Rəşad BAXŞƏLİYEV: - Faciənin fotosalnaməsini yaradan sənətkar

Rəşad BAXŞƏLİYEV: Faciənin fotosalnaməsini yaradan sənətkar

Xalqımızın çoxəsrlik tarixində başına çox bəlalar gəlib, neçə-neçə müharibələr görüb, işğalçı hücumları ilə qarşılaşıb. Lakin heç zaman əyilməyib, sınmayıb. Vətən, torpaq qeyrəti onu ayağa qaldırıb, azadlıq və istiqlal savaşlarında şücaət, mərdlik, qəhrəmanlıq göstərib. XX əsrin sonuna yaxın yaşadığımız illərdə düçar olduğumuz faciələrin müsibəti isə bu gün də ürək ağrısı ilə xatırlanır.
1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə 1990-cı il yanvarın 20-də çatdı. Düz 26 il öncə, 1990-cı il yanvarın 20-də Azərbaycan torpağı göz yaşına bələndi. Məhz həmin gün yüzlərlə qəhrəman oğul və qızlarımız bu yolda şəhid olaraq, gələcək nəsillərə istiqlal bəxş etdilər. Bu faciə milli-azadlıq hərəkatına və demokratik proseslərə ağır zərbə vursa da, xalqımızın iradəsini sındıra bilmədi. Ölənlərimiz şəhid, bizsə şahid olduq. Bu tarixi yazmaq şəhidlərimizə, onu yaşatmağın məsuliyyəti isə şahidlərimizə qismət oldu. Elə buna görə də 19 yanvar gecəsi və 20 Yanvar günü tarix səhifələrinə, romanlara, şeirlərə, filmlərə, rəsmlərə, fotoşəkillərə və s. çevrildi.
Bu gün həmin qanlı yanvar hadisələrinin fotosalnaməsi xatırlananda ilk olaraq fotomüxbir Rasim Sadıxovun çəkdiyi fotoşəkillər göz önünə gəlir. Həmin dəhşətli gündə faciənin hər detalını fotoaparatı ilə şəkillərə çevirən Rasim Sadıxov da bir vətəndaş kimi həm öz millətinə, həm də peşəsinə sadiqliyini göstərmişdir. Öz həyatını təhlükəyə ataraq vətəndaşlıq məsuliyyətindən qaçmayan Rasim Sadıxovun çəkdiyi şəkillər 20 Yanvar faciəsini illər keçsə də, hər kəsin gözü önündə canlandırmağa imkan verir. 26 il öncə tarixi faciəni fotoaparatına köçürən Rasim Sadıxov o günləri belə xatırlayır:
- Bu faciəni görmək və yaşamaq nə qədər çətindirsə, həmin anda yaşananları olduğu kimi lentə köçürmək daha çətin idi. O zaman mən “Ədəbiyyat və incəsənət” qəzetində və “Azərbaycan qadını” jurnalında fotomüxbir işləyirdim. Azadlıq meydanında mitinqlərdən fotoreportajlar hazırlayırdım.
Yanvarın 19-da günorta saatlarında eşitdim ki, sovet qoşunu artıq Biləcəri qəsəbəsindədir. Dərhal fotoaparatı götürüb yollandım əraziyə və tankların Biləcəri enişində kalon şəklində düzüldüyünü gördüm. Xəlvət çəkiliş edib “Azərbaycan” nəşriyyatına qayıtdım. Təxminən saat 19:30-da Azərbaycan televiziyasının binası tərəfdən partlayış səsi gəldi. Sən demə, ilk olaraq Azərbaycan televiziyasının enerji bloku partladılıb. İşıqlar söndürüldü. Qaranlıqlı bir gün idi. Birdən pəncərədən gördüm ki, bir tank “İnşaatçılar” prospektindən üzüaşağı - “Azərbaycan” nəşriyyatı istiqamətinə hərəkət edir. Tez fotoaparatı götürüb düşdüm aşağı. Həyətə çıxanda artıq atəş səsləri eşidilirdi. Göz-gözü görmürdü və şəkil çəkmək qeyri-mümkün idi. Nə qədər çalışdım bir kadr belə alınmadı. Otağa qayıdıb səhərə qədər yatmadan gözlədim. Sumqayıtda yaşadığım üçün evə getmədim.
Hava açılırdı və təxminən 06:30-da fotoaparatı götürüb şəhərə çıxdım. Hər istiqamətdə insanların qırıldığının şahidi olduq. Hamı vahimədə idi. Neçə illərdi imperiya əsarətində dinc şəraitdə yaşadığımızdan bu cür fövqəladə hallar zamanı özümüzü necə aparmağı bilmirdik. Tamamən çarəsiz vəziyyətdə idik.
Hüseyn Cavid prospektində maşınların əzildiyini, binalara, ağaclara dəyən güllələrin izlərini gördüm. Ən gərgin yer olan Salyan kazarmasına gedib meyitlərlə rastlaşdım. Salyan kazarmasının ətrafı, Tbilisi prospekti, 20 Yanvar dairəsində təxminən 1500 şəkil çəkdim. O şəkillərin 300-ü rəngli foto idi.
İnformasiya blokadasında yaşayırdıq. Heç bir yerdən məlumat ala bilmirdik, nə də ölkəmizdə baş verənləri xaricə ötürmək imkanımız vardı. Bizə elə gəlirdi ki, heç kimin Azərbaycandakı hadisələrdən xəbəri yoxdur. Ona görə də çəkdiyim şəkillərin əksəriyyətini konvertlərə qoyub xarici ölkələrin səfirliklərinə təqdim edirdim ki, dövlətlərinə çatdırsınlar. Bəzi QHT-lər vasitəsi ilə də yayırdıq şəkilləri. Həmin vaxt ən yaxşı şəkillərimi payladım. Beləliklə, onları xaricə informasiya vasitələrinə gördərməyə nail olduq. Həmin fotoların üzərində adımı yazmırdım. Yalnız “S və R” hərflərini qeyd edirdim. Çünki bilirdim ki, əvvəl-axır məni həbs edəcəklər. 20 Yanvar haqqında buraxılan ilk kitabda mənim 18 şəklim yer almışdı. Amma adım çəkilmirdi. Zəng edib maraqlandım, dedilər ki, biz ancaq fotoları təqdim edən şəxslərin adlarını yazırıq.
Küçələrdəki dəhşətli görüntüləri çəkdikdən sonra dəfn mərasimlərindən də böyük fotoreportaj hazırladım. Hadisədən 3 gün keçdikdən sonra mən evlərə, xəstəxanalara baş çəkdim. Çünki evlərdə yüzlərlə yaralı insan vardı. Onlar xəstəxanaya getmək istəmirdilər. Qorxurdular ki, hərbçilər tərəfindən tutularlar. Bu səbəbdən də evdə müalicə alırdılar.
Yanvar ayının 26-da isə məni iş otağımda həbs etdilər. Bir rus zabiti 4 əsgərlə nəşriyyata daxil olub polisdən məni soruşur. Həmin vaxt nəşriyyatın mühafizəsini həyata keçirən İntiqam işin nə yerdə oldusunu bilib iz azdırmaq üçün mənim 9-cu mərtəbədə olduğumu deyir. Onlar 9-cu mərtəbəyə çıxana qədər İntiqam zəng etdi ki, qaç səni tutmağa gəlirlər. Dedim ki, yermi var qaçmağa? Amma İntiqama dedim ki, keç binanın arxa tərəfinə lentləri sənə atım gizlət. Lentləri İntiqama verib pəncərəni bağlayanda otağın qapısı çərçivəsi ilə birlikdə qırılaraq yerə düşdü. Təpiklə qırıb içəri daxil oldular. Sanki məni əsir götürürdülər. Aşağı düşəndə isə İntiqamı da həbs etdilər. Səbəbi isə mənim yerimi gizlətməyə çalışması idi. Ancaq biz aşağı düşənə qədər İntiqam lentləri gizlədə bilmişdi.
Rasim Sadıxovun 20 Yanvar faciəsi ilə bağlı fotomüxbir kimi fəaliyyəti sonda onun həbsi ilə nəticələnir. Özü də tək Rasimin yox, ona yardımçı olan polis əməkdaşının da.
- Ayın 27-də bizi Salyan kazarmasına apardılar. Orada xeyi insan vardı. Nə su, nə yemək verirdilər. Acından insanlar huşunu itirir, susuzluqdan yanırdılar. Yatmağa yer də yox idi. Ayaq üstə dayanırdıq. Həmin zaman komendant əmr verdi ki, qəzetçilərə toxunmayın, qoy, şəhərdəki “sakitliyi” həm görüb, həm də çəkib yaysınlar. Bir qrup jurnalistin komendanta müraciətindən sonra məni buraxdılar.
Bəli, bu gün bu tarix haqqında həm Rasim Sadıxovun özü, həm də çəkdiyi şəkillər danışır. Amma zaman ötdükcə gələcək nəsillərə 20 Yanvar faciəsini yalnız bu şəkillər, çəkilən filmlər, yazılan şeirlər danışacaq. Ona görə də bu şəkillərin hər biri canlı fotosalnamədir.
Bu fotolar həm də Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini, vətən uğrunda hər an canından keçməyə qadir olduğunu sübut edir. Tarixə çevrilən bu şəkillər faciəli günümüzün əksi olsa da, xalqımızın qəhrəmanlıq səhifəsidir. Bu qəhrəmanlıq səhifəsini qorumaq və yaşatmaq isə hər kəsin vətəndaşlıq borcudur...


Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan” 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !