ADU-da Tələbə Diplomatlar Məktəbi adlı layihəyə start verildi -

ADU-da “Tələbə Diplomatlar Məktəbi” adlı layihəyə start verildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təşkilatçılığı, eyni zamanda Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dəstəyi ilə “Tələbə Diplomatlar Məktəbi” adlı layihənin icrasına start verildi.
Mövzusu “Tələbə Diplomatlar Məktəbi: Xarici İşlər Nazirliyinin fəaliyyət mexanizmi” olan layihənin ilk qonağı Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev oldu. Öz fikir və təcrübələrini layihə iştirakçıları ilə bölüşən qonaq bu proqramı olduqca təqdirəlayiq hal hesab etdiyini bildirdi. H.Hacıyev tələbələrin xarici siyasət, eyni zamanda Azərbaycanın diplomatik fəaliyyətinə olduqca böyük maraqlarının şahidi olduğunu söylədi. Tələbələrin suallarını çox maraqlı hesab edən H.Hacıyev onların bilik və potensiallarının olduqca böyük olduğunu söylədi. Müzakirələrin davamlı olmaq məqsədilə tələbələri Xarici İşlər Nazirliyinə dəvət edən mütəxəssis bu layihənin bundan sonra da uğurlu addımlarla irəliləyəcəyinə ümid etdiyini bildirdi.
Seminarda Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev layihə haqqında dəyərli fikirlərini bölüşərək onun əhəmiyyətindən və davamlılığından bəhs etdi. Dekan tələbələrin mütəmadi şəkildə beynəlxalq münasibətlərin çox aktual məsələləri barədə öz biliklərini daima artıraraq xarici siyasətimizin gündəliyində duran məsələlərə diqqətlə yanaşdıqlarını vurğuladı.
Seminarda xarici siyasətin əsas prioritetləri, geosiyasi mənzərədə Azərbaycan müstəvisi, ikitərəfli və çoxtərəfli diplomatiya, mədəniyyət diplomatiyası, XİN-in diasporlarla əlaqəsi və qarşılıqlı fəaliyyəti, Azərbaycan-Ermənistan münaqişəsi və digər mövzular da müzakirə edildi.
Təlimdə gənc diplomatları maraqlandıran suallar cavablandırıldı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !