Türkiyənin Azərbaycandakı səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib FOTO

Fevralın 25-də Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Quba rayonuna səfər edib.

AZƏRTAC xəbər verir ki, səfir əvvəlcə rayonun İqrıq kənd qəbiristanlığında 1918-ci ildə Azərbaycana köməyə gələn xilaskar türk ordusunun könüllülərindən olan iki əsgərin məzarını ziyarət edib. Burada dəfn edilən türk əsgərləri o vaxt Quba qəzasında soyqırımı törədən ermənilərə qarşı döyüşlərdə qəhrəmanlıqla şəhid olublar.

Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib. Ermənilər İqrıq kəndində də evləri talan edib, məscidi yandırıb, kənd sakinlərinə amansız divan tutublar. Ermənilərin törətdikləri qırğınların qarşısı Nuru Paşanın rəhbərlik etdiyi xilaskar türk ordusunun köməyə gəlməsindən sonra alınıb. Ona görə də kənd sakinləri burada dəfn olunan türk əsgərlərinin xatirəsini daim ehtiramla anırlar.

Sonra Quba şəhərinə gələn İsmayıl Alper Coşqun ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad edib.

Rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Qubanın əsrarəngiz təbiəti, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verilib.

Qubadakı Heydər Əliyev Mərkəzinə gələn səfir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən fotoşəkillərlə tanış olub.

Daha sonra Türkiyənin Azərbaycandakı səfiri onu müşayiət edən qonaqlarla birlikdə Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət ediblər.

Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.

Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə də tanış olublar. Məlumat verilib ki, kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin ayrı-ayrı ərazilərinin görüntüləri, müxtəlif dövrlərdə burada aparılmış tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotoşəkillər var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar da yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Quba Soyqırımı Memorial Kompleksi ilə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !