Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisi açılmışdır - FOTO

Özbəkistanda Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisi açılmışdır FOTO

Özbəkistandakı Azərbaycan Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Qarabağ geyimlərinin daimi sərgisinin açılışı olmuşdur.
Qeyd edək ki, Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi sərgidə nümayiş etdiriləcək libaslar Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlamışdır.
Sərgidə Qarabağ geyimlərinin olduqca maraqlı kompozisiyası yaradılmışdır. Şüşə vitrinlərdə sərgilənən geyimlər görünüşün keyfiyyətini yüksəltmək məqsədi ilə xüsusi işıqlandırma aparatları ilə təmin olunmuşlar.
Geyimlərə Qarabağın XVII-XIX əsrlərinə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, Qarabağın zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilmişdir. Kolleksiyada olan libaslar əsasən ipəkdən hazırlanmış və xüsusi daş-qaşlarla bəzədilmişdir.
Sərginin açılışı edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mədəniyyətinə dair təbliğat işini daha da gücləndirmək və effektiv həyata keçirmək üçün Azərbaycanın Qarabağ geyimlərinin, xalçalarının, mətbəxinin Özbəkistanda mütəmadi olaraq nümayişinin həyata keçirildiyini qeyd etdi. Mədəniyyət Mərkəzi tərəfindən 2015-ci ildə "Könlüm keçir Qarabağdan" adlı sərgidə Qarabağ xalçaları, mətbəxi sərgilənmiş, ötən ilin dekabr ayında isə "Azərbaycan-Özbək milli geyimlərinin nümayişi" adlı moda sərgisində Qarabağa aid geyimlər nümayiş etdirilmişdir. O, qeyd olunan sərgilərin Daşkənddə böyük rezonans doğurduğunu, ictimaiyyət tərəfindən maraqla qarşılandığını və yerli mətbuatda geniş işıqlandırıldığını söylədi.
Samir Abbasov Azərbaycanın müxtəlif regionlarının özünəxas geyimləri ilə seçildiyini bildirmiş, milli geyimlərimizin dünyada tanıdılması və təbliği ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən özbək yazıçı, Özbəkistanda Azərbaycan dili üzrə tərcüməçi Şəhla Qasımova Azərbaycanın Qarabağ geyimlərinin diqqətəlayiq və öz rəngarəngliyi ilə seçildiyini, bu diyarda yaşayıb yaratmış azərbaycanlıların tarixinin, mədəniyyətinin necə zəngin olduğunu sübut etdiyini söylədi.
Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı Qarabağ rəqslərini ifa etdilər.
Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumatlandırıldılar.
Qeyd edək ki, daimi sərgi Mədəniyyət Mərkəzində keçirilən tədbirlər zamanı mötəbər qonaqların, Mərkəzə daim gələn yerli ictimaiyyətin, azərbaycanlıların, habelə Mərkəzdə fəaliyyət göstərən dərnək və kursların tələbələrinə Azərbaycanın Qarabağ diyarının tarixi, mədəniyyəti, milli geyimləri ilə tanış olmağa imkan verəcəkdir.
Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaxın günlərdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin, diplomatların xanımları Qarabağ geyimlərinin sərgisi ilə tanışlığı nəzərdə tutulmuşdur.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !