Məzahir Süleymanzadə: - YANVAR DÜŞÜNCƏLƏRİ

Məzahir Süleymanzadə: YANVAR DÜŞÜNCƏLƏRİ

Nəhayət, "Azərbaycan" jurnalının 2016-cı ildə ilk nömrəsi oxuculara təqdim olundu. Sevinirəm ki, nüfuzlu jurnalın bu nömrəsi mənim "Yanvar düşüncələri" adlı publisistik qeydlərimlə açılır. "Azərbaycan" jurnalının redaksiya heyətinə təşəkkürümü bildirir, həmin yazını oxuculara təqdim edirəm:


YANVAR DÜŞÜNCƏLƏRİ


1990 – cı ilin 20 yanvarınadək sovet ordusu Almatıda, Tbilisidə, Vilnüsdə də dinc əhaliyə qarşı silah işlətmişdi. Amma Bakı qırğını həm miqyasına, həm də onu həyata keçirənlərin vəhşilik dərəcəsinə görə misilsiz idi. Azərbaycan paytaxtının küçələri qan selinə dönmüşdü. Analarımızın, bacılarımızın ah – naləsi ərşə yüksəlmişdi.
Mitinqlər keçirildi, cinayət işi qaldırıldı, təhqiqat komissiyaları yaradıldı, qalaq – qalaq sənədlər Moskvaya göndərildi, Milli Məclisdə müzakirələr oldu, müxtəlif illərdə müxtəlif adamların adları çəkildi, amma bu boyda hadisəyə nüquqi qiymət verilmədi, bircə nəfər də olsun cinayət məsuliyyətinə cəlb olunmadı.
Hər il “Şəhidlər Xiyabanı”na getdik, qırmızı qərənfillərdən xalı toxumaq bacarığımızı bütün dünyaya göstərdik. Şairlərimiz şəhidlər haqqında şeirlər yazdılar, bəstəkarlarımız mahnılar bəstələdilər, mollalarımız şəhidlərimizin ruhuna dualar oxudular. Şəhid ailələrinə imtiyazlar verildi, bəzi şəhidlərin yaşadıqları binalara xatirə lövhələri vuruldu. “Şəhidlər Xiyabanı”nda möhtəşəm abidə ucaldıldı, abadlıq işləri görüldü. Beləcə, illər gəlib keçdi. Cinayət göz qabağında ola – ola məsuliyyətə cəlb etməyə bircə nəfər də olsun cinayətkar tapılmadı. Yalnız təbii fəlakətlər zamanı belə olur: tufan qopur, zəlzələ baş verir, sel gəlir, yüzlərlə insan fəlakətin qurbanına çevrilir, təbiəti isə cəzalandırmaq mümkün olmur. Bunun üçün heç bir dövlətin cinayət məcəlləsində müvafiq maddə yoxdur. Sanki Bakıda da, sadəcə, təbii fəlakət baş vermiş, göydən yerə yağış əvəzinə güllə yağmışdı. Nə əmr verən olmuşdu, nə də bu əmri misli görünməmiş vəhşiliklə yerinə yetirən. İllər ötdü, şəhidlərimizin qanı yerdə qaldı. Onların xatirəsini əbədiləşdirsək də, ruhunu sakitləşdirə bilmədik...
20 Yanvar qırğınını xalqımızın tarixindən silib atmaq mümkün olmayacaq. Mən Qara Yanvar hadisələrinin həm şahidiyəm, həm də şəhidi. Çünki, mənim “Səhər”imə də düşmən gülləsi dəyib. Mən yüzlərlə adamın gözü qarşısında güllələnmiş bir qəzetin baş redaktoruyam. Hər dəfə bu hadisələr yada düşəndə “Səhər”i də xatırlayacaqlar. Çünki “Səhər” 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış ən böyük söz abidəsidir. Nə vaxtsa bu fikri nəzmə də çəkmişəm:


“Səhər” mənim ikinci övladımdı,
Şərəfimdi, şöhrətimdi, adımdı.
Mən “Səhər”dən güc almışam,
Mən “Səhər”lə ucalmışam!..
“Səhər” şəhid qəzet, “Səhər” vüqarlı,
“Səhər” uca dağdı, zirvəsi qarlı...
“Səhər” anaların qanlı göz yaşı,
“Səhər” tarixlərin dəqiq yaddaşı,
20 Yanvarın səlnaməsidir!
“Səhər” şəhidlərin döyünən qəlbi,
Uca fəryadıdır, gələn səsidir!
Mən memar deyiləm, amma ki, “Səhər”,
Mənim ucaltdığım söz abidəsidir!

 

***


... Hava işıqlananda artıq atəş səsləri kəsilmişdi. Tanklar, zirehli maşınlar bizim küçəmizdən – Mətbuat prospektindən keçib Milli Məclis binasına tərəf gedirdilər. Eyvana çıxmaq təhlükəli idi, əli avtomatlı əskərlər hər an atəş aça bilərdilər. Ona görə havanın tam işıqlanmasını gözlədim. Bir qədər sonra radio şəbəkəsi ilə rus dilində Mixail Qorbaçovun yanvarın 19 – da imzaladığı fərman səsləndirildi. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq olunması haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı şəhər sakinlərinə tanklar, sovet əskərləri paytaxtımızın küçələrində qırğın törədəndən sonra çatdırıldı. Açığı, fövqəladə vəziyyətin, komendant saatının nə demək olduğunu da bilmirdik, sovet əskərinin öz xalqına güllə atdığına da inanmırdıq...
İctimai nəqliyyat işləmirdi. Hər yer nəzarətə götürülmüşdü. Küçələr tanklarla, zirehli maşınlarla dolu idi. Adamlar ora – bura qaçışırdılar, ara – sıra evlərin həyətlərindən atəş səsləri eşidilirdi. Rus əskərlərinə nifrət hissi Bakı sakinlərinin gözlərindən oxunurdu. Əskərlər bakılılarla ünsiyyətə girməsələr də ara – bir gülümsəyirdilər. Sonradan məlum oldu ki, gecə Bakıda nə baş verdiyindən heç bu əskərlərin özlərinin də xəbəri yoxdur. Qırğını Rostov və Stavropol vilayətlərindən gətirilmiş, aralarında xeyli erməni olan muzdlular törədiblər. Hərə bir söz danışırdı, şayiələr baş alıb gedirdi. Qəzetlər çıxmırdı, televiziyanın enerji bloku partladılmışdı. Bakıda nə baş verib? Bir jurnalist kimi bu suala cavab tapmaq, əsl həqiqəti ilk növbədə öz xalqımıza, sonra isə dünya ictimaiyyətinə çatdırmaq bizim üzərimizə düşürdü.
... Mətbuat prospektindən Bülbül prospektinədək yolu piyada necə qət elədim, heç özüm də bilmədim. İşə tələsirdim, qəlbimi qəribə bir hiss bürümüşdü. Özüm – özümü aldatmağa, ovundurmağa çalışırdım. Yox, gecə yüzlərlə adamın qanına qəltan edilməsi xəbəri, yəqin ki şayiədir. Bax, indi redaksiyaya gedəcəyəm, müxbirlərimizin hazırladıqları xəbərləri oxuyub mətbəəyə göndərəcəyəm. Tanklardı da, gəliblər, beş – on günə onları da şəhərdən yığışdırarlar, həyat öz axarına düşər. Mən hərbi müxbir olmuşam, əskərlərimizin mənəvi saflığından, öz xalqına məhəbbətindən yazmışam. Yox, onlar silahsız adamlara, dinc şəhər sakinlərinə atəş açmazlar...
“Nizami” kinoteatrının qarşısında məsul katibimiz Şakir Yaqubovla qarşılaşdım. Qucaqlaşdıq. Bir – neçə dəqiqə beləcə biri – birimizə sarılı qaldıq. Neç birimizin ağzından bir kəlmə də çıxmadı. Sonra yeraltı keçidlə “Kommunist” qəzetinin qarşısına çıxdıq. Qapının sağında və solunda iki əskər dayanmışdı. Silahlarını şakkıldadıb bizi içəri buraxmadılar. Dedilər ki, binada heç kəs yoxdur. Rəfail Nağıyev də gəldi. Əskərlərə başa saldı ki, biz “Kommunist” qəzetinin rəhbərləriyik, bura bizim iş yerimizdir. Nəhayət, içəri keçib üçüncü mərtəbəyə qalxdıq. Heç birimiz otağımıza getmədik, elə dəhlizdə dayandıq. Sonra Zülfüqar Rüfətoğlu gəldi. Daha sonra Araz Qurbanov, Əfqan, Tahir Aydınoğlu bizə qoşuldular. Flora Sadıqovanı görüb təəccübləndik, qadın olsa da özündə cəsarət tapıb redaksiyaya gəlmişdi. Vaqif Bəhmənli, Hidayət Elvüsal, Nazilə Abdullayeva, Pərinaz Səmədova, Bəxtiyar Sadıqov, Rafiq Hacıyev... “Kommunist” qəzetinin redaktoru Cəmil Əlibəyov aramızda yox idi və...redaksiya əməkdaşlarının fikrincə, heç olmamalı idi. Çünki, Kommunist Partiyasının törətdiyi bu cinayətdən sonra respublikamızda “Kommunist” adlı qəzet çıxa bilməzdi.” Bu qanlı qırğının, amansız faciənin səbəbkarı Əbdürrəhman Vəzirov və onun komandası olduğu üçün Cəmil Əlibəyovun da redaktor kimi bizim kollektivə dönüşünə bəraət yoxdur.” Yekdilliklə qəbul etdiyimiz qətnamədə elə belə də yazılmışdı. Qərara aldıq ki, biz “Səhər” qəzetini buraxmalıyıq. Elə oradaca iş bölgüsü aparıldı, jurnalistlərə, fotomüxbirlərə tapşırıqlar verildi. Üstəlik, mən Şakir Yaqubovla birgə Mərkəzi Komitəyə getməli, Cəmil Əlibəyovla görüşüb onun istefa ərizəsini almalı idim. Bu, bir gün sonra, yanvarın 21- də olacaqdı. Hələlik isə... Misli görünməmiş vəhşilik törədilmişdi, dünya ictimaiyyəti bundan xəbər tutmalı idi. Bəs nə etməli, necə etməli? Mənim və Rəfail Nağıyevin hökumət telefonumuz var idi. Ağlımıza gələn o oldu ki, başqa respublikalarda yaşayan dostlara, tanışlara, lap elə adını eşidib üzünü görmədiyimiz adamlara zəng vuraq, onlara Bakıda sovet ordusu tərəfindən dəhşətli cinayət törədildiyini bildirək. Trlefonçu qızlarımız sağ olsunlar, heç beş – on dəqiqə keçməmiş bizi Özbəkistanla, Gürcüstanla, Belorusiya ilə, Qazaxıstanla, Ukrayna ilə calaşdırdılar. Rəfail Nağıyev də, Şakir Yaqubov da, mən də qışqıra – qışqıra danışırdıq: “Xəbəriniz var, Bakıda qan su yerinə axır, sovet ordusunun əskərləri Mixail Qorbaçovun tapşırığı ilə yüzlərlə, minlərlə silahsız adamı qətlə yetiriblər!” Hər telefon danışığından sonra biri – birimizin üzünə baxır, sanki demək istəyirdik ki, gördün, qatil Qorbaçovun atasına necə od vurdum!
Azərbaycan Jurnalistlər İttifaqının sədri Hacı Hacıyevin iştirakı ilə yurnalistlərin dünya xalqlarına müraciətini hazırlayıb Zülfüqar Rüfətoğlu ilə xarici işlər naziri Hüseynağa Sadıqova göndərdik. Xəbər tutduq ki, Mərkəzi Komitənin qarşısında mitinq keçirilir. Müraciətin bir nüsxəsini də Tahir Aydınoğlu ilə mitinqə göndərdik ki, orada oxunsun. Mənə xarici ölkələrdən çoxlu zənglər olurdu. Dəhşətli xəbər müxtəlif vasitələrlə onlara çatmışdı, ancaq peşəkar idilər, ilk mənbədən informasiya almaq istəyirdilər. Onlar üçün rus dilində “Səhər” qəzetinin bəyanatı” nı hazırladım. Bəyanatda deyilirdi: “1990 – cı il yanvarın 19 – dan 20 – nə keçən gecə sovet ordusunun silahlı birləşmələri müxtəlif istiqamətlərdən Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum etmişlər. Yüzlərlə əliyalın, günahsız insan qətlə yetirilmişdir. Yaralıların sayı – hesabı yoxdur. Öldürülən dinc Bakı sakinləri arasında qocalar, qadınlar, uşaqlar var.
Bakıda fövqəladə vəziyyət elan olunub, küçələr tanklarla, zirehli avtomobillərlə, silahlı əskərlərlə doludur. Televiziya, radio işləmir, qəzetlər çıxmır, hələ qanı yuyulmamış küçələrdə ictimai nəqliyyat gözə dəymir. Sakinlər çaşqnlıq içindədirlər. Şəhərdə qorxunc şayiələr dolaşır. Adamlar Sov. İKP MK – nın Baş katibi Mixail Qorbaçovu, SSRİ müdafiə naziri Dmitri Yazovu, öz xalqını qoyub qaçmış Azərbaycan KP MK – nın birinci katibi Əbdürrəhman Vəzirovu bu misli görünməmiş cinayətin əsas günahkarları hesab edir, Kommunist Partiyasının bu əməlinə etiraz əlaməti olaraq tonqal qalayıb partiya biletlərini kütləvi surətdə yandırırlar.
Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif yollarla xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbər tutacaq, öz etiraz səsini ucaldacaqdır.”
Mən həmişə iftixar hissi keçirirəm ki, “Səhər” 20 Yanvar hadisələri zamanı xarici kütləvi informasiya vasitələri üçün ən etibarlı mənbə olub.

 

***


Yanvarın 21- də Şakir Yaqubovla Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə getdik. Binanın ətrafına çoxlu adam toplaşmışdı. Partiya biletlərindən tonqal qalamışdılar, adamlar Qorbaçova lənət oxuya – oxuya tonqala yaxınlaşır, qəzəblə partiya biletlərini alovun üstünə atırdılar. Mən də biletimi atdım. Amma qəflətən qəlbimdən qəribə hisslər keçdi, partiya bileti əvəzinə ürəyim od tutub yandı. Əlimi uzadıb alovlanmaq üzrə olan bir dəstə partiya bileti götürdüm, axtarıb onların arasından özümünkünü tapdım, qalanını yenidən alovun üstünə atdım. Bu hərəkətim camaatın etirazına səbəb oldu. Amma dedim ki, jurnalistəm, partiya biletini yandırmaqdansa, Mixail Qorbaçovun atasını yandıracağam. Yekəpər bir kişi qəzəblə boğazımdan yapışdı. Amma orada məni tanıyanlar da var idi. Yekəpəri kənara çəkib,- İşin olmasın,- dedilər.- O, həqiqətən “Səhər” qəzetinin redaktorudur...
Bir neçə gündən sonra tonqaldan götürdüyüm bu partiya bileti məni bəlkə də ölümün pəncəsindən xilas edəcəkdi...
Mərkəzi Komitədə heç kəs yox idi. Şakir Yaqubovla mərtəbələri gəzib – dolaşıb MK katibi Rafiq Zeynalovu tapdıq. O da Cəmil Əlibəyovu çağırtdırdı. Redaktorumuz qərarımızdan təəccüblənsə də inad göstərmədi. Ərizəsini yazıb MK katibinə verdi...
Üstündən illər keçəndən sonra Şakir Yaqubov da, mən də etiraf elədik ki, o zaman görkəmli yazıçımız Cəmil Əlibəyovla bağlı verdiyimiz qərar ədalətli deyildi. Biz emosional stress vəziyyətində olduğumuza görə bu addımı atmışdıq. Yeri gəlmişkən, Cəmil Əlibəyovla bağlı başqa bir hadisədən söhbət açım. Bu xatirə də elə 20 yanvar hadisələri ilə bağlıdır. Yanvarın 16 – da “Kommunist” qəzetində “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı dərc olunmuşdu. Həmin gün xalq şairi Bəxtiyar Vahabzadə redaksiyaya gəlmişdi. Onu otağıma dəvət edib hal - əhval tutmaq istədim. Amma çox əsəbi idi: “Hanı o Cəmil? Tez məni onun yanına apar!” Redaktorumuz Cəmil Əlibəyov redaksiyada yox idi. Bəxtiyar Vahabzadə isə təkidlə onu tapmağı tələb edirdi: “Gör Cəmil hardadırsa, tez gəlib məni o əclafın yanına aparsın! Yoxsa ürəyim partlayacaq!” Məlum oldu ki, “əclaf” deyəndə Bəxtiyar müəllim Vəzirovu nəzərdə tutur. Bir qədər sonra Cəmil Əlibəyov da gəlib çıxdı. Onların arasında çox sərt bir söhbət oldu. Cəmil müəllim Bəxtiyar Vahabzadəni sakitləşdirə bilmirdi. Nəhayət, onu maşına əyləşdirib Rəhmanın (C. Əlibəyov Vəzirova belə deyirdi) yanına apardı. Sonradan eşitdik ki, Bəxtiyar Vahabzadə Vəzirovun da otağında əsəblərini cilovlaya bilməyib, Moskvanın qərarına görə birinci katibə sərt təpki göstərib. Böyük şair xalqımız üçün təhlükənin yaxınlıqda olduğunu hiss edirdi...

 

***


20 Yanvar qırğını qəflətən, özü – özünə baş vermədi. Bunun çox ciddi səbəbləri var. Hadisədən illər keçsə də tarixçilər, siyasətçilər, şahidlər müxtəlif iddialar irəli sürürlər. Əslində bu misli görünməmiş cinayət barədə ilk cəsarətli fikri Ümummilli liderimiz Heydər Əliyev söyləyib. Biz 1990 – cı il yanvarın 21 – də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Heydər Əliyevin verdiyi bəyanatı tərcümə edib şəhərdə yaymışdıq. “Səhər”in 1995 – ci ildə nəşr etdirdiyi “Qətiyyətin təntənəsi” kitabında bu barədə ətraflı məlumat var. Heydər Əliyev 20 Yanvar qırğınını “milli faciə” adlandırmış, cinayətkarların ciddi cəzalandırılmasını tələb etmişdir. Bütün dünyada tanınmış siyasətçinin fikirləri beynəlxalq aləmdə də geniş əks – səda doğurmuş, informasiya blokadasının yarılmasında böyük rol oynamışdır. Heydər Əliyevin qətiyyəti bizə də inam vermiş, cəsarətimizi artırmışdı.
...Əslində yanvarın 22 – də “Səhər”in materialları hazır idi. Amma qərara gəldik ki, qəzetin əsas materialı 20 Yanvarın günahsız qurbanlarının dəfnindən reportaj olmalıdır. Mən bu “günahsız qurbanlar” ifadəsini elə - belə işlətmədim. O zaman düşmən gülləsinə tuş gələnlərə ekstremist də deyirdilər, saqqallı da, yaraqlı da... “Şəhid” ifadəsini də ilk dəfə “Səhər” qəzeti işlətdi.
Şəhidlərin dəfnindən reportajlar hazırlayan yaradıcı qrupa Vaqif Bəhmənli rəhbərlik edirdi. Redaktorluq vəzifəsini mən yerinə yetirirdim. Texniki işlərlə, qəzetin tərtibatı ilə Şakir Yaqubov məşğul idi. Ən çətin iş – “Səhər”in çapına hərbi senzorun razılığını almaq məsuliyyəti Rəfail Nağıyevin üzərinə düşmüşdü. O, general – mayor Aleksandrov ilə gərgin danışıqlar aparmalı idi.
On bir nəfərin qələmindən çıxmış “Vətən bu gün ağı deyir...” reportajını həyəcansız oxumaq mümkün deyildi. Bir – neçə dəfə qələmi yerə qoyub göz yaşımı sildim. Cavan oğlanların, qadınların, uşaqların tanınmaz hala salınmış şəkillərinə baxanda isə özümü ələ ala bilmədim, hönkürtüm bütün redaksiyanı bürüdü. Nazilənin ürəyi dözmədi, yerə yıxıldı. Pəri də ona qoşuldu. Flora Sadıqova isə telefonla neçə gündür məndən nigaran qalan anamı ovundururdu...
Sabah “Səhər”i əlinə götürəcək hər bir oxucunun aqibəti belə olacaqdı...


***


Yuxusuz gecələrdən, min bir əzab - əziyyətdən, hərbi senzorla gərgin danışıqlardan sonra məlum oldu ki, “Səhər”in “Azərbaycan” nəşriyyatında çap olunma ehtimalı sıfıra bərabərdi. Mətbəə fəhlələri tətilə qoşulublar və işə çıxmaq fikrində deyillər. Linotipçi yox, metranpaj yox, çapçı yox... Dost – tanışın evinə adam göndərdik, ərkimiz çatanlara zəng vurduq. Gəlmədilər... Qəzet buraxmağın, xalqımızı informasiya ilə təmin etməyin vacibliyini izah etməyə çalışdıq. Xeyri olmadı...Kimsə bildirdi ki, Tətil Komitəsinə rəhbərlik edənlərdən biri də həmkarımız Nəcəf Nəcəfovdur. O gəlib bizə desə, “Səhər”i çap edərik. Ancaq fövqəladə vəziyyət şəraitində onun bura gəlməsi mümkün deyil, çünki o, Xalq Cəbhəsinin fəallarından biri kimi axtarışdadır, hərbçilər Nəcəfi görən kimi həbs edəcəklər.
Yenə dadımıza Rəfail Nağıyev çatdı. General – mayor Aleksandrovla danışıb onun xidməti maşınını Əhmədliyə - Nəcəf Nəcəfovun dalınca göndərdi. Özünə də dedi ki, soruşsalar, de ki, “Səhər” qəzetinin şöbə müdürüyəm. Nəcəf peşəkar jurnalist idi, materiallara baxan kimi, heyrətini gizlədə bilmədi. Fəhlələri çağırtdırıb müvafiq tapşırıq verdi. Yalnız bundan sonra “Səhər”in istehsal prosesi başlandı. Hətta axşam türk dünyasının böyük şairi Oljes Süleymenov da Aydın Məmmədovla birgə mətbəəyə gəlib bizimlə görüşdü, məsləhətlər verdi.
Bakının səhəri yenə “Səhər”lə açıldı. Unudulmaz Xəlil Rza Ulutürk belə bir şeir də yazmışdı: “Çıxdı “Səhər” qəzeti, səhər boyandı qana...” Bilmirdik ağlayaq, yoxsa sevinək. Günortaya yaxın iki milyon tirajla çap olunmuş “Səhər”in nüsxələri iri bağlamalar şəklində yük maşınlarına yükləndi. O vaxt qəzet paylamaq qəzet buraxmaqdan da çətin idi. Bu işi könüllü gənclər öz üzərinə götürmüşdü. “Səhər” dolu yük maşınları “Fəxri Xiyaban”a tərəf istiqamət götürdü. Bir azdan hamının əlində “Səhər” var idi...
... Otağımın pəncərəsi o vaxtkı Kirov, indiki Bülbül prospektinə açılırdı. Oradan baxanda gördüm ki, bizim redaksiya ilə üzbəüz parça mağazasının qarşısına çoxlu adam toplaşıb.Sən demə, bizdən qəzet götürən gənclər “Səhər”in səhifələrini mağazanın vitrininə yapışdırıblarmış. Küçədən keçənlər şəhidlərin şəkillərinə baxıb fəryad qoparıblar. Əskərlərlə əhali arasında mübahisə düşmüşdü. Özümü yetirib gördüm ki, “Səhər”i vitrinə yapışdıranları tutublar. Əskərlər deyirdilər ki, onlar qanunsuz vərəqələr yaymaqda təqsirli bilinirlər. Mən vəsiqəmi təqdim edib dedim ki, bu, qanunsuz vərəqə yox, qanuni qəzetdir. Əskərləri inandırmaq üçün komendant V. Dubinyakın qəzetdə rusça dərc olunmuş əmrini də göstərdim. Deyəsən, inandılar, gəncləri buraxdılar, ancaq əhalinin dağılışmasını tələb etdilər. Adamlar isə “Səhər”in yapışdırıldığı vitrinə baxmağa can atırdılar. Birdən küçədə zirehli maşın dayandı, xeyli zirehli əskər yerə tökülüşüb izdihamı mühasirəyə aldı. Qəfildən atəş açıldı, mağazanın vitrini çilik – çilik, “Səhər” qəzetinin səhifələri isə deşik – deşik oldu. Külək qəzetin səhifələrini yaxınlıqdakı yeraltı keçidə tərəf apardı, adamlar da qıy – qışqırıq salıb dağılışdılar.
Mən sevimli qəzetim “Səhər”in güllələnməsini öz gözlərimlə gördüm. “Səhər” şəhid olmuşdu...


***


“Səhər”in növbəti nömrəsində 20 Yanvar şəhidlərinin və qanlı şənbə günü yaralananların siyahısını dərc eləmişdik. Siyahıda 137 şəhidin, minə yaxın yaralının adı var idi. Çox çətinliklə hazırladığımız siyahını hərbi senzorun etimadını qazanaraq, lap dəqiq desək, onu aldadaraq qəzet səhifəsinə çıxarmışdıq. Ürəyimə dammışdı ki, bunu mənə bağışlamayacaqlar.
Mətbəədən evə gec gəlsəm də, yorğun olsam da gözümə yuxu getmədi. Tez – tez dönüb divardakı saata və mışıl – mışıl yatan beş yaşlı oğluma baxırdım. Qəflətən qapının zəngi çalındı. Yenə saata baxdım: doqquzun yarısı idi. Durub qapını açdım. İki əli silahlı əskər və bir mülkü geyimli adam idi. Əskərlərdən biri soruşdu:- Məzahir Süleymanzadə sizsiniz? Başımla işarə elədim ki, bəli, mənəm. Dedilər beş dəqiqə vaxtın var, hazırlaş, bizimlə gedəcəksən. Mülkü geyimli adam hələ mənə canıyananlıq da elədi: - Məzahir müəllim, əynini bir az qalın elə, bəlkə evə gec qayıtdın...
Ürəyimdə dedim ki, hə, bəlkə də heç qayitmadım...Ömür – gün yoldaşımı oyatmadım. Oğlumun üzündən öpüb evdən çıxdım. Amma ayaqlarım getmirdi, qəlbimi qorxu hissi bürümüşdü. Birdən nəyisə xatırlayıb geri döndüm, sənədləri saxladıgımız qovluqdan bir – neçə gün əvvəl tonqala atdığım partiya biletimi götürüb yenidən oğlumu öpdüm. Aşağıda məni hərbi maşın gözləyirdi. Maşının qapısını açdım, başımı qaldırıb bir daha dördüncü mərtəbəyə, öz eyvanımıza baxdım. Üstümə su töküldü. Yoldaşım idi, arxamca su atırdı...
Maşında heç birimiz danışmadıq. Mənzil başına da tez çatdıq. Bir də gördüm ki, Azərbaycan Televiziyasının həyətindəyik. General – leytenant Ovçinnikov burada otururdu. Məni onun yanına apardılar. Bu generalı birinci dəfəydi görürdüm. Stolunun üstündə “Səhər” qəzetinin son iki nömrəsi var idi. Məni başdan ayağa süzüb yavaşca soruşdu:
-Niyə təxribatla məşğul olursunuz? Bax, ötən nömrədə yazmısınız ki, rus əskərləri gecələr Bakı mağazalarının şüşələrini sındırıb oğurluq edirlər. Bu gün də bu boyda siyahı vermisiniz. Ruslara qarşı nifrət oyatmaqda məqsədiniz nədir? Hərbi senzordan soruşuram, deyir mənim xəbərim yoxdur. Odur ki, sizə hərbi komendantın əmri ilə 30 sutkalıq həbs cəzası verilib. Bir azdan bu cəzanı çəkmək üçün Ulyanovsk həbsxanasına göndəriləcəksiniz.
Heyrətdən donub qalmışdım. Anamı, oğlumu gözümün önünə gətirdim. Qorxu hissi məni bürümüşdü. Heç özüm də bilmədən partiya biletini çıxarıb generalın stolunun üstünə atdım: - Baxın, mən Azərbaycanda yeganə adamam ki, bu bileti ürəyimin başında gəzdirirəm. Mən “Kommunist” qəzetinin redaktoruyam! Siz məni həbs etdirə bilməzsiniz! Mən Qorbaçova yazacağam, sizdən şikayət edəcəyəm!
Ovçinnikov Mərkəzi Komitəyə zəng vurub kimisə çağırtdırdı. Çox keçmədi ki, Tofiq Rüstəmov otağa daxil oldu. General ondan soruşdu:- Bu cavan oğlan deyir ki, “Kommunist” qəzetinin redaktorudur. Siz onu tanıyırsınız?
-Bəli, tanıyıram, yoldaş general, mənim tələbəm olub.- Tofiq müəllim əl uzadıb mənimlə görüşdü. - “Kommunist” qəzetinin redaktou yox, redaktor müavinidir. Yəqin indi redaktoru əvəz elədiyinə görə belə deyir.
General partiya biletimi özümə qaytarıb kiməsə zəng elədi: - Məzahir Süleymanzadə ilə bağlı 30 sutkalıq həbs qərarını hələlik şərti hesab eləyin.
Unudulmaz Tofiq Rüstəmov “Kommunist” qəzetinin redaktoru olanda bu hadisəni tez – tez xatırlayırdıq...
...”Səhər” qırx gün şəhidlərimizə yas saxladı. Unudulmaz Məmməd Aslan “Ağla, qərənfil, ağla!” şeirini “Səhər” üçün yazmışdı. Əzizə Cəfərzadə ağılarını, bayatılarını “Səhər”ə göndərmişdi. Bəxtiyar Vahabzadə, Fikrət Sadıq, Musa Yaqub, Sücaət, Xalidə Hasilova, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Vaqif Bəhmənli...şəhid ruhunu “Səhər”də oxşamışdılar. “Səhər”i oxuyandan sonra cırıb atmırdılar, hörmətlə, ehtiramla yadigar saxlayırdılar...


***


2000- ci il yanvarın 19 – da Respublika sarayında ümumxalq hüzn mərasimi keçirilirdi. Ümummilli liderimiz Heydər Əliyev salona daxil olub öz yerində əyləşəndən sonra diktor elan elədi: “Qanlı yanvar günlərində öz sözü ilə xalqa sədaqətini sübut etmiş insanların ölkəmizdə xüsusi yeri, xüsusi hörməti vardır. Həmin günlərin təkrarolunmaz ab – havasını bərpa etmək üçün bu mərasimdə onlardan bir neçəsini dinləməyə ehtiyac vardır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, xalq şairi Bəxtiyar Vahabzadə çıxış etdikdən sonra tribunaya məni dəvət etdilər. “Səhər” qəzeti jurnalistlərinin 1990 – cı ilin Qanlı Yanvar hadisələri zamanı informasiya blokadasını necə yarmalarından danışdım. Gözüm salonda oturub diqqətlə mənə qulaq asan Heydər Əliyevdə idi. Deyəsən, çıxışımdan razı qalmışdı. Mərasimdən sonra Ümummilli liderimiz mənə yaxınlaşıb: - Siz o faciəli günlərdə əsl jurnalistika qəhrəmanlığı göstərmisiniz, çox sağ olun! – dedi. Bu sözlər mənim jurnalist əməyimə verilən ən böyük mükafat idi...


Məzahir SÜLEYMANZADƏ
"Azərbaycan" jurnalı, №1, 2016 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !