Məzahir Süleymanzadə : - Kül sənin kişi başına!..

Məzahir Süleymanzadə : Kül sənin kişi başına!..

Maşından düşdülər...Meşənin içində qədim memarlıq üslubunda ucaldılmış malikanənin ətrafına çəkilmiş dörd metrlik hasarın dəmir darvazası taybatay açıldı. Həyətə girən kimi, xüsusi uniformalı qulluqçular onları əhatəyə aldılar. Peysəri parıldayan, qarnı özündən iki metrə irəli çıxan məmur, qarşısında ikiqat əyilmiş, əmrə müntəzir dayanmış cavanları başdan - ayağa süzdü, sonra üzünü onların başçısına tərəf çevirib qonağını göstərdi:
-- Xanımı otağına aparın...
-- İyirmi dörd yataq otağının hamısı hazırdır. Hansına aparaq?
-- Bilmirəm, özündən soruşun. Hansını bəyənsə...Yox, otaqları gəzdirib xanımı yormayın. Tanıdınız da, o, xalq artistidir. Üçüncü mərtəbədə aksesuarları qızıl suyuna çəkilmiş vanna otağı var ha, bax, ora aparın. Xanım yuyunub qurulanınca, yatağının üzərinə qızıl gül ləçəkləri səpin. Mən də gəlmişkən, tövləyə baş çəkim. O beş yüz min dollara yəhər gətizdirmişdim ha, onu da Qıratın belinə bağlayın. Mənim çəkmələrimi, yapıncımı da hazırlayın...
Uniformalı gənclərin başçısı məmura yaxınlaşıb pıçıltı ilə soruşdu:
-- Müəllim, misri qılıncını da gətirimmi?
-- Yox, lazım deyil, bığımı təzə qırxdırmışam. Heç bığsız Koroğlu olar?..
...Çəkmələrini geyindi, yapıncısını çiyninə atdı, bir ata, bir yekə qarnına baxdı, gördü ki, yəhərə özü çıxa bilməyəcək, cavanlara göz elədi...Bir göz qırpımında onu qaldırıb yəhərə əyləşdirdilər, üzəngini də verdilər əlinə...Çap ki, çapasan...Dörd metr hündürlüyündəki hasar boyu dörd dövrə vurdu. Azarını öldürüb atdan düşdü. Cibindən iki paçka dollar çıxarıb gənc uniformalıların başçısına tərəf atdı:
-- Al, biri sənin, birini də bu uşaqlar arasında bölərsən...
...Xalq artisti çoxdan onu gözləyirdi. Məmurun gəldiyini görüb üzərindəki zərli, şəffaf örtüyü də yerə atdı...Məmur ona yaxınlaşıb yavaşca əlini çiyninə qoydu:
-- Bilirsən, istəyirəm bir kişilik eləyəm...
-- Elə də...Bəs mən nəyə görə soyunmuşam?..
-- O kişilikdən danışmıram...Onsuz da neçə ildir odu söndürüb közü ilə oynayram..."Viaqra" - zad da kömək eləmir...Mən başqa cür kişilikdən, əsl kişilikdən danışıram...
-- İqtidarın qalmayıbsa...
-- Ay qız, iqtidarla işin olmasın, eşidən - bilən olar, evimi yıxarlar... Görmürsən, o boyda nazirin başına nə oyun gətirdilər. Özünü işdən çıxarmaları bir yana, nazirliyini də ləğv elədilər ki, birdən yenidən gəlib oturar kreslosunda...
--Yaxşı, bəs sən hansı kişilikdən danışırsan?
-- Ölkədə vəziyyət gərgindir, camaatın güzəranı pisləşib. Neft ucuzlaşıb, bir sıra layihələr təxirə salınb. Bir azdan pensiyaların, maaşların verilməsində də çətinlik yaranacaq. Mən hesablamışam, təqribən beş milyard dollar pulum var. Ömrüm boyu vəzifədə olmuşam. Heç nə əkməmişəm, heç nə biçməmişəm. Yığdığım pulların hamısı dövlət vəsaitidir. Deyirəm, bəlkə aparım o beş milyardı keçirim dövlət büdcəsinə, cənab prezidentdən də xahiş eləyim ki, mənə bir balaca vəzifə versin, maaşla dolanım...
Xalq artisti bir özünün açıq sinəsinə, bir məmurun qızarmış, pörtmüş sifətinə baxıb ayağa qalxdı:
-- Bunun kişiliyinə bax...Kül sənin kişi başına!.. 

 

 

 

Məzahir Süleymanzadə, tanınmış publisist-jurnalist

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !