ATMU-da Şəhidlik və Şərəf tariximizin 20 Yanvar zirvəsi mövzusuna həsr olunan tədbir keçirilib -

ATMU-da “Şəhidlik və Şərəf tariximizin 20 Yanvar zirvəsi” mövzusuna həsr olunan tədbir keçirilib

 19 yanvar 2016- il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Şəhidlik və Şərəf tariximizin 20 Yanvar zirvəsi” mövzusuna həsr olunan tədbir keçirilmişdir.

Tədbirdə ali təhsil ocağının rektoru professor Cəfər Cəfərov bu faktları diqqətə çatdırdı: dağılan ittifaqın rəhbərliyi yerli əlaltılarının köməyi ilə xalqa divan tutmaq üçün Azərbaycan Ali Sovetinin razılığı olmadan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Fövqəladə vəziyyətin yanvarın 20-də gecəyarıdan başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-də Türkan-Qala tərəfdən şəhərə yeridildi. Bakıya və respublikanın digər yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı ststistik məlumatlara görə 137 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülüb. 744 nəfər yaralanıb, 400 nəfərdən çox şəxs həbs olunub, 4 isə nəfər itkin düşüb. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşun hissələrinin Bakıya yeridilməsi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslavakiya, Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq respublikalarından biri oan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Hərbi müdaxilənin daha amansız olması üçün qoşun birləşmələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edilmişdi.

1990 cı il 19 yanvar tarixində Bakıya 60 minlik qoşun yeridilən zaman burada daxili qoşunların 12 minlik əsgəri və Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Nə yazıq ki, illərlə xilaskar Sovet ordusu kimi tanıdığımız hərbi struktur 15 müttəfiq respublikanın şəhərlərində-Novoçerkasda, Vilnüsdə,Tiflisdə, 90-cı ilin yanvarında isə Bakıda da terrordan çəkinmədi.

Yanvarın 21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda iştirak etdi. 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının dosenti Məhərrəm Zülfüqarlı 20 yanvar faciəsinin baş vermə səbəbləri,o cümlədən Sovet rəhbərliyi tərəfindən niyə yanvarın işğal üçün məqsədəuyğun ay kimi seçilməsi faktını detallı şərh etdi. 100 cildlik istintaq materiallarının 69 cildinin Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmadığını dedi.

ATMU-nun “Doktarantura və əlavə təhsil” şöbəsinin müdiri, dosent Nəsrulla Nəsirli Sovet ordusunun Azərbaycana qəsbkar işğalı zamanı Naxçıvan Muxtar Respublikasında baş verən qanlı döyüşlərdən, soydaşlarımızın torpaqlarımızın müdafiəsi uğrunda necə mərdliklə döyüşdüklərindən söz açdı.

Rektor professor Cəfər Cəfərov “Şəhidlik və Şərəf tariximizin 20 yanvar zirvəsi” mövzusunda keçirilən anım mərasiminin sonunda “nə yaxşı ki, vətənimizin istiqlalı və torpaq uğrunda canından keçən oğul və qızlarımız, dəyişən nəsillərə örnək olan vətənpərvərlik məktəbimiz var. Unutmayaq ki, tarix olub keçənlər deyil, ondan ibrət götürmək üçündür” - dedi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !