ADU-da Xocalı fəryadı adlı tamaşa nümayiş olundu - FOTO

ADU-da “Xocalı fəryadı” adlı tamaşa nümayiş olundu FOTO

26 fevral 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Həmkarlar Təşkilatının (THT) təşkilatçılığı ilə “Xocalı fəryadı” adlı tamaşa nümayiş olundu. Filologiya və Jurnalistika fakültəsinin 329 b qrup tələbəsi Nicat Əsədullayevin ssenari müəllifi olduğu tamaşa Səadət Nəbiyevanın rejissorluğu ilə baş tutdu.
İlk öncə Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin müəllim-tələbə heyətinin iştirak etdiyi anım mərasimində tamaşa izlənildi. Tamaşada Xocalı soyqırımında yaşananları ürək yanğısı ilə nəql edən ana, ermənilərin kəndə hücumu nəticəsində parçalanmış ailə, ölmüş körpəsinin başı üstündə yanıqlı ana laylası, ümidlərin söndüyü kənd toyunun məhv edilməsi kimi səhnələr nümayiş olundu. ADU-nun tələbəsi Qurban Qurbanovun Xocalıya həsr etdiyi şeirləri universitetin müxtəlif fakültələrində təhsil alan tələbələri Vəli Bayramov, Nəzifə Quluzadə, Afət Kazımbəyli, Rəna Rəsulzadə və müəllifin özü tərəfindən söylənildi.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov hər bir xalqın, millətin tarixində unudulmaz faciəvi anların, günlərin olduğunu və bu günlərin nəsildən-nəsilə ötürüldüyünü dedi. Bizim xalqın tarixində baş vermiş Xocalı faciəsinin də bu günlərdən olduğunu qeyd etdi. Həmin gün vətənimizin 613 nəfər vətəndaşının günahsız şəkildə vəhşicəsinə qətlə yetirildiyini deyən Dünyamin Yunusov insanların qəddarcasına başı kəsilərək, gözü çıxardılaraq işgəncələrə məruz qaldıqlarını vurğuladı. Dünyamin Yunusov Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində bu günədək Heydər Əliyev Fondunun əvəzolunmaz işlər gördüyünü bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət" kampaniyasının bu gün dünyaya səs saldığını deyən Dünyamin Yunusov soyqırımın beynəlxalq miqyasda tanınması istiqamətində geniş təbliğat aparıldığını söylədi. Tamaşaya münasibətini bildirən D.Yunusov tələbələrin işini yüksək qiymətləndirdi, sözün semantik çəkisinin bu tamaşanı ifadə etməyə yetərli olmadığını bildirdi. O, Xocalı soyqırımının 20-ci əsrdə insanlığa qarşı törədilmiş ən qanlı kütləvi qırğın kimi qiymətləndirdi və bunu gələcək nəsillərə olduğu kimi çatdırmağı tövsiyyə etdi. Azərbaycanın istedadlı gəncliyi olduğunu deyən Dünyamin Yunusov gənclərə xarici dil biliklərindən istifadə edərək bu hadisənin dünyada tanınması üçün bütün gənclərimizin səfərbər olunacağına inandığını vurğuladı.
Sonda Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi, tələbələr vətənpərvərlik ruhunda olan mahnı ifa etdilər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !