Kərim Kərimli: - O NAMƏRD DƏ UNUDUBDU ŞUŞANI

Kərim Kərimli: O NAMƏRD DƏ UNUDUBDU ŞUŞANI

O NAMƏRD DƏ UNUDUBDU ŞUŞANI


Söz danışan kölgəm ilə, dalımca,
Mən gedirəm, gələn gəlsin dalımca,
İllər keçdi, olduq daha yarımcan.
Nəyə, kimə saxlayırıq bu canı?
Azərbaycan unutdumu Şuşanı?!


Yurdumuza çox atıldı tilovlar,
Qızıxmışı Tanrı özü cilovlar...
Ermənidə qaldı, batdı girovlar,
Axtarmadıq biz Əvəzi, Soltanı,
Azərbaycan unutdumu Şuşanı?!


Gecə.. 3-dür... yatmamışam... Oyağam...
Elə bil ki, bir heykələm, bir dağam...
Bilmirəm ki, ölüyəmmi, ya sağam...
Eşidirəm səmalardan nəvanı...
Azərbaycan unutdumu Şuşanı?!


Mənə qəsd elədi doğma da, yad da,
Öldü gözlərimdə bu şən həyat da...
Əlli ildə nə qazandım həyatda?!
Eləcə seyr etdim satıb-sovanı,
Azərbaycan unutdumu Şuşanı?!


Xəznə qayasının xəznəsi qaldı,
Nazlı gözəllərin qəmzəsi qaldı...
Dillərdə min cürə həzləsi qaldı,
Lağa qoyub, bu dəlini, şeydanı,
Azərbaycan unutdumu Şuşanı?!


Gözlərimin önündədir hər küçə,
Qədim küçə, abad küçə, tər küçə,
Bazar Başı – Meydan adlı sər küçə...
Boğuluram, axtarıram samanı,
Azərbaycan unutdumu Şuşanı?!


O bir səadətdir, uzaqlardadır,
Zirvəsi çalmalı o dağlardadır.
Ey yeni nəsillər! Şuşa hardadır?
Haray salın, siz oyadın yatanı,
Azərbaycan unutdumu Şuşanı?!


Aran həmin aran, dağlar – o dağlar,
Həsrət məni ya yandırar, ya dağlar...
Gözüm qan çiləyər, qəlbim od ağlar,
Kim deyir ki, bitirmişik davanı?! –
Azərbaycan unutdumu Şuşanı?!


Düşmən at oynadır Cıdır düzündə,
Millətim qırılır “Çadır düzü”ndə.
Satır dağların da, satır düzün də
Namərdlər bu xalqın, elin, obanın,
Azərbaycan unutdumu Şuşanı?!


Ağla, ey taleyi sərt olan Vətən!
Ağla, ey sinəmə dərd olan Vətən!
Ağla, ey yadlara yurd olan Vətən, -
Çağır, bir ağlayaq Vüqar Muğanı,
Azərbaycan unutdumu Şuşanı?!


Muğan dedim, xatırladım İsmanı,
Xatırladım ağsaqqalı, İmanı...
İlham kimi bir əyilməz cavanı...
Dağ başında Nağdalını, Çormanı,
Azərbaycan unutdumu Şuşanı?!


Məhəbbət Kazımov! Ey yanıqlı səs,
Yerini bir kimsə heç verə bilməz!
Bu dünya sənə də, mənə də qəfəs! –
Sən çağır Laçını, mənsə Şuşanı...
Azərbaycan unutdumu Şuşanı?!


Millət didərgindir, Vətən - didərgin,
Həm sən didərginsən, həm mən didərgin...
Qaçqın – həmən qaçqın, həmən didərgin,
“İrmi” ildir il illərə calanır, -
Azərbaycan unutdumu Şuşanı?!


Bu dünyanı, diyar-diyar dolaşdım,
Onlarla ölkənin qapısın açdım.
Haqqımız uğrunda daim savaşdım,
Bəzən sözlə silkələdim “cahan”ı,
Azərbaycan unutdumu Şuşanı?!


Sevdiyimi seçməmişəm pul ilə,
Çörək kəsdim padşah ilə, qul ilə...
Yoldaş oldum “evli” ilə, “dul” ilə, -
Görmək üçün mən o ruhi-rəvanı,
Azərbaycan unutdumu Şuşanı?!


Bu yurd naləsidir, qan şikayəti,
Hər bəndində bir talenin ayəti...
Hanı bu dünyanın haqq-ədaləti?!
Var isə, göstərin hökmü, fərmanı!
Azərbaycan unutdumu Şuşanı?!


...Gah polisdi, döyüşçüydü, gah həkim,
Arif Nadirovu kim unudar, kim?
İstərəm hər kəsin adını çəkim,
Barı xatırladın yaddan çıxanı,
Azərbaycan unutdumu Şuşanı?!


Yüz il belə təmkin ilə gözləsən,
“Şuşa!”-deyib, ürəyində səsləsən,
Hər addımda içindəkin gizləsən, -
Gövhər Ağa görməyəcək azanı,
Azərbaycan unutdumu Şuşanı?!


Yarımcan ölkəmiz vurhavurdadı,
Tikhatikdədi, qurhaqurdadı...
O “dahi şəxsiyyət” Masazırdadı,
Hər gün öpüb-qucaqlayır villanı,
(O namərd də unudubdu Şuşanı,) -
Azərbaycan unutdumu Şuşanı?!


Məhəbbətlə “Qardaş!” – deyən dostumu,
Məni hər ləhzədə öyən dostumu,
Fəqət! Pul önündə o titrəyən dostumu, -
Görən varmı onu – bizi satanı?!
Azərbaycan unutdumu Şuşanı?!

 

 

 

MƏN "ARXİV" ADLANAN DƏFTƏR KİMİYƏM



...Artıq ad günümdür, təbriklər axır,
Qarşımda şəkillər üzümə baxır.
Bu nakam baxışlar qəlbimi yaxır,
Kim öldürdü Xanoğlanı, Elmanı?!
Azərbaycan unutdumu Şuşanı?!


Yenə payız gəldi... yağdı... xəzəli,
Dadını gəzirəm şerin, qəzəlin...
Azadlıq gözləyən Şuşa gözəli
Gözləyirmi bir Ağ Atlı Oğlanı?
Azərbaycan unutdumu Şuşanı?!


...Payız zamanıdır... az qalıb qışa,
Bir azdan ağ donun geyəcək Şuşa...
Nədəndir ürəklər gəlməyir cuşa?!
Qandal vurub susdururlar coşanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Şuşanın yolunda şəhid olan var,
...Bəzi “işdəhlərə” şahid olan var...
...Guya dua edən, zahid olan var,
Əməlilə batil edir duanı,
Azərbaycan unutdumu Şuşanı?!


Sürəyya adında bir gözəl Ana,
Meşəli kəndində boyandı qana...
Bakı yağ çəkirdi tel darağına,
Kor gözü görmürdü zülmün tüğyanın,
Azərbaycan unutdumu Şuşanı?!


Yandı, közə döndü böyük bir oba,
İsmayılın külü qaldı bir topa.
Paqonlular hey basdılar hap-gopa,
“Tapmadılar” Meşəlini qıranı,
Azərbaycan unutdumu Şuşanı?!


...Övladına güvənmişdi Şuşamız,
Gəlin kimi bəzənmişdi Şuşamız.
Bir ev kimi döşənmişdi Şuşamız,
Kim dağıtdı evimizin sahmanın?
Azərbaycan unutdumu Şuşanı?!


Kim deyir ki, Kamal yolundan döndü?!
Elçinin qəlbinin işığı söndü...
Onları bir namərd gülləsi gömdü,
Birdimi, beşdimi terror qurbanı?..
Azərbaycan unutdumu Şuşanı?!


Qarabağın düzlərində quzu var,
Yaralarım hey sızlayır – duzu var...
Gəlsin, ürəyində kimin sözü var,
Açaq, tökək sandıq ilə palanı,
Azərbaycan unutdumu Şuşanı?!


Ağ evlərə ağ adamlar yığışdı,
Sərvət üstə gecə-gündüz boğuşdu.
Baş qarışdı, ermənilər doluşdu,
Talan etdi, viran qoydu qalanı,
Azərbaycan unutdumu Şuşanı?!


Azay, salam, Azay, döyüşçü qardaş,
Yurdunda qalmayıb daş üstündə daş!
Ortada oynadıb, verdilər şabaş
Satqını, o fərari “qəhrəman”ı,
Azərbaycan unutdumu Şuşanı?!


Erməni keyf çəkir mənim yurdumda,
Yatıb dövlətim də, yatıb ordum da...
Donuz otarırlar indi Cıdırda,
Buradadı donuzların çobanı,
Azərbaycan unutdumu Şuşanı?!


“...Sən dəlisən!” – yüzü deyib bu sözü,
Bu sözə heç şübhə etmirəm, düzü.
Amma, AĞILLININ görmürmü gözü, -
Bu boyda sitəmi, dərdi, talanı?!
Azərbaycan unutdumu Şuşanı?!


Yaxşı, neynək, mən dəliyəm, deyək ki,
Lap hamıdan gülməliyəm, deyək ki...
Lap elə, lazımsa, ölməliyəm, deyək ki,
Ağıllısan, göstər elə dühanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Məni dəli sanan belə nadanlar, -
İdrakı – mədəsi olan insanlar...
Qulaq sulayanlar, yaxa cıranlar,
Yenə sulayırlar yumşaq yuxanı,
Azərbaycan unutdumu Şuşanı?!


Mənə dəli deyən cahil nadanlar,
“Vətən!” – deyiləndə, de, nəyi anlar?
Torpaq Namusunu qəti dananlar! –
Onlar danışmasın, yumsun dəhanı!
Azərbaycan unutdumu Şuşanı?!


“Vətən!” – demək – namus, qeyrət deməkdir,
Vətənsiz yaşamaq – həsrət deməkdir...
Vətəni itirmək! – Dəhşət! – deməkdir! –
Vətən daha “ququlməp”də aranır...
Azərbaycan unutdumu Şuşanı?!


Namus nədir? – düşündünmü, ay nadan?
Diringiyə ətin-başın oynadan!
Qadın-kişi fərqin qalxıb aradan,
Bilinməyir soyunsan da əbanı...
Azərbaycan unutdumu Şuşanı?!


Nəfsinə qul, işlətməyə qul gəzir,
Xocalının qanından da pul gəzir...
Bağban xəstə düşüb, oğru gül gəzir,
Binamuslar xorla ötür gülbanı,
Azərbaycan unutdumu Şuşanı?!


Samandan – zamana hər şeyi “ütür”,
Cibinə, qarnına, gözünə dürtür.
Yerdə də, göydə də xeyrini güdür,
Nə tövbə?! Sümürər lap Kəhkəşanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Mən “arxiv” adlanan dəftər kimiyəm,
Təpədən dırnağa dərd-sər kimiyəm...
Gözüm görə-görə müsdər kimiyəm,
Sındırıblar əlimdəki əsanı,
Azərbaycan unutdumu Şuşanı?!

 


400 +


Başımın Şah Tacı Şuşadır, Şuşa!
Dərdin tək əlacı Şuşadır, Şuşa!
Şuşasız heç arzum yetmədi başa, -
Ölsün bu bəlanı “düzüb-qoşanı”,
Azərbaycan unutdumu Şuşanı?!


Biz su kimi sorulmuşuq Şuşadan,
Danışmaqdan yorulmuşuq Şuşadan...
Şeytan kimi qovulmuşuq Şuşadan,
Sonra gedib daşlamışıq şeytanı,
Azərbaycan unutdumu Şuşanı?!


Şəmsi tərk etmədi döyüş meydanın,
Famil uca tutdu Vətənin namın.
Xatirəsi yadddan çıxmaz Kamalın,
Kim öldürdü meşələrdə Məstanı?
Azərbaycan unutdumu Şuşanı?!


Yayılmışdı Qəzənfərin şöhrəti,
Xəzaninin belə imiş qisməti...
Möhübbətin arzuları bitmədi,
İnqilabın yazılmayıb dastanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Nə iş görsəm, dodağını büzən var,
Haqsız olub, haqlıları əzən var.
Beş kitabın töhmətinə dözən var,
Ola-ola Xəzər boyda imkanı,
Azərbaycan unutdumu Şuşanı?!


Bir zamanlar masa üstü silərdin,
Mənə əl verməyi şərəf bilərdin...
Hər nə desəm, yaltaqlanıb gülərdin...
İndi nədir, nə çağıraq biz səni?
Azərbaycan unutdumu Şuşanı?!


On üç yaşda külə döndü Vidadi,
Validə nənə yetmişində şəhiddi.
Mürşüd müəllimin yeri behiştdi,
Göy üzündə partlatdılar insanı,
Azərbaycan unutdumu Şuşanı?!


Miryusif döyüşdə qızmış şir idi,
Oğlu Rafiq - Həzi, Cavanşir idi.
Elbrusu itkin düşən Daşdəmir idi,
Tapılmadı oğlu, o novcəvanı,
Azərbaycan unutdumu Şuşanı?!


Natiq döyüşmüşdü altı cəbhədə,
Hafiz həlak oldu o il Tərtərdə.
Vaqif Vətən üçün dözdü hər dərdə...
Nazeylənin dağ əritdi fəqanı,
Azərbaycan unutdumu Şuşanı?!


Zaman pəyə igidlər diyarıdır,
Adil bu diyarın iftixarıdır.
Müşfiq obasının şah vüqarıdır,
Alnı açıq, üzü ağdır Osmanın,
Azərbaycan unutdumu Şuşanı?!


...Müqəddəslə murdar gedir yanaşı,
Bizə yaman dəydi həyatın daşı.
Kimə qismət oldu alı, qumaşı...
Hakimlər dandılar aşkar-ayanı.
Azərbaycan unutdumu Şuşanı?!


...Belələri çalar yada çəpiklər,
Öz anasın ayaq altda təpiklər...
Qəbul edib yeməsə də köpəklər,
İtə atar ar-namusu, vicdanı,
Azərbaycan unutdumu Şuşanı?!


Satıb türk qızını, haya əl açar,
“Savetdanem” – deyib, hayca dil açar.
Düşmənə qapını əldə gül açar,
“Ana!” – deyib qucaqlayar Daşanı,
Azərbaycan unutdumu Şuşanı?!


...”Millət vəkili”di, - qeyrəti misqal,
Adam sifətində qırmızı çaqqal...
İndi belələri olub “ağsaqqal”,
Millət görməyirmi bunca hoqqanı?
Azərbaycan unutdumu Şuşanı?!


Dur, ey insan, ayaq saxla, dayan bir,
Bax keçmişə, sabahına boylan bir.
Nə yatmısan?! Bir silkələn, oyan bir!
Siyir zahirdəki pərdə-boyanı,
Azərbaycan unutdumu Şuşanı?!


El bir olsa, zərbi sındırar kərən,
El bir olsa, dağ oynadar yerindən...
Elim bir olmadı, söyləyin, nədən? –
Kor etdilər el dərdin ağlayanı,
Azərbaycan unutdumu Şuşanı?!


...Nazimin köksündə qatlandı qəmə,
Qoymadı gülləni dəyə qəlbinə.
Əbiş o günlərdən canlı nişanə,
Şuşamızda ucaldaq biz nişanı,
Azərbaycan unutdumu Şuşanı?!


Belə getməz bu dünyanın gərdişi,
Hansı dövlət götürərdi bu işi?
Çıxsın ortalığa oğul, nər kişi,
Kəssin adımızdan hərzə-hədyanı,
Azərbaycan unutdumu Şuşanı?!


Şuşanın qədrini bilən olmadı,
Gözünün yaşını silən olmadı...
Uğrunda yüzlərlə ölən olmadı,
Gözüm önündədir qoyub qaçanı,
Azərbaycan unutdumu Şuşanı?!


Mərdi adam namərd ilə bir tutmaz,
Yaxşı adam yaxşıları unutmaz,
Heç nə mənim ürəyimi ovutmaz,
Gələn – gəldi, doldurdu öz həmyanın,
Azərbaycan unutdumu Şuşanı?!


Arada bir keçmişini sal yada,
Şuşa kimi yer vardımı dünyada?
Möcüzədən yaranmışdı qayada...
Gəlirdi hər yerin əşrəf-əyanı,
Azərbaycan unutdumu Şuşanı?!


Yay ayları qaynaşırdı adamlar,
Keyf eləyir, oynaşırdı adamlar.
Zirvələrə dırmaşırdı adamlar,
Dayanmırdı “peşqurd”ların karvanı,
Azərbaycan unutdumu Şuşanı?!


Meşələrin cilalıydı yaxası,
Çəmənlərin min rəngdəydi xınası.
Sac üstündən bircə isti yuxası,
Dürmək ilə doyurardı acanı,
Azərbaycan unutdumu Şuşanı?!


Dağlarını lala vaxtı gəzmişəm
Yaylaqların ala vaxtı gəzmişəm.
Mən Şuşanı Qala vaxtı gəzmişəm...
Seçilmədi “Öl!” anından “Qal!” anı,
Azərbaycan unutdumu Şuşanı?!


...Bu palçıqlı küçələrdən keçəndə,
Lilli-zığlı üfunətdən içəndə,
Ağ toz lay-lay ciyərimə çökəndə,
Bəxtəvər sanıram dağda çobanı,
Azərbaycan unutdumu Şuşanı?!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !