Akademik Milli Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib -

Akademik Milli Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib

Akademik Milli Dram Teatrının kollektivi xalq artisti, görkəmli teatr və kino xadimi Əliabbas Qədirovun məzarını ziyarət edib. Ziyarətdə Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemət, sərəncamçı direktor Natiq Gülməmmədov, xalq artistləri Rafiq Əzimov, Mərahim Fərzəlibəyov, Hacı İsmayılov, Nurəddin Mehdixanlı, professor Rafiq Sadıqov, Ə. Qədirovun ailə üzvləri, teatr ictimaiyyətinin nümayəndələri iştirak edib.

Xalq artisti Azər Paşa Nemət Ə. Qədirovun həyat və yaradıcılığından, Azərbaycan teatr sənətindəki rolundan, aktyor kimi yaratdığı obrazlardan danışıb.

Professor Rafiq Sadıqov, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə Ə. Qədirovun pedoqoji fəaliyyətindən bəhs edib, sənət dostları haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Dəmiryolçular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rolları oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib.

O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb.

O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub.

Ə. Qədirov 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !