Rəşad Ələkbərovun Something From Nothing adlı fərdi sərgisi -

Rəşad Ələkbərovun “Something From Nothing” adlı fərdi sərgisi

YAY Qalereyası abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərovun “Something From Nothing” adlı fərdi sərgisini təqdim edir.

Münaqişə, filosofların fikrincə, düşünən insanın həyatına xas olan zəruri atributdur, özü də adamın uşaq çağlarında yaranıb son nəfəsinə kimi zərurətini itirməyən bir atribut. Dialektikaya görə, ziddiyyət – inkişafa yol açan zəruri məntiq formasıdır. Münaqişələr valideynlə övlad, ərlə arvad arasında da yaranır, iş yoldaşları arasında da, qarşıdurmaya qurşanan dövlətlər, siyasi liderlər arasında da, informasiya cəbhəsində də – bu siyahının sonu-nəhayəti yoxdur.

Rəssam Rəşad Ələkbərov artıq uzun müddətdir ki, öz yaradıcılığında işıqla kölgənin, simvolla mətnin, sözlə mənanın oyunu üzərində tədqiqatlar aparır. “Something From Nothing” sərgisi rəssamın dünyada baş verənlərə cavab reaksiyası olmuşdur – siyasətdən uzaq duran, hətta tam əksinə – bizi minilliklərin bu gün yenidən aktual olan aydın hikmətlərinə yönəldən bir reaksiya. Rəssam, XXI əsrdə bəşəriyyəti informasiya xaosunda boğulan dünyaya gətirib-çıxarmış təkamül yolunu təhlil etməyə cəhd göstərir. Rəşad Ələkbərovun qalereya divarlarındakı şəkillərində “homo sapiens”in əldə etdiyi bütün nailiyyət və kəşflər – od yandırmaq üsullarından tutmuş, təkərin icad olunmasına kimi – bizi tədricən televiziya, radio və internetin yaranmasına gətirən xırda addımlara dönür.

Rəşadın yaradıcılığına xas olan metal instalyasiyalar da divardakı rəsmlərlə səsləşir. İşıqla kölgənin oyunundan doğan yazılar divarda təzahür edərək, bizi unutduğumuz dözümlüyə, təmkinliyə, həqiqi dəyərlərə qayıtmağa çağırır. Sərginin mərkəzi əsəri olan “Something From Nothing” (mənası: “Yox yerdən təzahür etmiş”) instalyasiyası Facebook, Twitter, YouTube kimi meqafonların ahəngsiz xalq səsini yorulmadan gücləndirib yaydığını simvolik tərzdə ifadə edir.

Sərgi barədə ətraflı www.yaygallery.com veb səhifəmizdən öyrənə bilərsiniz.

Sərgi 12 fevraldan 31 mart 2016-cı il tarixinədək davam edəcəkdir.
Giriş sərbəstdir 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !