Camalov Elnur Emin oğlunun Həyatın rəngləri adlı fərdi sərgisi keçiriləcəkdir -

Camalov Elnur Emin oğlunun “Həyatın rəngləri” adlı fərdi sərgisi keçiriləcəkdir

Bildiririk ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində 15 mart 2016-cı il saat 12:00-da Camalov Elnur Emin oğlunun “Həyatın rəngləri” adlı fərdi sərgisi keçiriləcəkdir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksinin təşəbbüsü ilə həyata keçirilir.
2003-cü ildə anadan olan Elnur rəssamlıq fəaliyyətinə erkən yaşlarından başlamışdır. “Kainat” rəsm studiyasının üzvi olan Elnur bir sıra sərgilərin iştirakçısıdır.
O, 2014-cü ildə keçirilən “Saf rənglər” adlı uşaq və yeniyetmələrin rəsm yaradıcılıq festivalında iştirak etmiş, həmin festivalın kataloqunda onun əl işi yer almışdır. Həmçinin qeyd etmək istəyərdik ki, “Saf rənglər” Beynəlxalq Yaradıcılıq Festifalında 30-a yaxın ölkədən olan uşaqların əl işi sərgilənir. Elə həmin il Qəbələ Beynəlxalq Musiqi Festivalında və “Kainat” studiyasında təşkil olunan sərgilərdə əl işləri nümayiş olunmuşdur.
Rəsmlərində mənzərə və natürmort janrlarına üstünlük verən Elnurun yaradıcılığında vətənpərvərlik mövzusu da xüsusi yer almaqdadır. Belə ki, onun “Erməni vəhşiliyi” adlı işi Xocalının işğalının 26-cı ildönümü münasibətilə Rəssamlar İttifaqında təşkil olunmuş sərgidə nümayiş olunubdur.
Elnur Camalovun gənc yaradıcılığını bir sıra peşəkar rəssamlar – Ağəli İbrahimov, Altay Hacıyev xüsusi qiymətləndirirlər. Ümid olunur ki, o, gələcəkdə Azərbaycanı, həmçinin ölkəmizi dünyada layiqincə təmsil edəcək böyük rəssam olacaqdır.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevin “Qobustan” jurnalında gənc rəssamın yaradıcılıq fəaliyyətini əks etdirən məqaləsi dərc olunmuşdur.
Qeyd edək ki, artıq iki ildir bu sənətlə məşqul olan Elnur Camalovun müəllimi rəssam Nizami Atayevdir.
Sərgidə gənc rəssamın 30-dan artıq əl işi nümayiş olur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) təşkil olunmuş sərgi 17 mart 2016-cı il saat 19:00-dək davam edəcəkdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !