Məzahir Süleymanzadə - ...ətəyini dizdən yuxarı qaldırdı...

Məzahir Süleymanzadə ...ətəyini dizdən yuxarı qaldırdı...

..Rüstəm bəyin qızı madmuazel Gülnaz xanım Sərvərdən boşanandan sonra özünə yeni dost axtarırdı. Gimnaziyanı bitirəndən bəri heç adi məktəb direktoru vəzifəsinə yüksələ bilməyən Sərvərə acıq vermək üçün elə bir adamı caynağına keçirmək istəyirdi ki, ekranlardan düşməsin, hamı ondan danışsın...Sürmə çəkib gözünə, boya yaxıb üzünə, yanağını qızartdı, sifətini bozartdı, ətəyini dizdən yuxarı qaldırdı, köynəyinin düymələrini açıb sinəsini qabağa verdi, dikdaban ayaqqabılarını geyib küçəyə çıxdı...Hərə öz işində idi. Gül dükanlarının qarşısında uzun növbələr yaranmışdı. Cavan bir oğlandan soruşdu ki, nə olub, xeyir ola bu gün bütün kişilər əllərində qızıl gül, ora - bura qaçışırlar? O da dedi ki, xala, bilmirsən ki, sevgililər günüdür, görmürsən ki, beş manatlıq qızıl gülü on beş manata satırlar? Bu "xala" sözü Gülnaz xanımın xoşuna gəlməsə də, hər halda, bildi ki, bu gün bayramdır. Kişilərdən gül alıb gülümsəyən cavan qızlara paxıllığı tutsa da özünü o yerə qoymadı: "Külü qoyum başınıza, gör bir gülə görə necə sevinirlər? Mənim gülüm elə adımdadı, Gül - naz!.."
Kənarda dayanıb gözləri ilə Gülnazı yeyən bir kişi onu səslədi:
- Nazlı xanım, duzlu xanım, hara gedirsən belə?
- Çərə gedirəm, çürə gedirəm...Sənə nə var, hara gedirəm?..Özümə dost axtarıram...
- Dost?.. Məndən yaxşı dost tapmazsan...Gəl, bu əlimdəki qızıl gülü də verim sənə, dost olaq...
- İşdir, səndən borc istəsəm, gündə bir az xərc istəsəm, nə qədər verərsən mənə?
- Səni apararam Dubaya, gündə 20 - 30 müştəri gətirərəm yanına, nə qazanarıqsa, yarısı sənin, yarısı mənim...
- Yeri alə, bunun dostluğuna bax...
- Naz - naz xanım, Gülnaz xanım, hara gedirsən belə?
Gülnaz xanım təəccübləndi: Bu kişi mənim adımı hardan bilir? Kişi yenidən dişlərini ağartdı:
-Tanımadın? Mənəm də, Vəli...Tellini boşayandan bəri mən də özümə dost axtarıram. Bəlkə...
- Dayan görüm ey...Bizim o qulluqçunu niyə boşamısan?
- Bilirsən, Gülnaz, mən ondan çoxdan şübhələnmişdim. Hər dəfə sənin atan Rüstəm bəy "Ay qız, Telli, gəl belimi basdır!" deyib onu otağına çağıranda...
- Rədd ol burdan, qudurğan!..
Gülnaz xanım Tellinin halına acıyırdı: "Qulluqçumuz olsa da mənimlə rəfiqə kimiydi. Yazıq qız, hələ o vaxt Vəlidən soruşurdu ki, Pulun var? O da söyləyirdi ki, var, var, bir anbar! Telli də deyirdi ki, pulun var, gələrəm!..Yazıq qız, indi Allah bilir, kimin qapısında dilənir...Amma atam Rüstəm bəy...bəlkə Vəli düz deyir, yoxsa, hər üç saatdan bir belinin ağrısını bəhanə gətirib Tellini yanına niyə çağırırdı ki..."
...Gülnaz xanım başı papaqlı, əli təsbehli bir kişinin onun arxasınca düşdüyünü hiss etdi. Addımlarını yavaşıdıb kişinin ona çatmasına şərait yaratdı. Onun nə deyəcəyini gözləməyib özü soruşdu:
- Hə, nə düşmüsən dalımca? Olmaya, sən də mənim kimi özünə dost axtarırsan?
- Allah dost axtarmağı haram buyurub məgər? Gedək səni özümə siğə eləyim, dost olaq...
- Məni hara aparacaqsan?
- Mən mollayam. Maştağada, Nardaranda, Bibiheybətdə evim var, harada istəsən, orada yaşayarsan...Şükür Allaha, məsləkim hər evdə iki arvad saxlamağa imkan verir. Dolanacağım pis deyil...Bu avam millətin ölüsündən də qazanıram, dirisindən də...Amma bir şərtim var: cadraya bürünəcəksən, o biri arvadlarla mehriban olacaqsan...Hə, bir tələbim də var, bax, naz - naz xanım, mənim yanıma dua yazdırmağa çoxlu nazir, icra başçısı, general, məktəb direktoru gəlir, nəbadə onlara gözucu baxasan ha...
...Gülnaz xanım çox fikirləşmədi...Mollanın əlindən yapışıb taksi dayanacağına tərəf addımladı. Yol boyu düşünürdü: Gərək o vaxt Üzeyir bəy məni elə Məşədi İbada ərə verəydi... Zərərin yarısından qayıtmaqda da bir xeyir var. Olmasın o Məşədi, olsun bu Məşədi...


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !