ADU-nun dosentinin dərs vəsaiti işıq üzü görüb -

ADU-nun dosentinin dərs vəsaiti işıq üzü görüb

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) İngilis dilinin qrammatikası kafedrasının dosenti Səadət Nuriyevanın “Exercises on English Verbals" adlı dərs vəsaiti işıq üzü görüb. “Təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru, filologiya elmləri namizədi, professor E.İ.Hacıyev, redaktorları professor L.Cəfərova, TQDK-nın böyük məsləhətçisi M. Əkbərli, rəyçiləri isə filologiya elmləri namizədi, professor A. Hüseynov, filologiya elmləri namizədi, dosent A. Abbasovdur.
Kitabdan ADU, eləcə də ingilis dili tədris olunan digər universitetlərin ixtisas, qeyri-ixtisas fakültələrinin tələbələri, magistrlar istifadə edə bilər. Tərcümə tapşırıqları ilə zəngin olan kitabdan daha çox tərcümə fakültəsinin tələbələri yararlana bilərlər. Bununla yanaşı bütün tapşırıqların cavabları verildiyi üçün dili sərbəst şəkildə öyrənən hər bir kəs üçün faydalıdır.
Yüksək çap keyfiyyətinə, nəfis tərtibata malik olan dərs vəsaiti 272 səhifədən ibarətdir. Kitab ingilis dilindədir, ancaq Azərbaycan dilində olan, ingilis dilində isə tərcüməsi tələb olunan tapşırıqlarla zəngindir. Tapşırıqlar bölmələr üzrə sadədən aliyə doğru prinsipi əsasında verilib. Üç əsas amili-dərsin vaxtının az olmasını, qrup tələbələrinin sayını, tələbələrin yorulmamasını nəzərə almaqla tapşırıqlardakı cümlələrin sayı 10-15 arasında tərtib edilib. Hər bir bölmə feilin təsriflənməyən formalarına dair fərqli mövzudan bəhs edir.
“Exercises on English Verbals" ingilis dilində feilin təsriflənməyən formalarından-məsdər, cerund, indiki və keçmiş zaman feili sifətə aid tapşırıqlar toplusundan ibarətdir. Bütün tərkiblərə dair çox sayda tapşırıqlarla zəngin olan kitabda feilin təsriflənməyən formalarının əmələ gətirdiyi frazalar, həmçinin onlara dair tapşırıqlar da öz əksini tapıb.
Tapşırıqların əvvəlində nümunələr verilən kitabın müsbət keyfiyyətlərindən biri bu təsriflənməyən formaların müqayisəli şəkildə işlənməsidir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !