ADU TGT-nin hesabat konfransı keçirildi -

ADU TGT-nin hesabat konfransı keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Tələbə Gənclər Təşkilatının (TGT) hesabat konfransı keçirildi. ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev və universitetin müəllim-tələbə heyətinin iştirak etdiyi konfransda Xocalı soyqırımı nəticəsində həyatını itirmiş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İlk öncə ADU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Faiq Məmmədov təşkilat haqqında ümumi məlumat verdi. O, TGT-nin yaranması, fəaliyyəti, əlaqələri, tərkibi, gördüyü işlər və qarşıda duran prioritet məsələlərdən danışdı. F.Məmmədov özünü idarəetmə orqanı olan ADU TGT-nin tələbələrin hüquqlarını qorumaq, potensialını aşkarlamaq, tələbə şəbəkəsi ilə əhatəsini genişləndimək, onların gələcək strategiyalarını qurmağa dəstək olmaq, asudə vaxtlarını səmərəli təşkil etmək kimi məqsədlərinə xidmət etdiyini vurğuladı. F.Məmmədovun sözlərinə görə, 1997-ci ildə yaranan ADU TGT 2009-cu ildə ATGTİ-nin formalaşdırılmasında da iştirak edib. ADU TGT hazırda həmin ittifaqın üzvüdür.
Çıxışının sonunda F.Məmmədov TGT-yə göstərilən böyük dəstəyə görə universitet rəhbərliyinə dərin minnətdarlığını bildirdi, təşkilata göstərilən etimadı doğruldacaqlarına söz verdi.
Sonra ADU-nun rektor vəzifəsini icra edən professor Dünyamin Yunusov TGT-nin bu illər ərzində böyük işlər gördüyünü, bunun da öz növbəsində qürurverici olduğunu söylədi. Ali təhsil müəssisələri arasında həmişə öncüllər sırasında olan ADU tələbələrinin ən fəallarının bu konfransda iştirak etdiyini deyən professor D.Yunusov TGT-nin hərtərəfli iş gördüyünü vurğuladı, onun daxili struktur fəaliyyətinin təqdirəlayiq olduğunu diqqətə çatdırdı. Ölkənin digər nüfuzlu ali təhsil ocaqları ilə əlaqəli şəkildə fəaliyyət göstərməyi tövsiyyə edən D.Yunusov bu istiqamətdə rəhbərliyin TGT-yə daim dəstək olacağını sözlərinə əlavə etdi. D.Yunusov ADU tələbələrinin fəallığından bəhs edərkən onların təkcə universitet daxilində deyil, eyni zamanda ölkə miqyasında keçirilən tədbirlərdə könüllü fəaliyyətini yüksək qiymətləndirdi. O, ictimai fəaliyyətin dərs prosesinə əngəl törətməsinin yolverilməz olduğunu diqqətə çatdırdı və tələbələrə işlərini sistemli şəkildə qurmağı tövsiyyə etdi.
Çıxışının sonunda D.Yunusov tələbələrə nizam–intizam qaydalarına riayət etməyi, otaq və auditoriyaları qorumağı, avadanlıqlarla səliqəli davranmağı, baş verə biləcək neqativ halların qarşısını almağı tövsiyyə etdi. Sonra o, tələbələrə təhsillərində və işlərində uğurlar arzuladı.
TGT-nin nailiyyətlərinə verdiyi qiymətə görə D.Yunusova təşəkkür edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev ADU TGT-nin ali təhsil müəssisələri arasında fəal təşkilatlardan biri olması barədə məlumat verdi. O, təşkilatın sədri F.Məmmədovun fəaliyyətini xüsusilə vurğuladı və onun timsalında ADU TGT-nin fəal üzvlərinə təşəkkürünü çatdırdı.
Daha sonra prorektor təklif və iradlarını bildirdi. O, təşkilat sırasına qoşulan tələbələrin saylarının artırılmasının vacibliyini önə çəkdi, tədbirlərin keçirilməsi prosesini planlı şəkildə hazırlamağı, yerli ali təhsil müəssisələri ilə yanaşı, xarici ölkə universitetləri ilə də qarşılıqlı münasibət yaratmağı tövsiyyə etdi.
ADU-da TGT-yə yaradılan şəraitin heç bir ali məktəbdə analoqu olmadığını söyləyən prorektor onlara fəaliyyətlərində uğurlar arzuladı.
Konfransda TGT-nin nəzdində fəaliyyət göstərən departamentlər öz fəaliyyətləri haqqında hesabat xarakterli məlumat verdilər. Daha sonra onlar ADU TV ilə birgə hazırladıqları videoçarx vasitəsi ilə tələbələri öz sıralarına qatılmağa dəvət etdilər.
Hesabat konfransı universitetin ictimai həyatında öz fəallığı ilə seçilən tələbələrə rəhbərlik tərəfindən diplomların verilməsi ilə yekunlaşdı.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !