Azər Həsrət: - Saytların yazı silməsi yasaqlanmalıdır

Azər Həsrət: Saytların yazı silməsi yasaqlanmalıdır

Ötən həftə “Tənqid edilmək istəməyənlər üçün yazı” yazmışdım. Maraqla qarşılandı. Təqdir edildi, geniş tirajlandı. Yazdıqlarımla razı olmayan kimsəyə rast gəlmədim. Deməli, nöqtəyə vurmuşdum.

O yazımı oxuyub maraqlı fikirlər səsləndirənlər də oldu. Şəxsimi də çoxdan rahatsız edən bir məsələ – saytlardan yazıların silinməsi əsas müzakirə mövzusu idi. Doğrudan da, yazıların hansısa səbəblərdən saytlardan silinməsi nə qədər düzgün bir addımdır?

Məncə, düzgün addım deyil. İndi kimsə iddia edə bilər ki, əgər bir yazı başdan-ayağa yalan-yanlışla doludursa, onun olduğu yerdə qalması kimlərəsə zərər vurursa, silinməlidir. Razılaşmaq olar. Lakin bir məqamı da unutmamaq şərtilə: zaman vardı (elə indi də) qəzetlərdə dərc edilən yazıları istəsək belə yox edə bilməzdik. Çünki dərc edildisə, bitdi. Yalnız növbəti sayların birində üzr istəmək, təkzib vermək imkanı qalırdı. Yəni ilkin yazını silmək, yox etmək mümkün deyildi.

Məntiqlə, elə bu yanaşmanın özü də ən doğrusudur. Yazı yazıldısa, yerində qalmalıdır. Yanlışdır, yalan-böhtandır? Jurnalistika bundan çıxış yolunu illər öncə kəşf edib axı: təkzib ver, üzrxahlıq tələb et. Bu da yetərli deyilsə, məhkəməyə müraciət et, cəza versinlər, qəzet-jurnalist də o cəzanı çəksin.

Günümüzdə saytlarla bağlı bu cür problem ortaya çıxanda məhkəməsiz-filansız, görüm-baxımla həll edirlər. Tənqid olunan subyekt öz kanallarını işə salır, əli cibində olur və yazı bir anda yoxa çıxır. Oxucuya (istifadəçiyə) sayğı harada qaldı bəs?

Hələ burada “reket” adlandırdığımız saytların bu haldan sui-istifadəsi də baş alıb gedir. Bilirlər ki, hansısa icra başçısını, məmuru tənqid edən bir yazı yayımlasalar, həmin şəxs başını ağrıtmamaq üçün bəlli bir “hörmət” etməyə hazır olacaq. Ona görə də bu “reket”lər daimi olaraq belə üsulla “jurnalist” fəaliyyəti göstərirlər.

Yenə də oxucuya sayğısızlıq, jurnalistika prinsiplərinin ayaqlar altına atılması, mediadan şantaj üçün sui-istifadə.

Bəs, çıxış yolu nədədir?

Bu məsələ aylardır ki, Mətbuat Şurasında müzakirə edilir: “reket” saytlarla necə mübarizə aparmalı, artan sui-istifadənin qarşısını necə almalı və s.

Şəxsən təklifim bundan ibarətdir ki, yayımlanmış yazılar, görüntülü və səsli materiallar heç bir halda saytlardan silinə bilməz! Bəli, silinə bilməz!

Elə isə, yalan, böhtan, şantaj materialları necə olsun? Bunun da çıxış yolunu təklif edə bilərəm: həmin materiallar barəsində Mətbuat Şurasının, ehtiyac olduqda isə məhkəmənin (məhz məhkəmənin) qərarı o materiallarla eyni səhifədə, həm də onların üstündə dərc edilsin. Yəni istifadəçi dünən gördüyü materialı sonradan təkrar oxumaq istərsə, boş səhifəylə rastlaşmamalıdır. Əksinə, həm o materialı görməli, həm də onun bir yalan-böhtan məhsulu olduğunu öyrənməlidir.

İstisna hal kimi bəzi materialların silinməsinə yol vermək olar. Örnək üçün, konkret şəxslə bağlı materialın təkzib və ya üzrxahlıqla birlikdə belə saytda qalması onun nüfuzuna xələl gətirməyə davam edirsə, bu zaman material silinə bilər. Amma yerində təkzibin, üzrxahlığın, məhkəmə və ya Mətbuat Şurasının materialın silinməsi haqda qərarının dərc edilməsi şərtilə.

Belə olacağı halda saytların sahibləri yazdıqlarında, paylaşdıqlarında daha məsuliyyətli davranmağa məcbur qalacaqlar. Çünki yazdıqlarını həm də poza bilməyəcəklərini anladıqları üçün “barıtı az etməli” olacaqlar. Bu isə medianın normal və etik platformaya dönməsinə yardımçı ola bilər.

Ümumi olaraq, fikrimi belə ifadə etmək istərdim ki, qəzetlərdə olduğu kimi, saytlarda da dərc edilmiş materialların silinməsi imkansız hala gətirilərsə, məsuliyyət artar, daha ciddi jurnalistika inkişaf edər. Əks təqdirdə… Əks təqdir zatən göz önündədir… 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !