Azərbaycan Tehranda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub - FOTO

Azərbaycan Tehranda keçirilən beynəlxalq turizm sərgisində təmsil olunub FOTO

Builki sərgiyə dünyanın 50-dən çox ölkəsindən gəlmiş 400-dən artıq turizm şirkəti ziyarətçilərə öz xidmətlərini təklif edib. Tehranın “Nümayişqah Beynəlmiləl” sərgi salonunun 40 kvadratmetr ərazisində təşkil olunan Azərbaycan guşəsi ölkəmizin gəzməli və görməli yerlərini, otellərini, hava limanlarını əks etdirən fotoşəkillərlə bəzədilmişdi. Azərbaycanda fəaliyyət göstərən “Qlobus travel”, “Improtex”, “Millenium”, “Turizm.az”, “Geo travel” kimi turizm şirkətlərinin nümayəndələri ziyarətçilərə ölkəmiz haqqında məlumat verib, broşürlər və kitabçalar paylayıblar.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov bildirib ki, iranlılar Azərbaycan stendinə böyük maraq göstərirlər. Onlar bu il Bakıda keçiriləcək Novruz bayramı şənliklərinə qatılmaq üçün sərgidə iştirak edən Azərbaycanın turizm şirkətlərinə sifarişlər də veriblər. Cari il mart ayının ikinci yarısında Bakıya əvvəlki illərə nisbətən daha çox iranlı turistin gələcəyi gözlənilir.

Qeyd edək ki, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra ilk dəfə olaraq sərgiyə Avropa ölkələrinin və ABŞ-ın da turizm şirkətləri qatılıb.

Bundan başqa, sərgidə Rusiyanın, Türkiyənin, Vyetnamın, Malayziyanın, Fransanın, İtaliyanın və başqa ölkələrin şirkətləri də təmsil olunublar. Sərgi fevralın 20-dək davam edəcək. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !