Karvan Qubada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib -

“Karvan” Qubada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib

“Karvan” Gənclərin İnkişafına Dəstək İctimai Birliyi Quba rayonunda Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirib.
Tədbirdə Təhsil, Gənclər və İdman Nazirliklərinin, Quba rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və şagirdlər iştirak ediblər.
Əvvəlcə bir dəqiqəlik sükutla Xocalıda həlak olanların xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan Birliyinin sədri Nizami Əhmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə qarşı törətdikləri qanlı soyqırım barədə danışaraq bunu bəşəriyyətə və insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi xarakterizə edib.
N. Əhmədov qeyd edib ki, Xocalıda törədilən qətliamda 613 nəfər azərbaycanlı qətlə yetirilib 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynindən və 130 nəfər uşaq valideynlərinin birindən məhrum olub. 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 150 nəfərinin taleyi hələ də məlum olmayan 1275 nəfər girov götürülüb və Xocalı şəhəri darmadağın edilib.
QHT sədri Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə çıxış edənlər erməni cəlladlarının Xocalının dinc sakinlərinin başına gətirdikləri misli görünməmiş müsibətlərdən, məhv olmuş ailələrin faciələrindən, bu günə qədər taleyi məlum olmayan itkin və girovlardan danışıblar.
Sonda N. Əhmədov “Xocalıya ədalət” kampaniyasının fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentlərinin Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanımasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunduğunu bildirib və qeyd edib ki, bunun nəticəsidir ki, ABŞ-da Xocalı qətliamını pisləyən ştatların sayı 20-yə çatıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !