçilər tərəfdaş ölkələrin aidiyyəti qurumları və yükdaşmaların həyata keçirilməsinə dair digər məlumatları əldə edə bilərlər.
Portalda yerləşdirilmiş marşrut kalkulyatoru vasitəsilə istiqamətlər göstərilməklə tranzit yüklərin daşınma xərcləri haqqında məlumatın əldə olunması mümkündür. Bununla da, yükdaşıma şirkətləri tranzit yükdaşıma xərclərini əvvəlcədən müəyyən edə bilər.
İstifadəçilər portalın tariflər bölməsinə daxil olmaqla Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən təsdiq edilmiş tariflərlə tanış olmaq olar.
Hazırda regiondakı tərəfdaş ölkələrin müvafiq qurumları ilə Koordinasiya Şurasının portalı arasında əlaqələndirmənin qurulması, yüklərin izlənməsi və daşıma prosesləri ilə əlaqədar digər məsələlər üzrə işlər davam etdirilir.
Elektron portal (www.transit.az) tranzit yükdaşımaları ilə məşğul olan təşkilatlara, hüquqi və fiziki şəxslərə bu sahədə işlərin daha opetariv qurulmasına, tranzit daşımaların effektivliyinin artırılmasına yeni imkanlar yaradır.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !