Azərbaycan Dillər Universitetinin əməkdaşlarının 2015-ci ildə 1129 məqaləsi nəşr olunub -

Azərbaycan Dillər Universitetinin əməkdaşlarının 2015-ci ildə 1129 məqaləsi nəşr olunub

Ölkəmizin günü-gündən sürətlə inkişaf etməsi, güclənməsi, öz potensial imkanına görə regionun qüdrətli dövlətinə çevrilməsi bütün ölkə vətəndaşları kimi, Azərbaycan Dillər Universitetinin kollektivini də sevindirir və daha əzmlə çalışmağa ruhlandırır. Ölkəmizin ali məktəblərində həyata keçirilən elmi fəaliyyət mahiyyət etibarı ilə bütövlükdə Azərbaycan elminin mühüm tərkib hissəsinə çevrilməklə onun nailiyyətlərinin artırılmasına və beynəlxalq miqyasda tanınmasına xidmət edir. ADU-da görülən işlər, strukturların yenidən qurulması, müxtəlif departamentlərin yaradılması, kafedraların sayının minimuma-25-ə endirilməsi, əməkdaşların sosial vəziyyətinin durmadan yüksəldilməsi, universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi və s. kimi elmi islahatların düzgün və səmərəli aparılması məhz elmin inkişafının ümdə şərtlərindəndir.
Azərbaycan Dillər Universitetinin müxtəlif kafedralarda fəaliyyət göstərən əməkdaşlarının 2015-ci tədris ilində 1129 məqaləsi nəşr olunub. Həmçinin, əməkdaşların 142 məqaləsi xaricdə nəşr olunub ki, bunlardan 32 məqalə İMPAKT faktorlu nəşrlərdədir. Hesabat ilində universitetdə fəaliyyət göstərən kafedralar elmi işlər sahəsində onun elmi fəaliyyətinin ümumi göstəriciləri, üzvlərinin elmi konfranslarda və simpoziumlarda iştirakı, elmi və elmi-pedaqoji kadrların hazırlanması, Tələbə Elmi Cəmiyyəti üzrə onların fəaliyyəti, əməkdaşlarının plandan əlavə çap olunmuş tədqiqat işləri, yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələrindən əməli işdə istifadə olunması, digər elmi fəaliyyətlər: müzakirələr, rəylər, redaktələr, fikir və mülahizələr və s. istiqamətdə fəaliyyət göstəriblər.
2015-ci ildə ADU-da elmi-tədqiqat işləri əsasən Avropa dillərinin qrammatik quruluşunun tədqiqi, dil strukturu və kommunikativ funksiya, roman-german dilləri qruplarının və Azərbaycan dilinin fonetik və qrammatik quruluşunun müqayisəli-tipoloji təhlili, milli dil universitetlərində, xarici dil fakültələrində və orta məktəblərdə xarici dillərin öyrənilməsi prosesinin optimallaşdırılmasının psixoloji əsasları, tərcümənin nəzəri və praktik aspektləri, Azərbaycan ədəbiyyatının ingilis dili mənbələrində öyrənilməsi, müasir təlim-tərbiyənin aktual psixoloji problemləri, fonoloji sistemlərin müqayisəli-tipoloji təhlili, dil vahidlərinin semantikası və qrammatikasının tədqiqi, Azərbaycan dilinin leksik-qrammatik tədqiqi, təhsilin bakalavr və magistr dərəcələri üçün mühazirə mətnlərinin, proqram, dərs vəsaiti və dərsliklərin tərtibi, ingilis, fransız, alman, ispan, italyan, Koreya, yəhudi, İndoneziya və Azərbaycan dillərinin müxtəlif səviyyəsinin kontrastiv-komparativ tədqiqi, dili öyrədilən ölkənin siyasi quruluşu, tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, incəsənəti və s. öyrənilməsi istiqamətlərində aparılıb.
Azərbaycan Dillər Universitetində fəlsəfə və elmlər doktoru proqramı üzrə 2015-ci ildə universitetin müxtəlif kafedralarında fəaliyyət göstərən əməkdaşlardan 37 nəfər müxtəlif ixtisaslar üzrə, o cümlədən universitetdə fəaliyyət göstərən D.02.081 indeksli Dissertasiya Şurasında isə 16 iddiaçı müdafiə edib. Bütün bunlar universitetdə elmi səviyyənin durmadan artdığına bariz nümunədir.
ADU-da “Elmi xəbərlər”, “Dil və ədəbiyyat” və “Beynəlxalq münasibətlərin aktual problemləri» adlı üç jurnal fəaliyyət göstərir.
Əldə olunmuş nailiyyətlərlə kifayətlənməmək və işini günün tələbləri səviyyəsində qurmaq məqsədilə Elmi hissə fəaliyyətini davam etdirir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !