MİLLİ MƏCLİSDƏ PARLAMENTDƏ BİR GÜN LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLİB -

MİLLİ MƏCLİSDƏ “PARLAMENTDƏ BİR GÜN” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLİB

Fevralın 12-də Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın və Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin Bakının Binəqədi rayon bələdiyyələrinin nümayəndələri ilə görüşü keçirildi.
Vitse-spiker Bahar Muradova “Parlamentdə bir gün” layihəsi çərçivəsində keçirilən görüşün önəmli olduğunu söylədi. Milli Məclisin Sədri Oqtay Əsədovun salamlarını Binəqədi rayonu bələdiyyələrinin təmsilçilərinə çatdırdı. O, parlamentin bugünkü plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin dinlənildiyini və Binəqədi bələdiyyələri nümayəndələrinin bu prosesdə iştirakının əhəmiyyətindən danışdı. Qeyd edildi ki, məruzə ətrafında ciddi müzakirələr getdi və bələdiyyə institutunun daha səmərəli fəaliyyət göstərməsi üçün təkliflər irəli sürüldü. Ötən illər ərzində həm qanunvericilik, həm də təcrübə cəhətdən bələdiyyələrin işi kifayət qədər təkmilləşib. Bu islahatları bundan sonra da davam etdirmək lazımdır.
Bahar Muradova bildirdi ki, Milli Məclisdə son 10 il ərzində müxtəlif mövzuları əhatə edən ictimai müzakirələr aparılıb. Ölkənin qanunvericilik bazasının yaradılması prosesi açıq şəkildə həyata keçirilir. Binəqədi bələdiyyəsi tərəfindən irəli sürülən “Parlamentdə bir gün” layihəsini təqdirəlayiq hesab edirik. Diqqətə çatdırıldı ki, layihə çərçivəsində keçirilən ilk tədbir zamanı iştirakçılar Ulu öndər Heydər Əliyevin heykəli önünə əklil qoydular, Milli Məclisin inzibati binası, Heydər Əliyev muzeyi ilə tanış oldular, parlamentin plenar iclasında iştirak etdilər. Vətəndaşların etimadını doğruldan, şəffaf şəkildə fəaliyyət göstərən bir orqan kimi Milli Məclisin qapıları vətəndaşlarımız üçün həmişə açıqdır. Belə layihələrin reallaşması cəmiyyət və dövlət həyatı üçün vacibdir. Vitse-spiker seçkili orqanlarda, o cümlədən bələdiyyələrdə qadınların və gənclərin geniş təmsil olunmasının əhəmiyyətini xüsusilə vurğuladı.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Binəqədi bələdiyyələrinin fəaliyyətindən məlumatlı olduğunu bildirdi. O, rayonda görülən işləri təqdir etdi, vergi yığımı sahəsində irəliləyiş olduğunu yaxşı hal kimi dəyərləndirdi. Komitə sədri bələdiyyələrin fəaliyyətinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının vacibliyindən danışdı.
Söhbət zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini Aygün Əliyeva, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi rayon Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Rəsulzadə bələdiyyəsinin sədri, Qəsəbə bələdiyyələri Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və digər bələdiyyə nümayəndələri çıxış edərək bildirdilər ki, rayon icra hakimiyyəti və bələdiyyələr arasında sıx əməkdaşlıq mövcuddur, vətəndaşların qəbulu və müraciətlərinə baxılması məsələsi operativ surətdə həll olunur, işin səmərəliliyini artırmaq və vətəndaşların məmnunluğunu təmin etmək üçün rayon üzrə məhəllə komitələri yaradılıb. Qeyd olundu ki, bələdiyyələrdə informasiya-kommunikasiya vasitələri geniş tətbiq edilir və bu sahədə təcrübə mübadiləsi aparılır. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində də fəal iş görülür.
Görüşdə iştirak edən deputatlar Tahir Rzayev, Rüstəm Xəlilov, Azər Badamov, Malik Həsənov, Kamran Bayramov bələdiyyələr arasında münasibətlərin qurulması, bələdiyyə büdcələrinin formalaşması və ondan səmərəli istifadə edilməsinin vacibliyini söylədilər. Millət vəkilləri Binəqədi rayonu bələdiyyələrinə gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !