Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət xeyriyyə sərgisi açılıb - FOTO ( AZpress.AZ - İlqam Cəbiyev)

Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət xeyriyyə sərgisi açılıb FOTO ( AZpress.AZ - İlqam Cəbiyev)

Martın 5-də Gəncliyə Yardım Fondunun (GYF) təşkilatçılığı ilə Azərbaycan və Türkiyə xanımlarının əl işlərindən ibarət xeyriyyə sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sayca on ikinci dəfə keçirilən sərgi ənənəvi olaraq 8 mart-Beynəlxalq Qadınlar Gününə həsr edilir.

Sərgidən əldə olunan gəlir imkansız ailələrə təqdim ediləcək. Belə ki, keçən illərdə təşkil olunan sərgilər “Yeddi uşaq evinə yardım”, “Körpələri sevindirək”, “Ümidsizlərin ümidi ol!” kimi layihələrə, həmçinin Xocalı soyqırımına və Qarabağ həqiqətlərindən bəhs edən kitabının nəşrinə sərf edilib.

Sərginin açılış mərasimində Gəncliyə Yardım Fondunun Himayəçilər Şurasının sədri Ahmet Tecim, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun, Milli Məclisin deputatları Qənirə Paşayeva, Sevinc Hüseynova, Fazil Mustafa və başqaları çıxış edərək xalqımızın ta qədimdən əliaçıq və xeyriyyəçi olduğunu bildiriblər.

Vurğulanıb ki, ehtiyac sahibi olan ailələri sevindirmək, dərdlərinə şərik olmaq, bununla yanaşı, öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımıza, onların timsalında imkansız ailələrə müəyyən yardımların edilməsi hər birimizin insanlıq və vətəndaşlıq borcudur.

Diqqətə çatdırılıb ki, builki xeyriyyə sərgisindən əldə olunacaq vəsaitin Gəncliyə Yardım Fondunun “Bir həyata yol ver!” layihəsində istifadə olunması nəzərdə tutulur. Layihə çərçivəsində 50 əlilə əlil arabasının alınması, hər ay ehtiyac sahibi 50 ailəyə ərzaq paketinin verilməsi və “Milli dəyərlərimizdə ana və körpə” kitabının çapı planlaşdırılır.

Natiqlər Gəncliyə Yardım Fonduna belə işdə hər kəsi birliyə və həmrəyliyə dəvət etdiyi üçün təşəkkürlərini bildiriblər.

Sərgi 3 gün davam edəcək.

 


FOTO: İlqam Cəbiyev 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !