Məzahir Süleymanzadə: - ...öldü...İndi o cənnətə gedəcək, cəhənnəmə gedəcək, yığdığı pullar kimə qalacaq...

Məzahir Süleymanzadə: ...öldü...İndi o cənnətə gedəcək, cəhənnəmə gedəcək, yığdığı pullar kimə qalacaq...

Hərə ölümünə bir cür yanaşır...Əzrayılın da gələn vaxtı bilinmir. Birini mahnı oxuduğu yerdə yaxalayır..."Qoy məni öldürsünlər, bir alagöz qız üstə..." Birinin başının üstünü şeir yazdığı yerdə kəsdirir. O da Əzrayıldan qorxmur, başını qaldırıb gülümsünür: "Məni oğul çiyni üstə, görənlərə salam olsun!.." Şərəfli ölüm də var, şərəfsiz ölüm də...Döyüşdə ölmək, Azərbaycan bayrağına bürünüb qürurla evə dönmək hara, qonşunun cavan arvadının çarpayısında can vermək hara?..Biri müzakirəsiz cənnətlikdir, biri sorğusuz - sualsız cəhənnəmlik...Avtomobil qəzasına düşən, təbii fəlakətlə üzləşən, ağacdan yıxılan, bıçaqlanan, güllələnən, sevincdən ürəyi partlayan adamlar da var...Mən dəqiq bilirəm ki, Qarabağın azad olunması haqqında xəbəri eşidən yüzlərlə həmvətənlimin sevincdən ürəyi partlayacaq...Bax, görərsiniz, bəlkə elə mən özüm də onların arasında oldum...
Bütün hallarda ölüm haqqdır...Ölümdən qaçmaq olmaz...Birimiz o cür, birimiz bu cür, əvvəl - axır hamımız öləcəyik...Ölmək dərd deyil, dərd ölə bilməməkdir!..
...Hollandiyadan üç milyona at alıb gətirmiş, üstünə də qızılı saplarla haşiyələnmiş yəhər qoydurmuşdu. Bax, bizim o Camal adlı çaparımız var idi ha, bahalı at alıb Olimpiadaya göndərmişdik, o da bu qədər xərcin qabağında üzümüzü qara eləmişdi, özü də yıxılmışdı, atı da...Bunun da atı onunkuna bənzəyirdi...Mindi...çapdı...yıxıldı...At onu yerə elə çırpmışdı ki, bir göz qırpımında ölməli idi...Ağrıdan - acıdan ürəyi ağzından çıxırdı, amma ölə bilmirdi. Deyirlər, at vəfalı olur, amma bu at o atdan deyildi...Kişnəyib şahə qalxdığı ilə sahibinə şıllaq atdığı bir oldu...Üz - gözü qan içində idi, zır - zır zırıldayırdı, amma ölə bilmirdi...
- Tez ol, öl də, səni gözləyirəm, tələsirəm, səninlə eyni gündə nazir vəzifəsinə təyin olunan o vicdansız həmkəndlin var ha, onu da aparmalıyam...
Gözünü açıb baxdı...Başının üstündə dayananı tanıdı...Əzrayıl idi...Yalvarmağa başladı:
- Qurbanın olum, cənab Əzrayıl, neçə milyard pul yığmışam, mənə möhlət ver, gedib o pulu üç yerə bölüm, bir qismi sənin, bir qismi mənim, bir qismini də, cəhənnəmə, dövlət büdcəsinə keçirərəm...Sən əvvəl get mənim həmkəndlim olan nazirlə problemini həll elə, sonra da gəlib məni...
- Ey Allahın bəndəsi, mən hakimiyyətin yox, Allahın məmuruyam, xəyalın özünə getməsin. Tez ol, gəbər, sənin canın məndən, millətin də canı səndən qurtarsın...
- Cənab Əzrayıl, ölə bilmirəm axı, məhkəməsiz - filansız cəhənnəm əzabı çəkirəm. Mənim hüquqlarımı kobudcasına pozursunuz. Sizdən Allaha şikayət eləyəcəm...
- Yaxşı, çərənnəmə, mən heç kəsə güzəşt eləmirəm, amma sənə güzəştim bu olar ki, bir dəqiqə də əlavə vaxt verərəm, kəlmə - şəhadətini oxuyasan...
- Mən kəlmə - şəhadətimi bilmirəm axı...
- Hələ indiyədək Əzrayıl heç kəsə kəlmə - şəhadət öyrətməyib. Bu məsələdə də güzəştə gedirəm, mən deyim, sən də təkrar elə: Əşhədu ən lə iləhə illəllah.
Va əşhədu ənnə Muhammədən abduhu va rasuluhu...
- Cənab Əzrayıl, sağ ol, dedim, bir az ürəyim sakitləşdi. Amma mən ərəbcə bilmirəm axı...
- Onsuz da bir də bu sənə lazım olmayacaq. Amma, indi ki, bilmək istəyirsən, tərcüməsi belədir: Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq məbud yoxdur. Və şəhadət edirəm ki, Muhəmməd Allahın qulu və elçisidir...
...Bu sözləri iki dəfə təkrar elədi...Gözləri yumuldu və...öldü...İndi o cənnətə gedəcək, cəhənnəmə gedəcək, yığdığı pullar kimə qalacaq, bilmirəm...Mənim vəzifəm bu əhvalatı qələmə almaq idi, onu da yerinə yetirdim...

 


Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !