Microsoft Azərbaycandakı tərəfdaşlarına yeni cihazlarını təqdim edib -

“Microsoft” Azərbaycandakı tərəfdaşlarına yeni cihazlarını təqdim edib

Microsoft Azerbaijan” Korporasiyası Bakıda təşkil etdiyi “Device Day” tədbiri çərçivəsində “Windows 10” əməliyyat sistemi üzərində işləyən yeni cihazların təqdimatını keçirib.

“Microsoft Azerbaijan”ın tərəfdaş şirkətləri biznes mühitində yüksək tələbat qazanacaq planşet, noutbuk və “ikisi birində” olan cihazları nümayiş etdiriblər. Bundan başqa, tədbir iştirakçılarına “Windows 10” əməliyyat sistemi üzərində işləyən müxtəlif cihazlar haqda məlumat əldə etmək, sərgini ziyarət edib “Windows 10” ilə işləyən yeni model cihazları şəxsən sınamaq imkanı yaradılıb.

«”Microsoft”un Azərbaycanda tərəfdaş şəbəkəsi pozitiv şəkildə inkişaf edir və tərəfdaşların fəallıq səviyyəsi baxımından yüksək potensial mövcuddur. Bu gün bizim tərəfdaşlıq şəbəkəmiz 100-dən çox şirkəti əhatə edir. Ümid edirəm ki, 2016-cı ildə tərəfdaşlarımızın sayı artmaqda davam edəcək. Tərəfdaşlıq ölkəmizdə kiçik və orta biznesin inkişafı üçün əlverişli imkanlar yaradır və məhz bu, cari ildə “Microsoft” Korporasiyasının Azərbaycan bazarında prioritet istiqamətlərindən biri olacaq. Bunula yanaşı, biz dövlət və kommersiya təşkilatları ilə əməkdaşlığımızı gücləndirəcəyik və ölkədə innovativ iqtisadiyyatın inkişafına öz töhfəmizi verməkdə davam edəcəyik», - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov bildirib.

“Bu gün HP şirkəti “Microsoft” Korporasiyasının ən iri tərəfdaşlarından biridir. Uzunmüddətli müvəffəqiyyətli tərəfdaşlıq bizə biznesin inkişafı üzrə fəal mövqenin hazırlanmasına, həmçinin vətəndaş, dövlət və özəl təşkilatlar üçün zəruri məhsul və xidmətləri daha effektiv şəkildə təqdim etmək imkanını yaradıb”, - deyə HP şirkətinin fərdi sistemlərin distribusiyası üzrə meneceri Aleksandr Heybətov qeyd edib.

Tədbirin tərəfdaşları qapalı sessiyanı ziyarət edə bilib ki, sözügedən sessiyada “Microsoft” və “Hewlett-Packard” şirkətlərinin spikerləri beynəlxalq araşdırma, satışın əsas aspektləri haqda məlumatlar paylaşmaqla yanaşı, şirkət istifadəçiləri üçün cihazların məlum və yeni üstünlüklərini və İT mütəxəssislərinə yaratdığı yeni imkanlarını nümayiş etdiriblər. Eyni zamanda, tədbirdə saxta məhsullar ilə mübarizə, pirat ƏS istifadəsinin mümkün riskləri, bazarın imkanları, “Windows 10”un icmalı və bu ƏS ilə işləyən cihazların imkanları və satış ssenariləri müzakirə olunub.

«”Bestcomp Group” şirkəti “Microsoft” Korporasiyasının Azərbaycanda əsas tərəfdaşlarından biridir. Biz “Microsoft”la həm lisenziyalı həllərin satışı, həm də İT xidmətlərin tam spektri – həllin seçimi üzrə tövsiyələrin verilməsi və pilot şəklində tətbiqindən sistemin istifadəyə verilməsi və texniki dəstəyin göstərilməsinədək əməkdaşlıq edirik. Bizim məqsədimiz “Microsoft” texnologiyalarından istifadə edərkən maksimal nəticə əldə etməkdir, ona görə də hər müştərinin məsələsini həll edərkən sənaye xüsusiyyətlərini, şirkətin miqyasını və biznesın özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq individual və qənaətbəxş həll tapırıq», - deyə “Bestcomp Group” şirkətinin “Microsoft” məhsulları üzrə meneceri Elçin Məmmədov bildirib.

Qeyd edək ki, “Device Day” çərçivəsində “Hewlett-Packard”, “Intel”, “Lenovo”, “Asus”, “Irbis”, “Acer”, “Prestigio” və bu kimi aparıcı kompüter texnikası istehsalçıları “Microsoft”un yeni əməliyyat sistemi – “Windows 10” ilə işləyən və Azərbaycan istifadəçilərinə artıq əlçatan olan yeni cihazları təqdim ediblər.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !