ADU-nun professoru Əsgər Zeynalovun növbəti kitabları ABŞ-da çap olunub -

ADU-nun professoru Əsgər Zeynalovun növbəti kitabları ABŞ-da çap olunub

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Əsgər Zeynalovun “Hüqo” və “İrəvan ziyalıları” kitabları Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatının Fraleigh şəhərinin “Lulu” nəşriyyatında işıq üzü görüb. Hər iki kitabın Azərbaycan dilindən ingilis dilinə tərcüməçisi ADU-nun dosenti Fialə Abdullayevadır.
“Hüqo” kitabının redaktoru ADU-nun doktorantı Səbinə Zeynalova, rəyçiləri filologiya elmləri doktoru, professor Qorxmaz Quliyev və filologiya elmləri namizədi Vazeh Əsgərovdur.
Kitabın əvvəlində müəllif haqqında yığcam məlumat verilib, onun 30-a qədər kitabın, 350-dən artıq elmi-publisistik məqalənin müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olduğu diqqətə çatdırılır. Əsərdən bəlli olur ki, istər respublikamızda, istərsə də Fransada fransız ədibinin mütəxəssisi kimi yaxşı tanınan azərbaycanlı alimin “Hüqo” monoqrafiyası əvvəlcə Bakıda Azərbaycan dilində çap olunub və 2014-cü ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim edilib, 2015-ci ildə isə Fransada çapdan çıxıb.
7 hissədən ibarət “Hüqo” monoqrafiyasının I fəslində fransız alim və ziyalılarının professor Əsgər Zeynalov haqqındakı yazıları yer alıb. Əsərin sonunda bu məhsuldar alimin fransız ədəbiyyatına aid 13 kitabının və 93 məqaləsinin siyahısı verilib. Bu, filologiya elmləri doktoru, professor Əsgər Zeynalovun fransız ədəbiyyatı üzrə görkəmli mütəxəssis olduğunu əyani surətdə göstərir.
Ədəbiyyatşünas alim Əsgər Zeynalovun ABŞ-da nəşr olunmuş ikinci kitabı “İrəvan ziyalıları” əsəridir. Kitabın redaktoru professor Əfqan Abdullayev və ADU-nun doktorantı Səbinə Zeynalova, rəyçiləri mərhum akademik Budaq Budaqov və professor Teymur Əhmədovdur. Əsər Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSRİ-dən tarixi-etnik torpaqlarından deportasiyası” 1997-ci il 18 dekabr, 1998-ci il martın 16-da “Azərbaycanlıların soyqırımı” haqqındakı sərəncamları və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz hamımız yaxşı bilirik ki, indiki Ermənistan dövləti azərbaycanlıların tarixi torpaqları üzərində yaradılmışdır. İrəvan xanlığı, Zəngəzur mahalı və digər regionlar bizim tarixi torpaqlarımızdır” sözləri ilə açılır.
Onu da xatırlamaq yerinə düşər ki, Ə.Zeynalovun ən çox yayılmış əsəri olan “İrəvan ziyalıları” kitabı əvvəlcə Bakıda Azərbaycan, rus, ingilis dillərində nəşr olunduqdan sonra Sankt-Peterburq və Moskva şəhərlərində işıq üzü görüb. Buna görə də əsərin əvvəlində həmin kitablara ön söz yazmış dünya şöhrətli rus alimləri Boris Anatoliyeviç Starkov və Rudolf Nikolayeviç İvanovun məqalələrinin öz əksini tapması təsadüfi olmayıb.
Bu əsərdən bəhs edən professor B.A.Strakov yazır ki, Ə.Zeynalov kitabın hər səhifəsində İrəvanın qədim Azərbaycan şəhəri olduğunu göstərir.
Ə.Zeynalovun Amerika Birləşmiş Ştatlarının Şimali Korolina ştatının Fraleigh şəhərinin “Lulu” nəşriyyatında işıq üzü görmüş “İrəvan ziyalıları” kitabını Azərbaycan ədəbiyyatşünaslığının nailiyyəti hesab etmək olar. Xatırlatmaq lazımdır ki, bu, azərbaycanlı alimin xaricdə nəşr olunmuş beşinci kitabıdır.


 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !