Məzahir Süleymanzadə: - Zənbilim boş olsa da, ürəyim dolu idi...

Məzahir Süleymanzadə: Zənbilim boş olsa da, ürəyim dolu idi...

Pensiyamı alandan alana yolumu bazardan salıram. Dövlətimiz sağ olsun, mənə o qədər pensiya verir ki, nə alacağımı bilmirəm. Bazarı gəzib - dolaşıram, satıcılara baxıram, satışa çıxarılan məhsulların qiyməti ilə maraqlanıram. Nə qədər pulum olduğunu bilirəm, amma yenə onları çıxarıb beşliyin, təkliyin üzünə baxıb gülümsünürəm, yenidən cibimə qoyuram. Öz - özümə danışıram:- Bəlkə, bu gün heç nə almayım, sabah işıqpulunun, qazpulunun, supulunun gələn vaxtıdır. İki - üç günlük qəndimiz, çayımız var. Meyvə? Nəvəmə bir nağıl danışaram, göydən üç alma düşər, birini verər babasına...Hər vəziyyətdən çıxış yolu var, bir az səbrli olmaq lazımdır. Heç bilmirəm bu bazara niyə gəldim, axı, arvad məni aptekə göndərmişdi...Aha, o kimdi orda, arvad dedim, gözümə bir arvad sataşdı. Gedim görüm, o yaşlı nənə zibil qalaqlarının arasında nə axtarır?..
...Diqqətlə baxıram... Ehtiyatsızlıqdan sınmış, əzik - üzük olmuş yumurtaları elə qutuqarışıq zibilliyə atıblar. Qoca qadın əlindəki torbadan bir kasa çıxarır, taxta qaşıqla sınmış yumurtanın ağını, sarısını sıyırıb kasaya tökür...Sevinir, deyəsən, bir qayğanaqlıq yumurta toplaya bilib...Öz - özünə düşünür: bu yumurtaya ikicə dənə pomidor vura bilsəydim...Qadın ümidlə pomidorsatana yaxınlaşır:
-- Ay oğul, pomidor neçəyədir?
-- Üç manat əlli qəpik. Zirə pomidorudur, sənə üç manatdan verərəm. Neçə kilo çəkim?
Nənə bu qiyməti eşidib, diksinir. Birdən gözü satıcının yanındakı köhnə yeşiyə sataşır. Əzik - üzük, kiflənmiş pomidorlar bu yeşiyə atılır. Əli ilə yeşiyi göstərib soruşur:
-- Ay oğul, nənə qurban, bəs o kiflənmiş pomidor neçəyədir?
-- O da üç manat!
-- Nə danışırsan, ay bala, axşam onu aparıb zibilliyə atacaqsan, bax, cəmi bir manatım var, gəl onu verim sənə, yararsız pomidorları yığıb aparım.
-- Yox, nənə, olmaz...Bazarda görsələr ki, bir manata pomidor satmışam, dərimi boğazımdan çıxararlar. Qiyməti öldürmək olmaz. Axşam malın sahibi gələcək. Mən ona sübut eləyə bilmərəm ki, pomidor əzilmişdi, məcbur olub bir manata satdım. Gəlib onu öz gözləri ilə görəcək, sonra aparıb zibil qutusuna atacaq...
...Nənəyə yaxınlaşdım. Satıcıya göz eyləyib dedim:
-- Bu malın sahibi mənəm. Niyə mübahisə edirsiniz?
-- Mübahisə etmirik, ay oğul, deyirəm o çürümüş, əzilmiş pomidorları sat mənə, bu da iki ayağını bir başmağa qoyub razılaşmır, deyir, itə ataram, xalqa satmaram...
... Pomidorun yaxşısından bir kilo çəkdirib nənəyə verdim. Pulunu da gizlicə satıcıya ötürdüm. Nənə kasıb olsa da, qürurlu idi, pomidoru götürmək istəmirdi. Ona yalan söyləməli oldum:
-- Mən alverçi deyiləm, bu pomidorlar da öz həyətimin məhsuludur, Allah rizası üçün sizə pay verirəm.
Yaşlı qadın ağ köynəyimə, qırmızı qalstukuma baxıb gülümsündü. "Allah səndən razı olsun" deyib uzaqlaşdı. Mən də evə qayıtdım. Zənbilim boş olsa da, ürəyim dolu idi... 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !