Hacı İsmayılov: - Əsl ekran əsərləri kinostudiyada yaranmalıdır

Hacı İsmayılov: Əsl ekran əsərləri kinostudiyada yaranmalıdır

Onun milli teatr və kino sənətinin inkişafına verdiyi dəyərli töhfələri, çoxsaylı tamaşalarda və bədii filmlərdə öz professional məharəti sayəsində ustalıqla xarakter səviyyəsinə qaldırdığı obrazları incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnir. Sənətdə öz ifa tərzinə xüsusi incəliklərlə yeni çalarlar əlavə edən Hacı İsmayılov bütün çıxışlarını teatrsevərlər və kinosevərlər üçün estetik zövq mənbəyinə çevirməyi professionallıqla bacaran sənətkarlarımızdandır. Sənətkarın kino yaradıcılığı sahəsindəki xidmət və fəaliyyəti hər zaman onun rol aldığı bütün ekran əsərlərinin maraq dairəsini genişləndirib. Dəyərli sənətkarlarımıza önəm verən AZƏRTAC bu dəfə də ənənəsinə sadiq qalaraq görkəmli aktyor, Xalq Artisti Hacı İsmayılovla müsahibəni təqdim edir.


-Son zamanlar sizi teatr tamaşalarında daha çox görürük. Kinolara az çəkilməyiniz nə ilə əlaqədardır?
-Mənim sənət fəaliyyətim əvvəldən teatrla bağlı olub. Hazırda da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıram. Ancaq film sonradan həyatıma bir sevgi, gözəllik rəmzi kimi daxil olub. Dönüb geriyə baxdıqda çox sevinirəm ki, teatr sənəti ilə yanaşı, kino sənətinə də nüfuz edə bilmişəm. Vaxtında çox filmlərə çəkilmişəm, əksər görkəmli rejissor və aktyorlarla birlikdə çalışmışam. Düşünürəm ki, bu vaxtadək film fəaliyyətim mənim üçün kifayət edir.


-Son vaxtlar çəkilən seriallarda iştirak etməməyinizin səbəbi nədir?
-Bizdə çəkilən seriallar bir o qədər də çox deyil. Bir neçə il əvvəl bir seriala dəvət etmişdilər, ancaq imtina etdim. Ona görə ki, serial artıq başlamışdı və yarıdan çoxu çəkilmişdi. Düşündüm ki, yarımçıq çəkilmiş serialda iştirak etmək düzgün deyil. Serialda iştirak edən obrazın əvvəldən axıradək ömür yolu olmalıdır. Bir müddət sonra “Bir ailəm var” adlı seriala dəvət aldım və qəbul etdim. Bu serialda Uğur rolunu oynayıram. Obraz mənə tam uyğun olduğundan ürəyimcədir. Hazırda serialın növbəti çəkilişləri davam edir.


-Siz 30-dək müxtəlif filmlərdə rol almısınız. Filmlərdə payınıza düşən rol bölgüsündən narazı qaldığınız vaxtlar olubmu?
-Deyim ki, mənim filmlərdə canlandırdığım bütün obrazlar xarakterimə uyğun təyin olunub. Bu baxımdan bəxtim gətirib. Bir-birindən fərqli rollarım çox olub. Ancaq hamısında ana xətt kimi gedən bir cəhət - insani xüsusiyyətlər var. Bu baxımdan ifa etdiyim bütün rollar ürəyimcədir.


-Etiraf etməliyik ki, film çəkilişləri sahəsində bir sıra problemlər mövcuddur. Vəziyyəti müsbətə doğru necə dəyişə bilərik?
-Bildiyiniz kimi, 60-70-ci illərdə Azərbaycan mədəniyyətinin böyük inkişaf dövrü olub. İstər kino, teatr, istərsə də rəssamlıq, musiqi sahəsində. Biz o dövrlərdə “Azərbaycanfilm” studiyasında çəkilən bütün filmlərin təqdimatı ilə yanaşı, onun ümumilikdə inkişaf fəaliyyətini də görmüşük. Yəni, kino bir sənət əsəri kimi kinostudiyada çəkilməlidir. Dünya kino mədəniyyəti tarixində kinostudiyaları fabrik adlandırırlar. Biz hər zaman bu fikri əsas tutmuşuq. İlk növbədə kinostudiyamızın əvvəlki fəaliyyətini geri qaytarmalıyıq. Mənim aləmimdə əsl ekran əsərləri kinostudiyada yaranmalıdır.


-Hazırda hansı işlər üzərində çalışırsınız?
-Bildiyiniz kimi, Teatr Xadimləri İttifaqı yanvarın 23-dən fevralın 1-dək Türkiyədə qastrol səfərdə oldu. Səfərimiz Antalyada keçirilən “Qonaq teatrlar” adlı layihə çərçivəsində baş tutdu. Biz qardaş ölkədə Əməkdar Artist Nofəl Vəliyevin quruluş verdiyi Elçin Əlibəylinin “Qaçaq qocalar” tamaşası ilə təmsil olunduq. Bundan əlavə, teatr qrupumuz 10 gün ərzində 6 tamaşa nümayiş etdirdi. Tamaşalar çox maraqla qarşılandı. Hətta, uğurlarımız da oldu, iki mükafatla geri döndük. Bu uğurlara sevinirik. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Hazırda Akademik Milli Dram Teatrında teatrın direktoru, Xalq Artisti Azərpaşa Nemətin quruluş verdiyi “Ölülər” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşada canlandıracağım rol üzərində işləyirəm. Bu səhnə əsərində Mirzəhüseyn rolunu ifa edəcəyəm. Tamaşanın mart ayında nümayişi nəzərdə tutulur. Eyni zamanda Teatr Xadimləri İttifaqında yaradıcılıq işləri ilə məşğul oluram.
-Sizə yaradıcılığınızda uğurlar arzulayırıq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !