Portuqaliyanın Lusofona Universitetinin nümayəndə heyəti ADU-da oldu -

Portuqaliyanın Lusofona Universitetinin nümayəndə heyəti ADU-da oldu

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyevin təşkilatçılığı ilə Portuqaliyanın Lusofona Universitetinin nümayəndə heyəti adıçəkilən fakültənin tələbələri ilə görüşdü. Görüşün məqsədi ADU-nun müəllim və tələbə heyətində portuqal dilinə maraq yaratmaq idi.
Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev qonaqları salamlayaraq 8-16 fevral 2016-cı il tarixində Bakıda gerçəkləşən Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirakı çərçivəsində onları ADU-da görməkdən şad olduğunu dilə gətirdi. Sonra o, qonaqları iştirakçılara təqdim etdi.
Portuqaliyanın Lusofona Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru, professor Teresa Damasio Azərbaycanda olmasından məmnunluğunu bildirdi və qış məktəbinin uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə etdi. Öz ölkəsinin tarixi, coğrafiyası, dili haqqında ətraflı məlumat verən qonaq təqdimatla çıxış etdi. O, cənub yarımkürəsində ən çox danışılan dil portuqal dilinin dünya üzrə dördüncü yerdə qərarlaşdığını bildirdi və bir sıra ölkələrin təhsil sistemində birinci xarici dil olduğunu sözlərinə əlavə etdi. Professor Teresa Damasio Portuqal dilini öyrənənlərin avtomatik olaraq ispan dilini də öyrəndiyini, eyni zamanda italyan və fransız dillərini də başa düşdüyünü iştirakçıların diqqətinə çatdırdı. Portuqaliyanın Avropa Birliyində mühüm yer tutması və bir çox ölkələrlə əməkdaşlıq etməsindən danışan Teresa Damasio ölkəsinin müxtəlif beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, NATO, Avropa Şurası, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının bir hissəsi olduğunu və 1986-cı ildən Avropa Birliyinin üzvü seçildiyini bildirdi. O, Portuqaliyanın beynəlxalq standartlara əsasən cinayət törətmənin aşağı səviyyəsi ilə təhlükəsiz ölkə hesab olunduğunu söylədi. Təhsil sistemindən danışan professor dövlət ali təhsil institutlarının 14 universitet, 20 politexnik, 6 hərbi və polis təhsil müəssisələrindən, özəl ali təhsil müəssisə şəbəkəsinin isə 33 universitet və 54 politexnik ali təhsil müəssisəsindən ibarət olduğunu bildirdi. Universitetlərin zəngin kitabxana sisteminə malik olduğunu vurğulayan professor Teresa Damasio Koimbra Universitetinin Joanina Kitabxanasının dünyada ən görkəmli kitabxanalarından biri kimi tanındığını dilə gətirdi.
Professor Portuqaliyanın dünyada məşhur futbolçuları, eyni zamanda Nobel mükafatı laureatına layiq görülən insanlar ilə tanındığını bildirdi. O, ölkəsinin sülhsevər və tolerant ölkə, insanlarının isə mehriban olduğunu dilə gətirdi.
Görüş müzakirələrlə davam etdi.
Qeyd edək ki, görüşdə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Cardoso, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri iştirak edirdi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !