Bakı şəhərində Gənclər Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir - FOTO

Bakı şəhərində Gənclər Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir FOTO

Nərimanov Rayon Gənclər və İdman İdarəsi Gənclər Günü ilə əlaqədar toplantı təşkil edib.


Nərimanov Rayon Gənclər və İdman İdarəsi fevralın 1-də Gənclər Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyi ilə birlikdə toplantı təşkil edib.

“Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda keçirilən toplantıda rayon rəhbərliyi, ziyalılar, gənclər iştirak ediblər.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin, demokratik mühitin, aparılan islahatların gənclərlə iş sahəsində də ciddi dönüş yaratdığını bildirib.

Rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, partiyanın Gənclər Birliyinin sədri Yusif Babanlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və başqaları çıxış edərək əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər. Qeyd edilib ki, gənclərə göstərilən diqqət və qayğı, qəbul edilən müvafiq dövlət proqramları onların ictimai-siyasi, mədəni həyatda fəallığının artmasında, dövlət idarəçiliyində aparıcı qüvvəyə çevrilməsində, sosial-iqtisadi problemlərin həllində mühüm rol oynayır.

Toplantıda çıxış edən gənclər respublikamızın daha da qüdrətlənməsi və çiçəklənməsi yolunda hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəkləyəcəklərini bildiriblər.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov milli mənəvi dəyərlərimizin qorunması və inkişafında gənclərin daha çox fəallıq göstərmələrinin önəmini qeyd edib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.

 


***

 


Xəzər rayon gənclərinin bayram tədbiri


Fevralın 1-də eko-parkda Azərbaycan Gəncləri Günü ilə əlaqədar Xəzər rayon gənclərinin bayram tədbiri keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin, YAP Xəzər rayon təşkilatının, Xəzər İnkişaf Fondunun, Gənclər və İdman İdarəsinin nümayəndələri, rayonun gəncləri iştirak ediblər.

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev çıxış edərək ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və Ulu Öndərin elə həmin gün imzaladığı Sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu. Bildirilib ki, Azərbaycanın gələcəyi olan gənclər Prezident İlham Əliyevin ətrafında sıx birləşməlidirlər.

Milli Məclisin deputatı Rauf Əliyev bayram münasibətilə gəncləri təbrik edib, onların dövlətimizin başçısı tərəfindən yaradılmış imkanlardan istifadə edərək yüksək bilik və bacarıqlara yiyələnmələrinin önəmini qeyd edib.

Digər çıxışçılar da Gənclər Günü ilə bağlı təbriklərini səsləndirib, gənclərin ölkəmizin təbliğində, milli mənəvi dəyərlərimizin qorunub saxlanmasında fəal iştirak etmələrinin zəruriliyini vurğulayıblar.

Tədbirin sonunda rayonun fəal gənclərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilənlərə vəsiqələr verilib.

Bayram tədbiri konsert proqramı ilə başa çatıb.

 


***

 


Yasamal rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub


Fevralın 1-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri, şagirdlər, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, siyasi partiyaların, ictimai təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzüblər.

Sonra rayon gənclərinin rəsm işlərindən ibarət sərgiyə baxış olub.

Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. O, hesabat məruzəsi ilə çıxış edərək rayonda bu sahədə görülən işlər barədə məlumat verib. Azərbaycan Gəncləri Günü münasibətilə idarə tərəfindən keçirilən tədbirlərin rayon gənclərinin böyük marağına səbəb olduğu diqqətə çatdırılıb.

Bakı Dövlət Universitetinin tələbəsi Nigar İbrahimova, Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Bakı 3 saylı “ASAN xidmət” mərkəzinin əməkdaşı Türkan Hacıyeva çıxışlarında ölkə gənclərinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.

Milli Məclisin deputatı Elşad Həsənov gənclər sahəsinin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, gənclər siyasəti haqqında qanun layihəsinin hazırlandığını və martda Milli Məclisin müzakirəsinə çıxarılacağını bildirib. Deputat Azərbaycanda gənclərlə bağlı mühüm layihələrin, dövlət proqramlarının icra edilməsinin onlara göstərilən yüksək diqqət və qayğının göstəricisi kimi dəyərləndirib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bu gün Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini deyib. Bildirib ki, bu gün qarlı-şaxtalı havada səngərlərdə Vətənimizin keşiyini çəkən, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan R.Abbasov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını qeyd edib. Bu gün Azərbaycanın sürətli inkişafını, əldə etdiyi uğurları gözü götürməyən qüvvələrin olduğunu bildirən Baş İdarənin rəisi deyib ki, bunun üçün gənclərimiz fəallıqlarını daha da artırmalıdırlar.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov əlamətdar gün münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdıraraq bugünkü gənclərin müstəqil Azərbaycan Respublikasında dünyaya gəldikləri üçün xoşbəxt olduqlarını xüsusi vurğulayıb. Qeyd edib ki, bizdən əvvəlki nəsillər, ata-babalarımız əsrlər boyu müstəqillik arzusu ilə yaşasalar da, bu xoş günü görmək onlara qismət olmayıb. T.Əhmədov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilk addımlardan birinin məhz ölkə gəncləri ilə bağlı olduğunu diqqətə çatdırıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, ulu öndər Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində gənclərə yüksək diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin bu diqqət və qayğını uğurla davam etdirməsi nəticəsində gənclərimiz dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, yüksək ixtisaslı mütəxəssislər kimi yetişərək ölkəmizin inkişafında mühüm rol oynayırlar.

Sonra ölkəmizin, o cümlədən rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən, habelə bir sıra müsabiqələrin qalibləri olan bir qrup gənc Yasamal rayon gənclər və idman idarəsinin fəxri fərmanları və xatirə hədiyyələri ilə təltif ediliblər.

 


***

 

 

Suraxanı rayonunda Azərbaycan Gəncləri Günü qeyd olunub


“2 fevral Gənclər günü” ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Suraxanı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri, şagirdlər, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər, ictimai təşkilatların və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə Suraxanı rayon İH-nın başçısı İlqar Abbasov, Baş İdarənin rəisi Raqif Abbasov ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan sonra rayonun ictimai siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc, şahinlər hərbi idman oyunu üzrə Bakı şəhər və respublika birinciliyində rayonu uğurla təmsil etmiş şahinlər komandası fəxri fərmanlar və xatirə hədiyyələri ilə təltif edildilər.

Tədbir Suraxanı Gənclər evinin bədii rəqs kollektivlərinin konsert proqramı ilə başa çatmışdır.

 


***

 


Binəqədi rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü” qeyd edildi


“Elite” əyləncə və istirahət mərkəzində “2 Fevral – Azərbaycan Gəncləri günü” münasibətilə əyləncəli tədbir və Formula 1 – Avropa Qran Prisinin keçirilməsi münasibətilə “Kartinq” üzrə Binəqədi rayon birinciliyi keçirilmişdir.

Əvvəlcə “Kartinq” üzrə Binəqədi rayon birinciliyinin ilk dövrəsi keçirildi. Qeyd edək ki, birincilikdə hər birində 5 nəfər olmaqla 5 komanda – “Qala”, “Gənclik”, “Formula 1”, “Qələbə”, “Atəşgah” – mübarizə aparmışdır.

Tədbirin rəsmi hissəsində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, millət vəkili Azay Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, rayonun mədəni-kütləvi tədbirlərində və ictimai-siyasi həyatında fəallıq göstərən gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan aparıcı Elgün Hüseynov “2 Fevral-Azərbaycan Gəncləri günü” haqqında qısa məlumat verdi. Sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Mahmud Mahmudov ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirməsi üçün yaradılmış şəraitdən, gənclərə göstərilən diqqət və qayğıdan danışdı.

Sonra çıxış edən natiqlər, Azay Quliyev, Raqif Abbasov və Aygün Əliyeva ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin dünyada nümunə olduğunu xüsusi vurğuladılar. Bildirdilər ki, “2 Fevral-Azərbaycan Gəncləri günü” ümummilli lider Heydər Əliyevin gənclərə sevgisinin bariz göstəricisidir. Bu gün ölkəmizdə savadlı, vətənpərvər, eyni zamanda, yüksək intellektə sahib rəqabətə davamlı gənc nəsil formalaşır.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi rayonunda “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün qeyd edilməsi haqqında 2016-cı il 27 yanvar tarixli 16 nömrəli Sərəncamına uyğun olaraq rayonun mədəni-kütləvi tədbirlərində və ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə bir qrup gəncin Fəxri Fərmanla təltif olunması mərasimi ilə davam etdirildi.

Təltif olunma mərasimindən sonra iştirakçılar “Kartinq” üzrə Binəqədi rayon birinciliyinin final mərhələsini izlədilər. Finalda “Qala” komandası I yeri, “Gənclik” komandası II yeri, “Formula 1” komandası III yeri tutdu.

Qaliblərə medallar və kubok təqdim olundu.

Daha sonra tədbir mədəniyyət müəssisələri və rayonun istedadlı gənclərinin hazırladıqları proqram, o cümlədən, incəsənət ustalarının çıxışları və diskoteka ilə davam etdirildi.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !