ADU-da Əbədi ezamiyyət sənədli filminin təqdimat mərasimi keçirildi - FOTO

ADU-da “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirildi FOTO

9 fevral 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində (ADU) rektorun müşaviri, doktor Vazeh Əsgərovun təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi, eyni zamanda Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin təqdimat mərasimi keçirildi. Layihə rəhbəri və baş prodüseri Arzu Əliyeva, ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissorları isə Fariz Əhmədov və Vüqar İslamzadə olan “Əbədi ezamiyyət” sənədli filminin nümayişində ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, universitetin professor-müəllim və tələbə heyəti iştirak edirdi.
1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət quruculuğu sahəsində gördüyü işlər və öz müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədi ilə Paris Sülh Konfransına nümayəndə heyəti göndərməsindən bəhs edən ekran əsərində, eyni zamanda heyət üzvlərinin müstəqilliyə aparan keşməkeşli yolda qarşılaşdığı çətinliklərə, siyasi təzyiqlərə, o cümlədən ümumi əngəllərə rəğmən öz missiyalarına sadiq qalmaları öz əksini tapıb.
Sənədli filmin təqdimatından öncə çıxış edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov ADU-nun humanitar layihələrin həyata keçirilməsinə xüsusi önəm verdiyini, bugunkü film təqdimatının da bu qəbildən olduğunu söylədi. Filmdə cərəyan edən hadisələri kitabdan oxuduğunu deyən D.Yunusov Paris Sülh Konfransına göndərilən nümayəndə heyətinin milli azadlıq uğrunda, ölkəmizin beynəlxalq aləmdə tanınması istiqamətində gördüyü işlərdən danışdı. O, filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Daha sonra ssenari müəllifi Müsəllim Həsənov film haqqında danışarkən onun adının Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi yaranması nəticəsində Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin müvəqqəti səfərinin əbədi ezamiyyətə çevrilməsi ilə əlaqədar olduğunu söylədi.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !