Sona Vəliyeva: - Qalx, yurda dönək!

Sona Vəliyeva: Qalx, yurda dönək!

Qalx, yurda dönək!
(Nəriman Həsənzadənin "Dəvəsi ölmüş ərəb" ə yazdığı şeirə)
(Şərq ölkələri od içində... Qərbə köç başlayıb. Bu köç fəlakətdir...)


Qalx ərəb, dur gedək
Uzaqlaşır son karvan
Dur gedək, dərdli adam
İçindən yolu başla.
Əvvəli sondan başla,
Hər şey fələk işidir
Ya fələyi bağışla
Ya ömrü təzədən başla.
Torpağının altı sərvət
Üstü sərvət,
Varı başına dərd ərəb
Qarşıda dörd yol ayrımı
Sağı, solu bilinməz,
Burda adamlar fərqli
Namərdi qəsdə durar,
Mərdi gözə görünməz.
İşıq gələn tərəfin
İti hürən o kəndin
Yolu qurşun səddisə,
Tələ qurulub sənə.
Hardan keçib gedəssən,
Halın əhvalın tanış,
Qaçqın, köçkün üzün tanış
Getmək xilas yolu deyil
Hər xilas yaşamaq deyil.
İçinə, özünə qayıt.
Kəfən geymə, bayraq gey
Dünyaya səslən Ehey...
Yurduna, elə qayıt
Özünə, evə qayıt
Acın elə ağır ki,
Dərdin elə tanış ki,
Çəkməyə oğul gərək
Yurda dön yurda ərəb.
Ölən də evdə urvatlı,
Qalan da evdə urvatlı,
Yad qapı sənlik deyil,
Yalmanmaq sənlik deyil,
Abrın niqab altında
Bu həya qərblik deyil.
Sənin taleyin günəş
Soyuq üz sənlik deyil.
Son ümid, son karvan gedir
Tələs ümidə sarı
Tələs-tələs, dur gedək
Biz qaçdıqca yurd əzilir,
Can qoxusu rəzillikdir.
Yer ağlayır, göy ağlayır
Ev ocaq bizi qarğayır.
Hava yaman qaralıb
Qurşun yağışı başlayır
Yurd sondur, yurd əzəldir
Yurd üstə ölmək gözəldir.
Dur ərəb, yurda dönək
Gözü yolda qalan var
Yol başla Vətən sarı,
Dur, dərdimin oxşarı
Dur gedək, dur, yurda dönək.

 


Sona Vəliyeva 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !