ADU-da 8 mart – Beynəlxalq Qadınlar günü nə həsr olunmuş 8-ci möcüzə adlı konsert proqramı keçirildi - FOTO

ADU-da 8 mart – Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş “8-ci möcüzə” adlı konsert proqramı keçirildi FOTO

Martın 7-də Azərbaycan Dillər Universitetində (ADU) “8 mart – Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş “8-ci möcüzə” adlı konsert proqramı keçirildi. Tədbir ADU-nun Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Musiqi” və “Teatr” klublarının birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirin aparıcıları Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbələri Ellada Mehdiyeva və Elşən Rəhimov hər il qeyd olunan “8 mart – Beynəlxalq Qadınlar günü”nün tarixi haqqında qısa məlumat verdilər.
Tədbirdə çıxış edən ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev ən gözəl, ən ağıllı xanımların məhz Azərbaycan Dillər Universitetində olduğunu bildirdi. Ələddin Əliyev universitetin hər zaman ADU xanımları ilə fəxr etdiyini söylədi. Professor Ələddin Əliyev universitetdə təhsil alan və çalışan xanımları bayram münasibətilə universitet kollektivi adından ürəkdən təbrik etdi, xoşbəxtlik arzuladı, uğurlar dilədi.
Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Misgər Məmmədov təhsilin qadınların həyatında vacib olduğunu bildirdi və onların cəmiyyətdə böyük rolundan danışdı. Qadınların güclü məxluq olduğunu deyən M.Məmmədov bayram münasibəti ilə bütün qadınları təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Bayram tədbirində Pedaqoji (ingilis dili-alman dili) fakültənin tələbəsi Aysel Hacıyeva “Ana” mahnısını ifa etdi, daha sonra universitetin “Dalğa” rəqs ansamblının çıxışı oldu.
Tədbirin irəliləyən dəqiqələrində “Teatr” klubunun üzvlərinin iştirak etdiyi “Qadına şiddətə son” adlı maarifləndirici səhnəcik nümayiş olundu.
Pedaqoji (ingilis dili-fransız dili) fakültənin tələbəsi Fatimə Şirəliyevanın oxuduğu “Crazy in love” mahnısının fonunda Sənan Heydərli və Səma Şükürov rəqs nümayiş etdirdi. Müğənnilər Emil Bədəlov, Gülyaz Məmmədova, Samir Cavadzadə və Elvin Qasımov öz musiqi töhfələrini ilə xanımları təbrik etdi.
Konsert proqramında tələbələrdən götürülən sorğu nəticəsində Pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin dekanı, dosent Vəfa Babayeva, həmçinin Jurnalistika və filologiya fakültəsinin dekanı, professor Sevda Vahabova, “SABAH” mərkəzinin rəhbəri Gülnar Dadaşzadə “İlin xanım dekanı”mükafatına layiq görüldülər. Mükafatlandırma mərasiminin davamında keçirilən müsabiqənin nəticəsinə uyğun olaraq sualları düzgün cavablandıran xanım tələbələr də mükafatlandırıldı.
Qeyd edək ki, Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı tərəfindən 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ali təhsil müəssisəsinin ictimai həyatında fəallıq göstərən 131 nəfər xanım müəllim və 10 nəfər qız tələbə pul mükafatına layiq görülüb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !