Şirin Xanım Kərimbəyli Şadiman: - SOYULMAĞA ÖYRƏŞMİŞİK

Şirin Xanım Kərimbəyli Şadiman: SOYULMAĞA ÖYRƏŞMİŞİK

SOYULMAĞA ÖYRƏŞMİŞİK

 

Nə gərəkdir ahu-fəğan eyləmək,
Ağrımızı aləmlərə söyləmək,
Olanlara oldu deyib neyləmək?
Bizimki də belə gəlmiş, a millət
Soyulmağa öyrəşmişik, a millət.

 

Cibimiz boş, xoş güzəran ararıq,
Özümüzü qəm bağrına sararıq,
Bir-birini qürbətlərdə sorarıq,
Dərdimizlə birləşmişik, a millət.
Soyulmağa öyrəşmişik, a millət.

 

Neftimizin pulu axdı sel kimi,
Keçdi getdi yanımızdan yel kimi,
Diləyimiz ayaqlandı bel kimi,
Ah içində yerləşmişik, a millət.
Soyulmağa öyrəşmişik, a millət.

 

Divarımız, hasarımız bəzəndi,
Yollarımız neçə kərə düzəndi,
Aldadanın aldanana çox fəndi,
Özümüzü nə bilmişik, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

 

Biz paranı yuxularda görərik,
Borcla, xərclə müti ömür sürərik,
Borc dəftərlə süfrəmizi sərərik,
Zənn edirlər lap ölmüşük, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

 

Biz hələ də fil qulağın xoşlarıq,
Xəyallarla xor-xor yatıb huşlarıq,
Arx gəlməmiş çırmanmağa başlarıq,
Əzilmişik, döyülmüşük, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

 

Yenə bankda öldü, batdı pulumuz,
Özümüzə məlum yazıq halımız,
İtə atsan it yeməyən yalımız,
Gözümüzdən qan silmişik, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

 

Şadimanı qınayırsız qınayın,
Sözlərini sac üstündə sınayın,
Qəribliyə heç salmayın hay-hayın,
Kətan təki üzülmüşük, a millət,
Soyulmağa öyrəşmişik, a millət.
Soyulmağa öyrəşmişik, a millət.

 


15.03.2015
Şirin Xanım Kərimbəyli Şadiman
 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !