Xocalı həqiqətləri Çin dilində -

Xocalı həqiqətləri Çin dilində

25 fevral 2016-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və mədəniyyəti mərkəzində Azərbaycan universitetlərində təhsil alan Çin tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
Öncə iştirakçılar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri kimi Xocalı qətliamının nəticələri barədə danışaraq dünyada bu qanlı olay haqqında həqiqətlərin yayılması, Azərbaycan xalqının soyqırımı kimi bu faciənin tanınmasına nail olmağın vacibliyini xüsusi qeyd etdi.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev Xocalı soyqırımının tanınması üçün beynəlxalq ictimaiyyətin səylərini intensivləşdirilməsinin vacibliyini bildirdi. Dekan qətnamələrin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarda qəbul olunduğunun əhəmiyyətini qeyd edərək beynəlxalq hüquq əsasında Xocalıda törədilmiş soyqırıma hüquqi qiymət verilməsini xüsusi qeyd etdi.
Sonra ADU-nun müəllimi Könül Abbasova, həmçinin universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasında təhsil alan tələbələr Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə çin dilində məlumat verdilər. Onlar çıxışlarında faciəli hadisələr və törədilmiş qanlı cinayətlər haqqında faktlardan söz açdılar.
Tədbirdə çıxış edən ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi olan Vahid Əli oğlu özünün yazdığı "Xocalı" poemasından bir parça söylədi.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində bu günədək Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın əvəzolunmaz işlər gördüyünü bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında "Xocalıya Ədalət" kampaniyasının bu gün dünyaya səs saldığını söyləyən Ələddin Əliyev soyqırımın beynəlxalq miqyasda tanınması, hüquqi qiymət verilməsi üçün bütün gənclərimizin səfərbər olunacağına inandığını vurğuladı. O, Çin dili və mədəniyyəti mərkəzini fəal fəaliyyəti, belə maarifləndirici tədbirlərin təşkilinə görə onun müdiri, professor Rafiq Abbasova təşəkkürünü bildirdi, tələbələrə Xocalı hadisələrini, o cümlədən Azərbaycan həqiqətlərini bütün dillərdə təbliğ etmələri ilə bağlı tövsiyyə verdi.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı sənədli filmlər nümayiş olundu.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !