Şirin Xanım Kərimbəyli Şadiman: - ŞƏHİDLƏR XİYABANI

Şirin Xanım Kərimbəyli Şadiman: ŞƏHİDLƏR XİYABANI

ŞƏHİDLƏR XİYABANI

 

Əsarətinə üsyan dünyanın qəm adası,
Nakam olmuş canların şəhid ruhlar odası,
Zəncirləri qırılmış Vətənin qan-qadası,
Şəhidlər Xiyabanı!

 

Gözü yaşlı analar saçın yolur ah ilə,
Məmləkət üsyan edir qul olmuş sabah ilə,
Allah necə barışır bu suç, bu günah ilə?…
Şəhidlər Xiyabanı!

 

Xonçası qara geymiş igidin yas ocağı,
Cocuğu gözü yaşlı gəlinlərin qucağı,
Əli qanlı cəlladın min illik umacağı…
Şəhidlər Xiyabanı!

 

Diləkləri, amacı sinəsində boğulmuş,
Onsəkkizdən bu yana iki dəfə doğulmuş,
Öz halal torpağında, öz qanıyla yoğrulmuş,
Şəhidlər Xiyabanı!

 

Görməyib səyyarəmiz bu cürə sitəm, zülüm,
Lay-divar igidlərin sinəsi dilim-dilim,
İlahidən xəbərsiz yazılmış savaş, ölüm,
Şəhidlər Xiyabanı!

 

Gözüyaşlı körpələr ata yoluna baxar,
Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,
Selmi, sumu bədənlər hər gün qoynuna axar?
Şəhidlər Xiyabanı!

 

Sonu olacaq görən bu tökülən qanların?
Şəhidlik ünvanına yazılan cavanların,
Allah hesabın çəksin qoy sonsuz divanların!
Şəhidlər Xiyabanı!

 

İçimdə vulkan olan, ərzi tutan acısan,
Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,
Özünü danan xalqın tək mənlik əlacısan-
Şəhidlər Xiyabanı!

 

Anaların köksünə dağ basma, özü közdü,
Yetər, daha məmləkət qanlı işğala dözdü!
Millət qul ola-ola öz canından əl üzdü,
Şəhidlər Xiyabanı!

 

Qərənfili matəmə boyanmış bəy məzarı,
Ağlayır sinələrdə ürəklər zarı-zarı,
Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,
Şəhidlər Xiyabanı!

 

Nə vaxt sona yetəcək, ay Allah, bu müşküllər?
Lay-lay balam deməkdən qabar çalıbdı dillər…
Ağı deyir ağlayır bağçamızda da güllər…
Şəhidlər Xiyabanı!

 

Ey millətin istiqlal dünyasının günəşi,
Məzarlara sığınmış nakam ruhların nə’şi,
Min yerə parçalanmış zəncirlərin atəşi-
Şəhidlər xiyabanı!

 

Sən nəhirlər ağladan ölkənin qibləgahı,
Qocadan çocuğadək hər evin səcdəgahı,
Dikiləcək min illər fələyə ana ahı…
Şəhidlər xiyabanı!

 

Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,
Başdaşından dünyaya ömürlük ah yüksələr,
Məzar-məzar önündə tənim doğulub ölər-
Şəhidlər Xiyabanı!
Şəhidlər Xiyabanı!

 


4-5.06.1994

Şirin Xanım Kərimbəyli Şadiman
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !