Şirin Xanım Kərimbəyli Şadiman: - QOLLARI DİBİNDƏN VURULAN

Şirin Xanım Kərimbəyli Şadiman: QOLLARI DİBİNDƏN VURULAN

QOLLARI DİBİNDƏN VURULAN

 

Qolları dibindən vurulan Vətən,
İtrilmiş torpaqlar sənin deyilmi?
Bəxtinə qurğular qurulan Vətən,
Başın üstə gəzən çənin deyilmi?

 

Vətəndən yazmağı şivən sayanlar,
Qul duruma girmək kişilikdənmi?
Özgə havasına zövqlə uyanlar,
Bu cür ömür sürmək kişilikdənmi?

 

Vətənin sərvətin talayanlara,
Vətən qucağında imarətlər var.
Şərə quyruğunu bulayanlara,
Bitib tükənməyən səadətlər var.

 

Qarabağ düşmənin əlində nalan,
Milyonlar səpilir boş-boş işlərə.
Heç uca taxtından düşməyir yalan,
Nə vaxt son qoyular bu gedişlərə?

 

Vətən göz yaşını axıdır tökür,
Harınlar fəryada qulaq verməyir.
Talayan talayır, sökənsə sökür,
Kimsə müsibəti, sanki görməyir.

 

Əgər unudulsa Qarabağ bu gün.
Bundan da dəhşətli qanlar olacaq.
Yurdun sinəsindən getsə dağ bu gün,
Törəməz heç zaman bir qanlı ocaq!

 

Hamı igidlikdən dəm vurur niyə?
İgidin torpağı əsir alınmaz.
Düşüb ayaqlara bəy qürur niyə?
Eşqisiz qələbə heç vaxt çalınmaz.

 

Cəbhədə Vətəni qoruyan kasıb,
Dönəndə özünə iş tapa bilmir.
Ümidsiz insanlar özünü asıb,
Evində daş üstə daş tapa bilmir.

 

Bir çoxu kef ilə dünyanı gəzir,
Bir çoxu evində çörək tapmayır.
Kəbə ziyarətin zənn edir nəzir,
İçində sevdalı ürək tapmayır.

 

Qarabağ yağının əlində naçar,
Söküb dağıdırlar yurdu, yuvanı,
Kimin əlindədir o məşum açar?
Kağızla susdurduq qanlı davanı.

 

Düşmən vaxt qazandı, biz isə təslim,
Təslimin əvvəli, sonu olmayır.
Əlim haqqı yazır, hönkürür dilim,
Yağı pardaqlanır, ümid qalmayır.

 

Hamı Vətən deyir, Vətən qübarda,
Onun çiçəyinə güllə ələnir.
İşğala haqq varmı, deyin bir harda?!
Bizdə qəhrəmanlıq dillə ələnir.

 

Artıq unudulur tökülən qanlar,
Şəhid məzarları titrəyir ahdan.
Əqidə dəyişir bu gün, insanlar,
Vətənə bir işıq varmı sabahdan!

 

Qorxağa dünyada hörmət edilmir,
Təslimə qol çəkdik, qorxağıq demək.
Cahanda uduzan heç mədh edilmir,
Biz özünə aşiq, axmağıq demək.

 

Qarabağ millətin ölüm-qalımı,
O bizim varlığa bir nişangahdı!
O necə söyləsin sorun halımı?
Onu unutmağın özü günahdı.

 

Kişilər, silaha sarılmaq vaxtı,
Çevirin sərvəti silah sursata.
İndi QƏLƏBƏYLƏ qurulmaq vaxtı,
Vətən ana deyil, olsun sərt ata!

 

Bu eşqlə Şadiman hislərə əsir,
Onun ağrısına ürək dözməyir.
Qurubdu ruhumda qasırğa qəsir,
Əsəndə küyünə fələk dözməyir.

 


09.07.2015
Şirin Xanım Kərimbəyli Şadiman

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !