ADU əməkdaşı İsraildə -

ADU əməkdaşı İsraildə

Bu yaxınlarda Azərbaycan Milli Məclisinin nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub. Knessetin (İsrail parlamenti) dəvəti ilə iki dövlətin münasibətləri tarixində ilk dəfə baş tutan səfərdə Azərbaycan nümayəndə heyətinə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edib.
İsraildə səfərdə olan nümayəndə heyətində Azərbaycan Dillər Universitetinin (ADU) İsrail və Yaxın Şərq Araşdırmalar Mərkəzinin rəhbəri Emiliya Xudiyeva da iştirak edib.
Emiliya Xudiyeva Azərbaycan nümayəndə heyətinin İsrail Prezidenti Reuven Rivlin, Knessetin spikeri Yuli-Yoel Edelstein, beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “İsrail bizim evimizdir” partiyasının rəhbəri Aviqdor Liberman, Xarici İşlər Nazirliyinin Yaxın Şərq bürosunun və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Amir Veissbrod, nazirliyin siyasi idarəsinin rəhbəri Alon Uşpiz, Avro-Asiya və Balkanlar üzrə baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin İsrail parlament qruplarının, lobbilərinin rəhbərləri və üzvləri ilə keçirdiyi görüşlərdə də iştirak edib. Hər hansı iki ölkə arasındakı ikitərəfli əlaqələrin inkişafında təhsil sahəsində atılan addımların böyük yer tutduğunu deyən E.Xudiyeva istənilən sahədə əlaqələrin inkişafında istedadlı mütəxəssislərə ehtiyac duyulduğunu, bu mütəxəssislərin, siyasətçilərin yetişməsində də müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Görüşdə, həmçinin İsrailin Xayfa Universitetində Azərbaycan mərkəzinin tezliklə açılması məsələsi də müzakirə edilib.
İsrail prezidenti ilə görüşdə Azərbaycan nümayəndə heyəti BMT-də Xocalı soyqırımı ilə bağlı çıxışına və ölkəmizin mövqeyini dəstəklədiyinə görə ona dərin təşəkkürünü bildirib, iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də gələcəkdə bu əlaqələrin müsbət istiqamətdə inkişafı məsələlərinə toxunulub, təhsil sahəsində universitetlər arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub.
İsrail tərəfi Azərbaycanın multikultural dəyərlərini, ölkəmizin yəhudilərin öz mədəniyyətlərini inkişaf etdirməyə geniş imkan yaratmasını, onlara qarşı dünyanın heç bir yerində olmayan tolerant münasibətin göstərilməsini yüksək qiymətləndirib.Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə İsrailin yeni texnologiyalarının inkişafını müəyyənləşdirən mərkəzlərlə tanış olmaq imkanı yaradılıb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !