Füzulidə yeni bazar inşa edilir - FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə yeni bazar inşa edilir FOTO ( AZpress.AZ - Elgün Rəhimov, Qarabağ)

Füzulidə sahibkarların, məcburi köçkünlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının birinci əldən satışını təşkil etmək üçün, həmçinin əhalinin tələbini nəzərə alaraq məcburi köçkünlərin sıx məskunlaşdıqları Beş Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı bazarının təməlqoyma mərasimi keçirilib.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə, müəssisə, təşkilatları, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə çıxış edən Alı Alıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq problemlərinin həlli ilə bağlı tapşırıqlarına uyğun olaraq rayonda bir sıra tədbirlər görüldüyünü, ölkə başçısının sərəncamı ilə 2007-ci ildə tikilib istifadəyə verilmiş 5 Zobucuq qəsəbəsində və ətraf kəndlərdə yaşayan 2500-dən artıq ailənin məşğulluğunu artırmaq və onların yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məshsullarının birinci əldən satışını təşkil etmək məqsədilə Zobucuq qəsəbələrinin mərkəzi hesab olunan ərazidə kənd təsərrüfatı məhsullarının satış mərkəzinin yaradılmasının qərar alındığını bildirib. Alı Alıyev təməli qoyulan bazarın qısa müddət ərzində tikilib istifadəyə veriləcəyini Zobucuq qəsəbələrində və ətraf kəndlərdə yaşayan məcburi köçkünlərin yetişdirdikləri məhsullarını burda birinci əldən sata biləcəklərini vurğulayıb. Alı Alıyev bu cür bazarların yaxın günlərdə Qayıdış qəsəbələrində və Horadiz şəhərində də təməlinin qoyulacağını qeyd edib.

 

 

Elgün Gəncimsoy, Füzuli
AZpress.AZ 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !