20 Yanvar qırğının şəhidi və şahidi adı altında seminar keçirilib -

“20 Yanvar qırğının şəhidi və şahidi” adı altında seminar keçirilib

23 yanvar 2016-ci ildə “Gənclərin Elmi Araşdırmalarına Dəstək” (GEAD) İctimai Birliyində “20 Yanvar” hadisələrinin 26-cı ildönümü ilə əlaqədar olaraq “20 Yanvar qırğının şəhidi və şahidi” adı altında seminar keçirilib. Seminarın qonağı əməkdar mədəniyyət işçisi, ali media mükafatı laureatı Məzahir Süleymanzadə olub.
Seminarı giriş sözü ilə açan “GEAD” İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı seminar iştirakçılarını “20 Yanvar” və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi. Daha sonra M.Babaşlı 137 dinc sakinin amansızca qətlə yetirildiyi, 1000-ə yaxın insanın müxtəlif bədən xəsarəti aldığı “20 Yanvar” faciəsinə 1991-ci ildə ilk siyasi və hüquqi qiymət verən ümummilli lider Heydər Əliyevin olduğunu qeyd etdi. M.Babaşlı bu günün Azərbaycan xalqının yaddaşında qanlı izlər qoyduğu kimi, eyni zamanda şərəfli bir tarixin başlanğıcı olduğunu və müasir Azərbaycan dövlətinin təməlini təşkil etdiyini xüsusi vurğuladı.
Məzahir Süleymanzadə tədbir mövzusunun “20 Yanvar qırğının şəhidi və şahidi” adlandırılma səbəbindən danışdı. 1990-cı il 20 Yanvar qırğınından dərhal sonra informasiya blokadasını yararaq 2 milyon tirajla nəşr olunmuş “Səhər” qəzetinin güllə yağmuruna tutulduğunu, övladı şəhid düşən ata kimi onun da bu hadisə qarşısında böyük sarsıntı keçirdiyindən bəhs etdi. Daha sonra məruzəçi 20 Yanvar mövzusunda belə bir seminarın keçirilməsinin əhəmiyyətindən geniş söhbət açaraq “20 Yanvar” hadisəsinin matəm günü olaraq anılmasıyla yanaşı, bu tarixi hadisənin Azərbaycan milli azadlıq hərəkatının təməlini qoyduğunu, Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı olduğunu söylədi.
Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə təşəkkürünü bildirən “GEAD” İctimai Birliyinin sədri M.Babaşlı bu tarixi faciənin ildönümünün qeyd olunmasının, gənc nəslin milli-ictimai təfəkkürünün formalaşması və vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətini bir daha nəzərə çatdırdı.

 

 

 

Məzahir Süleymanov: " Ünsiyyətdə olduğun, söhbət etdiyin adam səni zənginləşdirmirsə, biliyini artırmırsa, həmin görüş tez bir zamanda unudulur, ona sərf etdiyin vaxt isə itirilmiş hesab olunur. "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyinin sədri, dosent Məmmədəli Babaşlı ilə söhbət məndə zəngin təəssürat yaratdı. Onun gördüyü işləri bəyəndim. Gənc alimləri, elmi araşdırmalara meyli olan tələbələri ətrafına toplayıb onlara yardım göstərməsi, istiqamət verməsi Məmmədəli müəllimin vətəndaşlıq mövqeyinin ifadəsidir. O, bu xeyirxah işi kiməsə xoş gəlmək üçün, hansısa məqsəd naminə yox, qəlbinin hökmü ilə, Azərbaycanımızın gələcəyi naminə görür. Uğurlar olsun!"

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !