ADU tələbələri pedaqoji təcrübəyə yollandılar -

ADU tələbələri pedaqoji təcrübəyə yollandılar

16 fevral 2016-cı il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili və fransız dili), Pedaqoji (ingilis dili və alman dili), Filologiya və Jurnalistika fakültəsinin 2015-2016-cı tədris ilində Bakalavr ali təhsil pilləsinin əyani şöbəsinin IV kurs, qiyabi şöbəsinin V kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan konfrans keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin həyatlarında əlamətdar hadisə olduğunu söyləyərək tələbələri təbrik etdi. Təhsil aldıqları müddətdə əldə etdikləri biliklərin pedaqoji təcrübədə tətbiq etmək, möhkəmləndirmək zamanının gəldiyini deyən professor pedaqoji təcrübədə tələbələrin davamiyyət, nizam-intizam məsələlərinə toxundu. Özünün də bu universitetin tələbəsi olduğunu deyən D.Yunusov tələbələrə harada olmaqlarından asılı olmayaraq respublika ali təhsil müəssisələri içərisində sayılıb-seçilən, öncüllərdən biri olan ADU-nun adını hər zaman uca tutmağı tövsiyyə etdi. Dünyamin Yunusov pedaqoji təcrübə keçəcək tələbələrə uğurlar arzuladı.
Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə, Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova çıxış edərək öz tövsiyyələrini verdilər, bu təcrübənin tələbənin pedaqoji fəaliyyətindəki ilkin təsirlərindən danışdılar, əsas məqsədin peşə keyfiyyətinə malik olan mütəxəssislər hazırlanması olduğunu bildirdirərək tələbələrə uğurlar arzuladılar, çətinliklərlə üzləşdikləri təqdirdə onlara rəhbərlik edən metodist, pedaqoq və psixoloqa müraciət etmələrini söylədilər.
Universitet üzrə Pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov çıxışında təcrübənin mahiyyətindən və qaydalarından, eyni zamanda təcrübənin təşkili ilə bağlı məsələlərdən, pedaqoji təcrübəyə ayrılan saatlardan danışdı. Orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğulayan pedaqoji təcrübə rəhbəri pedaqoji təcrübənin səmərəli aparılması, yaxşı nəticələrin əldə olunmasının bu işə cəlb olunanların ciddi və məsuliyyətli münasibətindən asılı olduğunu söylədi. Metodist, pedaqoq və psixoloqun məktəbdə əlaqəli-koordinasiyalı işinin təşkilini nəzərə çatdıran M. İsmayılov təcrübəçi tələbələrin təhkim olunduqları məktəbdə keçirilən tədbirlərdə iştirakı, eyni zamanda onların da tədbirlərin təşkili ilə bağlı təşəbbüslərin zəruriliyindən danışdı.
Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.
Qeyd edək ki, Pedaqoji (ingilis dili və fransız dili) fakültədən ümumilikdə 789 nəfər tələbə, Pedaqoji (ingilis dili və alman dili) fakültədən əyani şöbədə 18 nəfər, qiyabi şöbədə isə 47 nəfər tələbə, Filologiya və Jurnalistika fakültəsindən ümumilikdə 89 nəfər tələbə pedaqoji təcrübədə iştirak edəcəklər. Təcrübə əyani şöbədə 2016-cı ilin fevralın 16-dan mayın 24-dək olan tarixləri əhatə etməklə 14, qiyabi şöbədə 2016-cı ilin fevralın 16-dan martın 28-dək olan tarixləri əhatə etməklə 5 həftə davam edəcək. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 60 orta ümumtəhsil məktəblərində təcrübə keçəcəklər.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !