- ZERKALNİ NÖMRƏ SEVDALILARI...

“ZERKALNİ” NÖMRƏ SEVDALILARI...

Son zamanlar cəmiyyətimizə ciddi şəkildə nüfuz etmiş "zerkalni” mobil nömrə xəstəliyi getdikcə geniş vüsət alır. Doğrudur, bu tendensiyanın qarşısının alınması yönündə deputat və yazıçılar səviyyəsində müxtəlif çağırışlar səsləndirilib. Lakin həmin çağırış və iradlardan heç bir nəticə çıxarılmayıb. Əksinə, bu cür nömrələrə olan maraq daha da artıb. Fürsəti əldən verməyən mobil şirkətlər isə vəziyyətdən məharətlə istifadə etməyi bacarırlar. Yəni adi nömrələrlə eyni istehsal qiymətinə malik "prestij "nömrələri Azərbaycan insanına mayasından min dəfələrlə baha qiymətə satırlar. Bu addıma görə ciddi qınağa tuş gəlsələr də, operatorlar bunu cəmiyyətin və insanların tələbatı ilə izah edirlər.

Yəni adi nömrələrlə eyni istehsal qiymətinə malik "prestij "nömrələri Azərbaycan insanına mayasından min dəfələrlə baha qiymətə satırlar. Bu addıma görə ciddi qınağa tuş gəlsələr də, operatorlar bunu cəmiyyətin və insanların tələbatı ilə izah edirlər. Bildirirlər ki, Azərbaycan insanı hər hansı bir "zerkalni” nömrəyə 10 min manat təklif edirsə, şirkət nə etməlidir.

Təbii ki, bu cavabdan sonra həmin mobil operatorları qınamaq tamamilə yersiz və mənasızdır. Ona görə ki, bu şəraiti mobil şirkət deyil, Azərbaycan insanı yaradıb. Əslində isə heç bir Avropa ölkəsində "zerkalni” mobil nömrə anlayışı yoxdur. Avropa məkanında belə nömrələri yalnız qədim peşə sahibləri işlədir ki, bu da onları daha əlçatan edir. Ölkəmizdə isə bu hal sanki bir "rituala” çevrilib. Məsələn, bu günlərdə ölkəmizdə 80 000 manata "zerkalni” nömrə satışa çıxarılıb. Məlumata görə, ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi Azərcell mobil operatoruna məxsusdur. Xəbərdə deyilir ki, 050-777-77-77 mobil telefon nömrəsi 80 000 manata satılır.

Azərbaycan insanının "zerkalni” nömrə "sevdası”ına münasibət bildirən millət vəkili Fazil Mustafa "Şərq”ə söyləyib ki, bunu cəmiyyətin özü formalaşdırıb: "Baxın, bahalı qəbir daşı məsələsinə harada rast gələ bilərsən? Əlbəttə, ən geridə qalmış bir ölkədə. İstehsalçı da təfəkkür və düşüncə baxımından ən geridə qalmış ölkəni axtarıb tapır və işini görməyə başlayır. Hansı cəmiyyəti daha tez aldatmaq olar? İnsanların yerli-yersiz 2-3 mobil telefondan istifadə etdiyi cəmiyyəti. Halbuki, həmin adamlara aylarla zəng vuran olmur. Sadəcə, görüntü xatirinə 2-3 telefon işlədir. İstehsalçılar da psixoloji duruma baxırlar. Belə xəstəliklərin daşıyıcısı olan ölkələrdən biri də Azərbaycandır. Ona görə də, bizim ölkəyə nə istəsən tətbiq edə bilərsən. Heç nəyin mahiyyətini araşdırmadan qəbul etməyə hazır cəmiyyətimiz var. Dinin də mahiyyətini araşdırmadan qəbul etmişik. Mənəvi dəyərlərin də əksəriyyəti belədir”.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan cəmiyyəti şirkətlərdən onları aldatmağı tələb edir: "Şirkət baxır ki, hansı xalqı dolamaq olar. Bunu hansı xalqa sırımaq olar. Görürlər ki, Fransada bunu etmək olmaz. Fransız üçün telefon yalnız danışmaq üçün vasitədir. Onun nömrəsinin "zerkalni” olub-olmamasının fransız üçün mənası yoxdur. Bundan başqa, fransız düşünür ki, mənə maşının nömrəsi deyil, işimi görmək üçün maşın lazımdır. Fransız bilir ki, maşının yaxşı idarə olunmasına "zerkalni” nömrənin heç bir təsiri yoxdur. Belə bir vəziyyətdə hesab edirəm ki, şirkətlər bizə doğru edir. Azərbaycan cəmiyyətini aldatmaq üçün bütün vasistələrə əl atmalıdırlar. Bu cəmiyyətimizin tələbidir. İnsanlarımız doğru olanı etməkdə maraqlı deyil. Bu məsələdə şirkətləri qətiyyən qınamıram. Bu xalqa deyirsən ki, qardaşım, şadlıq evi sənə fırıldaq gəlir. Yalandan cibini, pulunu soyur. Səni xeyir-şər məclisi adı ilə aldadırlar. Fırıldaq gəlirlər. Cavab verir ki, nə olsun aldadırlar. Əsas odur ki, içim rahat olur. Bunu etməliyəm də. Baxın, aldanmaq istəyən cəmiyyətə kim mane ola bilər ki? Bir daha qeyd edirəm ki, şirkətləri qınamıram”.

Parlamentari Amerikadan da nümunə gətirib: "ABŞ-da ən varlı adam belə 5-10 mindən baha maşın sürmür. Amma bizdə baxırsan ki, 50-70 minlik maşın sürür. Amma evində uşağına verməyə çörək tapmır. Boğazına çörək almağa pul tapmır, gedib kredit götürüb "ayfon” telefon alır. Hansı ölkədə təhsil verməyən təhsil ocağına pul köçürülür? Bizdən başqa heç bir ölkədə. Azərbaycanda universitetə uşağının adını yazdırıb, 5 il də göndərirlər ki, get-gəl diplom al. Bu, heç Afrikada müşahidə olunmur. Biz aldanmaq istəyirik, niyə aldatmasınlar. Ona görə də şirkətlərə haqq qazandırıram. Nə qədər bacarırlarsa, aldatsınlar. Aldanmaq istəyən cəmiyyəti başqa cür islah etmək mümkün deyil”.

F.Mustafa hesab edir ki, bir nömrəyə 2, 3, 5 min manat pul verənlər var: "Qədim peşə sahibləri heç olmasa, ondan faydalanırlar. Bizimkilər onların zəkasında da düşünmürlər ki, bu sənin nəyinə lazımdır. Qaydanı pozsan nömrənin nə olmasından asılı olmayaraq polis maşını saxlayacaq. Kameradan keçibsənsə, kim olursan ol polis saxlayır”.

Deputat onu da diqqətə çatdırıb ki, bəzi məmurlar öz tayfasına "zerkalni” nömrələr təşkil edir: "Bu nə deməkdir? Kimsə vəzifəli şəxsdirsə, onun qohum-əqrəbasının eyni nömrəsi olmalıdır? Bu xəstəlik ümumi xarakterlə bağlıdır. Müqavimət olmayanda insanlar aldadılırlar. Şirkət istəyir nömrəsini baha-baha satıb, pul qazansın. Çalışırlar ki, "Nar”, "Bakcel” və "Azərcell”in eyni nömrələrini alsınlar. Bunun nə mənası var axı. İnsana bir nömrə bəs edir. Dünənə qədər heç telefon yox idi. İnsanlar necə dolanırdılar. Bir nömrə bəs edir ünsiyyət qurmağa. Ona görə də, burada kiminsə qınanmasının əleyhinəyəm. QAİ-dən hamı "zerkalni” nömrə almaq istəyir. Əlavə pul təklif edib, "prestij” nömrələr almaq istəyirlər. "Zerkalni” nömrə alıb sonra da "maşınımın nömrəsini görürsən. 3 dənə sıfırdı və yaxud iki dənə doqquzdur” deyib özləri ilə fəxr edirlər. Əməlləri ilə qürrələnə bilməyənlər, maşın və telefon nömrələri ilə öyünürlər. Bununla nüfuz qazandıqlarını düşünürlər. Belə vəziyyətdə çox şeyləri kökündən dəyişmək çətindir”.

Tanınmış şair, publisist Aqşin Yenisey də söyləyib ki, rəqəmlərin düzülüşü insanların diqqətini çoxdan cəlb edir: "Nücum elmi ta qədim sivilizasiyalardan üzü bu yana insanlara onların talelərinin sözlərlə deyil, rəqəmlərlə yazıldığına, bir növ, rəqəmsal olduğuna inandırıb. Amma bu gün rəqəmlərə məişət şüurundakı sitayiş bu qədim ənənənin şablonu çıxmış şəklidir. Hər bir ənənə öz mənəvi dəyərini itirəndən sonra şablona çevrilir. Necə ki, heç kim müasir toylardan fərqli olaraq, ibtidai toy adətlərində qazanc güdmürdü. Rəqəmlərə sitayiş bütün cəmiyyətlərdə var. Məsələn, mən bir dəfə televizorda gördüm ki, mərhum türk müğənnisi Barış Mançonun da maşınının nömrəsi 777-dir. Hətta bir az gözümdən də düşdü Barış. Amma sonra onu yaxından tanıyanda öyrəndim ki, Barış özünü sufi məktəbinə mənsub sənətkar hesab edirmiş və bu 777 rəqəminin sirri mənə aydın oldu. Sufilikdə Allaha aparan məqamların sayı 7-dir. Ancaq məişət şüurunda sevilən rəqəmlər onu göstərir ki, o şüurda ağlın səviyyəsi sıfırdır”.

 

Ayyət Əhməd, sherg.az

 


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !