Məzahir Süleymanzadə: - Tanınmış jurnalist Məzahir Süleymanzadə öldü və...dirildi...Təfərrüatı az sonra!"

Məzahir Süleymanzadə: Tanınmış jurnalist Məzahir Süleymanzadə öldü və...dirildi...Təfərrüatı az sonra!"

...Pensiya kartımı çıxarıb bankomata yaxınlaşdım. Hələ pul köçürülməmişdi...Qəflətən başım hərləndi, gözlərim qaraldı... İstədim yanımdakı ağacdan yapışım, əlim boşa çıxdı. Yerə yıxıldım və... öldüm...
Adamlar saymazyana mənə baxıb keçirdilər. Dediklərini aydın eşidirdim...
--Aaz, ona bax, gör necə gəbərib...
--Canı çıxaydı, az içəydi, onun saçına - saqqalına sərxoşluq yaraşır?..
--Vallah, içən adama oxşamır, gəl, gedib baxaq...
--Yox aaz, mən meyiddən qorxuram...İçməsəydi, bir adam yaxın durardı. Görmürsən, hamı elə baxıb keçir...
--Onda gəl, polisə xəbər verək...
--Odeyy, polis də kənarda dayanıb baxır...
--Onda gəl, 103 -ə zəng eləyək, yazıqdır, bəlkə heç ölməyib, telefonunu bəri ver görüm...
--Papa canı, bir vızıvlıq konturum qalıb, verə bilmərəm...Aha...deyəsən, polis ona yaxınlaşır, gəl, gedək baxaq...
Bir bığlı, yekəqarın polis giziri mənə yaxınlaşdı. Bir o üzümə, bir bu üzümə vurub yanağımı şappıldatdı. Əlini çibimə salıb mobil telefonumu, pensiya kartımı və bir manat qırx qəpik pulumu götürüb başıma toplaşan adamlara səsləndi:- Dağılışın, bu çoxdan ölüb, mən də uçastkaya dəyib, gəlirəm...
Polis telefonumu oynada - oynada getdi...Adamlar isə dağılışmadı, daha da çoxaldı. Bir cavan qız izdihamdan ayrılıb mənə tərəf gəldi: "Mən həkiməm, qoy bir nəbzini yoxlayım" deyib biləyimdən tutdu. Onun əllərinin hərarətini hiss edirdim, ömrümdə belə gözəl qız əlimdən yapışmamışdı...Nəbzimi yoxlayıb ayağa qalxdı, başını buladı: "Vallah, bir şey başa düşmədim, ölüyə də oxşayır, diriyə də..."
Adamlar isə danışırdılar:
-- O polis bunun telefonunu aparmasaydı, oradakı nömrələrdən birinə zəng eləyərdik. Yəqin tanıyan olardı...
-- Üz - gözündən nur yağır, xeyirxah adama oxşayır...Yəqin ürəyi tutub...
-- Dayan, dayan, mən bu kişini tanıyıram, özü də şairdi, bizim həyətdə kirayədə yaşayır...Tez qaçıb ailəsinə xəbər verim...
...Küçənin o başında üzərində "103" yazılmış təcili yardım maşını göründü. Amma yanımızdan vıyıltıyla ötüb keçdi. Bir cavan oğlan qışqırdı ki, burda ölən var...Həkim də cavab verdi ki, polisə xəbər verin, biz başqa vızıva gedirik, icra hakimiyyəti başçısının qaynanası xəstələnib...
Birdən, vay- şüvən qopdu...Bizimkilər idi...Ağlayan kim, saçını yolan kim...Bilmədim, öz günlərinə ağlayirdılar, yoxsa mənim günümə...Nəvəm də onlara qoşulmuşdu, məni qucaqlayıb ağlayırdı...Onun göz yaşlarına, "Nə olar, ölmə, ay baba, bəs mənə kim oyuncaq alacaq?!." fəryadına dözə bilmədim. Qalxıb üst - başımı çırpdım, nəvəmin əlindən tutub kirayə qaldığım evə yollandım...
...Televizor yana - yana qalmışdı, yarıçılpaq aparıcının səsi otağı bürümüşdü: "Şok! Şok! Şok! Tanınmış jurnalist Məzahir Süleymanzadə öldü və...dirildi...Təfərrüatı az sonra!" 

 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !