Minə Türksoy: - Siz şəhid oldunuz ki..........

Minə Türksoy: Siz şəhid oldunuz ki..........

Bu gün haqqında yazdıqca əllərim titrəyir,sözlər sanki boğazımda düyünlənir, qəhər məni boğur. Bu boyda faciənin ağrı acısını sözlərlə ifadə edə bilmirəm. Haqsızlıqları qələmə almağa nə gücüm qalıb, nə də bu faciənin böyüklüyünü dərk etdirməyə bir sözüm qalıb. Bu faciəni sözlərlə ifadə etməkdə də acizəm. Haqsızlıq deyilən bir burulğanın içində yarpaq kimi sovruluram . İlahi, bir xalqın başına bundan böyük faciə, bundan böyük vəhşililk gətirilə bilməz.Sözlər belə faciəni n qarşısında mənasız görünür.
O gecə - 1990 cı il yanvarın 19- dan 20-ə keçən gecə azğınlaşmış sovet ordusunun, erməni quldur dəstələri ilə birlikdə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi.Xalqın azadlıq səsini boğmağa yönəlmiş bu insan qırğını öz canını vətən yolunda qurban verənləri cənnətə ,Azərbaycanı isə müstəqilliyə qovuşdurdu. Bu müstəqillik bizə nə qədər baha başa gəldi, İlahi?
Bu virus toxumu xalqın arasına nifaq salmağa 1988-ci ildən başladı. Erməni daşnaqlarının genosidi xalqımızı öz ata-baba yurdlarından didərgin salmağa başladı. Qanımıza susamış düşmənə havadarlıq edən Rusiya da bu qətliamın başçılarından və törədilməsində yaxından iştirak edənlərdən idi.
Azərbaycan xalqı bu ağlasığmaz müharibəyə hazır deyildi.İllərlə qonşu kimi yaşadığı, bir tikə çörəyini belə əsirgəmədiyi bir millət onun faciəsində baş rolun iştirakçısı idi. Filmlərdə izləyirdik belə səhnələri . Amma başımıza gətirilən bu faciə bir millətin amansızlığa, haqsızlığa məruz qalmasının pik nöqtəsi idi.
O gecə yer göyə , göy yerə qarışdı. Səmanın üzərində şəhid ruhunun rəngləri al qana boyanmış xalqın faciəsini tarixə həkk etdi. Al qana boyanmış küçələr, anaların tük ürpədən səsləri bütün şəhəri lərzəyə gətirdi. Axı , heç kəsin ağlına gəlməzdi ki, qəlbi Vətən hissilə çırpınan,əli silahsız,özü günahsız atalar, analar, balalar özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin. Nə idi günahımız? On birinci Qızıl Orduya qoyduğumuz abidənin önündə Qızıl Ordu al qana boyadı balalarımızı.
O gecə tökülən günahsız qanların, o gecə tanklar altında didilmiş canların, o gecə həyatının hələ baharını yaşayan yerdə cansız qalan cavanların hesabını kim verəcək?Kimdir günahkar? Kimdir qatil? Kimdir günahsız qanların hesabını çiyinlərində daşımağa məhkum olunan.? Suallar çox ! Amma əvəzində veriləcək cavablar isə hələ də alınmayıb.Hələ də cəzalanmayan insan kütləsi var.
Bu dəhşətli qanlı hərbi əməliyyatı 70 il Rusiya imperiyasının əsarətindən qurtulmaq istəyən Azərbaycan xalqının azadlıq coşqusu idi. Azadlıq uğrunda nəyin bahasına olur olsun qurtulmaq , sabahı müstəqil azad Azərbaycan kimi açmaq istəyən xalq olaraq ayağa qalxmışdılar.Görünməmiş izdihamla Azadlıq Meydanında Vətən uğrunda canlarından belə keçməyə hazır olduqlarını bəyan edən əli yalın xalq başına gələcəklərdən xəbərsiz idi. Ordunun şəhərə hücumu zamanı günahsız insanların qətlə yetirilməsi , tanklar altında cəsədlərinin tanınmaz hala salınması bütün ictimaiyyətin nifrət və qəzəbinə səbəb oldu.
Yanvarın 20-də və 21-də təşkil olunan kütləvi mitinqlər, yanvarın 22-də böyük xalq ordusu ilə keçirilən dəfn mərasimi Rusiya ordusu tərəfindən elan olunan fövqəladə vəziyyətə qarşı açıq- açığa meydan oxumaq idi. Biz bir millət kimi yumruq kimi birləşmişdik o günlərdə.Hamı qocalı-cavanlı, kişili- qadınlı , kiçikli-böyüklü Şəhidlər Xiyabanında keçirilən dəfn mərasimində iştirak edirdi.Hər tərəfdə əlisilahlı qətliamçılar, xalqı sanki mühasirədə saxlayırdılar.Bütün sərt maneələrə baxmayaq xalq öz şəhidinin xatirəsinə layiqincə dəfn mərasiminin keçirilməsinə nail olmuşdular.
O gün bu gün xalq öz şəhidlərinin ruhunu hörmət və ehtiramla anır və yad edir.İllər ötüb keçir həyat davam edir amma xalq Vətən uğrunda canlarını əsirgəməyən bu insanları yad etməkdən usanmır.
Hər dəfə 20 Yanvar günü yaxınlaşanda düşünürəm görəsən biz bizim üçün canlarından , qanlarından keçən bu cansız bədənlərə layiq bir xalq ola bildikmi? Bəlkə də hə, bəlkədə yox!
Bəlkə biz onlar haqqında yazılar , məqalələr , əfsanələr yazacayıq. Bəlkə də sözlərimizdə zirvələrə qaldıracayıq.Onların ölümlərini əbədiləşdirəcəyik. Adi bir insanlardan qəhrəman yaradacayıq. Çünki bu yazıların qəhrəmanları nə qədər adi insanlar olsalar da, onların ölümləri qeyri-adi və ağlasızmazdır. Onların günahı nə idi? Vətəni sevmək, onun namusunu çəkmək ? Hansı qanunda, hansı məcəllədə Vətən uğrunda canından keçmək günah sayılmışdır ki? Niyə hələ də bu alınan canların, bu tökülən qanların cəzası verilməyib?
Yenə də hər il olduğu kimi hər kəs Şəhidlər Xiyabanına yollanacaq. Hər yerdə onlar haqqında yazılar yazılacaq , filmlər izlənəcək, yenə məktəblərdə kütləvi tədbirlər keçiriləcək onların anısına. Yalnızca bir gün onların xatirəsini yad edib yenə yollanacayıq evlərimizə, isti ocaqlarımıza. Ancaq soyuq torpaq altında uyuyan şəhidlərimiz buz kimi məzarlardan bizə söyləyə bilməyəcəklər ki , bizi niyə yalnız ildə bir dəfə yad edirsiniz? Desələr belə nə cavab verəcəyik ki? Başımızı aşağı salıb yaşaran gözlərimizi yerə dikib titrəyən əllərimizdə al qana boyanmış qərənfil və qurumuş dodaqlarımızın arasından güclə eşidiləcək səslə deyəcəyik siz bizim üçün şəhid oldunuz amma biz sizə layiq ola bilmədik.
Allah sizə rəhmət eləsin. Siz şəhid oldunuz ki......sözün bitdiyi yer!


Mİnə Türksoy

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !